Əsas Səhifə > Güney Press > "Uşaqları meydançalarda vaxt keçirməyə təşviq etməliyik"

"Uşaqları meydançalarda vaxt keçirməyə təşviq etməliyik"


Bu gün, 12:20
"Uşaqları meydançalarda vaxt keçirməyə təşviq etməliyik"
“Ötən gün Azərbaycan milli komandası UEFA Millətlər Liqasında növbəti oyununa çıxaraq biabırçı bir nəticə ilə məğlub oldu. Qarşılaşma İsveçin 6:0 hesablı qələbəsi ilə başa çatdı. Keçirdiyi oyunlardan sonra cəmi 1 xal toplayan millimiz, təssüf ki, D divizionuna yollanır... Halbuki AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinin əzmi İsveçi 3-0 məğlub etmişdi. Hətta bu, İsveç mətbuatında geniş rezonansa səbəb olmuşdu. Amma dünənki oyun mənə Fransa-Azərbaycan futbol oyununun ardından mərhum ulu öndər Heydər Əliyevin o vaxtkı Azərbaycan millisinin baş məşqçisi olmuş Ağasəlim Mircavadova zəng edərək, "Ağasəlim, bəs qapıçı aparmamışdınız?" sualını xatırlatdı. Həqiqətən də, aradan uzun illər keçməsinə baxmayaraq, Azərbaycan futbolundakı dünənki mənzərə hər kəsi məyus etdi”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Müşfiq Cəfərov deyib.

Deputat bildirib ki, idman hər bir dövlətin, xalqın həyatında mühüm rol oynayır: “Düşünürəm ki, hər şeydən əvvəl problemin ən ibtidaisindən başlamalıyıq. Bizə transferlər yox, yetişdirilmiş futbolçular lazımdır. Uzun illərdir, bu barədə təkliflər səsləndirirəm, uşaq futbolunun inkişafının üzərində ciddi dayanılmasının zəruri olduğunu qeyd edirəm. Hazırda Bakı və Gəncə kimi böyük şəhərlərə nəzər salsaq, uşaqların rahat şəkildə futbol oynaya biləcəyi nə qədər az meydança olduğunu görərik. Elə deputatı olduğum Gəncə şəhəri barədə deyirəm ki, məhəllələrdəki meydançalar təmir olunub, uşaqların ixtiyarına verilməlidir, həmçinin məktəblərdə tədris olunan bədən tərbiyəsi dərs saatlarının səmərəliyi də vacibdir. İndiki dövrdə onsuz da yeni texnologiya uşaqları evə həbs edib. Bunun qarşısını alıb, uşaqları meydançalarda vaxt keçirməyə təşviq etməliyik. Bu işdə məktəbdən tutmuş ailələrə qədər heç kim öz əməyini əsirgəməməlidir. Dünənki kimi məğlubiyyətlərin qarşısını almaq üçün gecikmədən lazımi tədbirlər görülməlidir...”

Geri qayıt