Əsas Səhifə > Güney Press > Günah nə SOCAR-dadır, nə Santuşda

Günah nə SOCAR-dadır, nə Santuşda


Dünən, 16:10
Günah nə SOCAR-dadır, nə Santuşda
Azərbaycan yığmasının İsveç komandası ilə qarşılaşmada 6:0-lıq məğlubiyyəti ətrafında ictimai müzakirə səngimir. Səsləndirilən tənqidlərdən biri də ölkə futbolunun SOCAR-ın nəzarətinə verilməsidir. Əksər rəylər bundan ibarətdir ki, AFFA-ya peşəkar, mütəxəssis olan şəxs rəhbərlik etməlidir. O da bildirilir ki, əcnəbi məşqçidənsə, yerli mütəxəssis millinin başına gətirilsə, daha yaxşı nəticə alınar.

Niyə SOCAR, niyə əcnəbi məşqçi? Futbol təsərrüfatı bu iki amildən qurtulsa, millimizin məğlubiyyəti azalar? Yaxın-uzaq ölkələrin futbol, yığma komanda təcrübəsindən bəhrələnmək olmaz?

Globalinfo.az-a danışan idman jurnalisti Kənan Məstəliyev deyib ki, Azərbaycan futbolunun problemi SOCAR, yaxud da əcnəbi məşqçi deyil:

“SOCAR sponsordur. Futbol böyük kütləni əhatə edir, bütün idman növləri arasında ən populyarıdır. Burada xərclər çoxdur, infrastruktur böyükdür. SOCAR-ın bu işə qol qoymasında qeyri-adi bir şey yoxdur. Onun kimi bir dəstəkçinin olması futbolumuz üçün müsbət məqamdır. Məsələ Rövşən Nəcəflinin yanına götürdüyü işçiləri, kadrları doğru seçməməsi, yaxud da sələfi Rövnəq Abdullayevin dövründə səhvlərlə yadda qalan kadrları tam dəyişdirməməsidir”.

Kənan Məstəliyevin sözlərinə görə, AFFA-da Azərbaycan futbolunun kökünə balta vurmuş heyət var idi:

“Bu heyətin müəyyən qismi hələ də qalmaqdadır. Rövşən Nəcəf adı mənfi yadda qalan, heç bir uğuru olmayan şəxsləri göndərmir, yeni kadrlar cəlb etmir. Bu onun səhvidir. Həmin köhnə kadrlardan soruşmaq lazımdır ki, Azərbaycan futbolunu niyə bu günə qoymusunuz? Futbolun bu gün belə olmasının səbəbi hazırkı rəhbərlik deyil. 6-7 aya futbolu mükəmməl vəziyyətə gətirmək mümkün olmayacaq.

Millimizin uğursuzluğunu yeni məşqçisi Fernandu Santuşdan qaynaqlandığını da düşünmürəm. Bir futbolçunun ayağı top tutmursa, öz qapımızdan topu uzaqlaşdıra bilmirsə, yaxud real qol epizodlarını qolla yekunlaşdırmırsa, burada məşqçinin heç bir günahı yoxdur. Santuş, yaxud hansısa yerli, xarici məşqçi gəlib kiminsə yerinə qapıya qol vurmayacaq. Boş qapıya zərbə vura bilməyən, üç metrdən çərçivəyə düşə bilməyən, topla davranmağı bacarmayan futbolçularımız var. Onlar da yığma komandadadırlar. Bu işin öhdəsindən gələ bilmirlər”.

Jurnalistin sözlərinə görə, bu, çox qlobal problemdir:

“Azərbaycan futbolunun ciddi çatışmazlıqları mövcuddur. Uşaq futbolu, infrastruktur, kadr problemləri və s. buraya daxildir. Yəni ümumiyyətlə, sadəcə SOCAR və Fernandu Santuşdan günahkar deyil.

Hər ölkənin təcrübəsi fərdidir. Ölkəyə uyğun olaraq strategiya və taktika təyin olunur. Əvvəllər bir neçə ölkənin – məsələn, Almaniyanın və s. proqramı ilə uyğunlaşmağa çalışmışıq. Lakin alınmayıb. Hansısa ölkənin təcrübəsini tam bəhrələnmək əvəzinə bir çox dövlətin futbol strategiyasının müsbət cəhətlərini öyrənib, Azərbaycan futboluna tətbiq etməyin daha yaxşı nəticələr verəcəyini düşünürəm”.
Geri qayıt