Əsas Səhifə > Güney Press, Partiya > "Gənc alimlərin inkişafı üçün xüsusi maliyyə dəstəyi ayrılmalıdır"
"Gənc alimlərin inkişafı üçün xüsusi maliyyə dəstəyi ayrılmalıdır"Dünən, 08:50 |
2025-ci ilin dövlət büdcəsində elmə 244 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Həmin məbləğ Elm və Təhsilin inkşafı və gənc alimlərin maliyyələşməsi üçün yetərli hesab edilə bilərmi? Mövzu ilə bağlı Sonxeber.az-a təhsil eksperti Kamran Əsədov danışıb. O, açıqlamasında qeyd edib ki, dünya ilə müqayisədə Azərbaycanda elm sahəsinə ayrılan vəsait kifayət qədər azdır: "2025-ci il üçün dövlət büdcəsində elmə 244 milyon manat vəsait ayrılması nəzərdə tutulması müəyyən mənada irəliləyiş sayılsa da, Azərbaycanın elmi potensialının tam inkişafı və gənc alimlərin maliyyələşdirilməsi üçün bu məbləğin yetərli olduğunu demək çətindir. Elm və təhsil sektorları hər bir ölkənin dayanıqlı inkişafının, rəqabət qabiliyyətinin və innovasiya potensialının əsas göstəriciləridir. Lakin ayrılan vəsaitlərin miqdarı və səmərəli şəkildə bölüşdürülməsi bu sahələrin inkişafında həlledici rol oynayır. Azərbaycanın elm sahəsinə ayrılan maliyyə vəsaiti, dünya təcrübəsi ilə müqayisədə, hələ də kifayət qədər aşağıdır. İnkişaf etmiş ölkələrdə, məsələn, ABŞ, Almaniya və Cənubi Koreyada elm və tədqiqatlara ÜDM-in 2-3%-i qədər vəsait ayrılır. Bu, həmin ölkələrdə elmi tədqiqatların yüksək səviyyəsini təmin edir və iqtisadiyyatlarının texnoloji cəhətdən inkişaf etməsinə təkan verir. Azərbaycan üçün bu göstərici çox daha aşağı səviyyədədir və bu, elmi nəticələrin keyfiyyətinə və beynəlxalq səviyyədə tanınmasına birbaşa təsir göstərir". Təhsil eksperti onu da qeyd etdi ki, gənc alimlər kifayət qədr maddi dəstək ala bilmir, bu səbəbdən də onlar üçün ayrıca maliyyə dəstəyi ayrılmalıdır: "Gənc alimlərin inkişafı üçün xüsusi maliyyə dəstəyi ayrılmalıdır. Gənc tədqiqatçılar yeni və innovativ ideyaların əsas mənbəyidir və onların fəaliyyətinin dəstəklənməsi ölkənin elmi gələcəyinin təminatıdır. Lakin hazırda gənc alimlərin çoxu kifayət qədər maddi dəstək ala bilmir və bu, onların elmi fəaliyyətlərini məhdudlaşdırır. Elmi layihələr üçün qrantların miqdarının artırılması, xüsusi təqaüd proqramlarının tətbiqi və gənc alimlərin beynəlxalq səviyyədə təcrübə qazanması üçün maliyyə resurslarının ayrılması bu problemin həllində mühüm rol oynaya bilər. Azərbaycan elminin ən böyük problemlərindən biri elmi infrastrukturun zəif inkişaf etmiş olmasıdır. Müasir laboratoriyaların, tədqiqat mərkəzlərinin çatışmazlığı, həmçinin elmi avadanlıqların köhnəlməsi tədqiqatların effektivliyini və nəticələrin keyfiyyətini əhəmiyyətli dərəcədə azaldır. 244 milyon manatlıq vəsait bu sahədə bəzi yeniliklərin tətbiqi üçün müəyyən irəliləyiş yaratsa da, bu rəqəm ölkə miqyasında tamamilə kifayət etmir. Laboratoriyaların modernləşdirilməsi və yeni texnoloji avadanlıqların alınması üçün daha böyük investisiyalara ehtiyac var. Nəticə etibarilə, 244 milyon manatlıq vəsait müəyyən bir irəliləyiş olsa da, Azərbaycanın elmi potensialını tam şəkildə inkişaf etdirmək və gənc alimlərin maliyyələşdirilməsi üçün yetərli deyil. Elm sahəsinə daha çox diqqət ayrılması, həm büdcənin artırılması, həm də resursların səmərəli idarə olunması vacibdir. Azərbaycan iqtisadiyyatının diversifikasiyası və texnoloji tərəqqisi üçün elmi fəaliyyətlərin gücləndirilməsi strateji əhəmiyyət kəsb edir. Bu məqsədlə hökumət, elm sahəsinin problemlərinə daha ciddi yanaşmalı, həm yerli, həm də beynəlxalq səviyyədə innovasiyaların tətbiqini təşviq etməlidir". Geri qayıt |