Əsas Səhifə > Güney Press > Maliki SEPAH-ın tezisləri üzrə çıxış edir
Maliki SEPAH-ın tezisləri üzrə çıxış edirDünən, 12:59 |
İran Prezidenti Məsud Pezeşkian COP29-da şəxsən iştirak etməli idi, lakin "sionist rejimin" rəsmisinin iştirakı səbəbindən sammitə gəlmədi. Bu iddia ilə İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Fədahüseyn Maliki çıxış edib. Onun iddiasına görə, Azərbaycan Tehran Konvensiyası əsasında Xəzər dənizinin mühafizəsi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib. Maliki ən mühüm maneənin İsraili enerji ilə təmin etmək məqsədilə Azərbaycanda Britaniya və İsrail şirkətlərinin olmasını göstərib. Bunun isə mehriban qonşuluq siyasəti və Tehran Konvensiyasının ruhuna zidd olduğunu deyib. İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Azərbaycana qarşı təhdidedici ifadələr səsləndirib: "Biz gözləyirik ki, Xarici İşlər Nazirliyi, Ətraf Mühit Agentliyi və Energetika Nazirliyi Azərbaycanın qanun pozuntuları ilə bağlı parlamentə geniş hesabat təqdim edəcək. Biz buna daha ciddi nəzarət edəcəyik”. Qeyd edək ki, İran prezidentinin COP29-un Liderlər Sammitində iştirak etməməsinin səbəbi kimi İsrail rəsmilərinin bu tədbirə qatılmasının göstərilməsi haqda iddialar həqiqəti əks etdirmir. Ona görə ki, İsrail Prezidentinin Ofisi İshaq Hersoqun Azərbaycana “COP29 tədbirlərinin ikinci həftəsində gedəcəyi haqda rəsmi açıqlama yaymışdı. Yəni İsrail nümayəndələrinin Liderlər Sammitində iştirak etməyəcəyi əvvəlcədən bəlli idi. Məsud Pezeşkianın isə Liderlər Sammitində iştirak edəcəyi rəsmən təsdiqlənmişdi. Ancaq Pezeşkian heç bir rəsmi açıqlama vermədən səfərini ləğv etdi. Başqa yandan, İran bu vaxta qədər COP konfranslarında heç vaxt yüksək səviyyədə iştirak etməyib, üzərinə heç bir öhdəlik götürməyib, iqlim dəyişikliyinə qarşı mübarizə məqsədilə vəsait xərcləməyib. Buna görə də, İran ekologiyaya ziyan vurmaq baxımından Azərbaycanı ittiham edə biləcək ən son ölkədir. Millət vəkili Sahib Alıyev "Sherg.az"a bildirib ki, İran parlamentinin üzvü Fədahüseyn Malikinin Xəzərin çirklənməsi haqda dedikləri cəfəngiyyatdır. Deputatın sözlərinə görə, bu açıqlama Malikinin qərəzliliyi ilə yanaşı, ekologiya barədə anlayışının olmamasını, SEPAH-ın tezisləri üzrə çıxış etməsini göstərir: "Xəzəryanı dövlətlər arasında dənizin ekologiyasına ən həssaslıqla yanaşan ölkə ilk növbədə Azərbaycandır. Tehran Konvensiyasına əməl etməyən rejim Tehrandadır. Bu rejimin ekologiya məsələlərində necə "həssas" olduğunu quruyan Urmiya gölündən yaxşı bilirik. Bunun qarşısını almağa çağıranların bir hissəsinin hələ də zindanlarda yatdıqlarından da xəbərdarıq. İran prezidentinin COP29-a qatılmaması sözügedən rejimin təkcə Azərbaycana yox, həm də ekologiyaya yanaşmasını ortaya qoyur. Maliki iddia edir ki, guya İsrail rəsmiləri COP29-da olduqlarına görə İran Prezidenti Bakıya gəlməyib. Maraqlıdır, bəs onda BMT-nin İsrail rəsmiləri də qatılan digər tədbirinə İran prezidenti niyə getmişdi?! Özü də həmin tədbir “böyük şeytan” adlandırdıqları ABŞ-də keçirilirdi. Maliki İran prezidentinin COP29-a gəlməmə səbəbinin Fransa, Niderland və Ermənistanla eyni olduğunu söyləsəydi, açıqlaması daha inandırıcı təsir bağışlayardı". Geri qayıt |