Əsas Səhifə > Güney Press > Ermənistan və Türkiyə diplomatları görüşdü
Ermənistan və Türkiyə diplomatları görüşdüBu gün, 13:09 |
Ötən həftə Türkiyənin Ermənistanla sərhədində yerləşən Akya kəndində iki ölkənin xarici işlər nazirlərinin müavinləri arasında görüş keçirilib. TNS görüşlə bağlı siyasi elmlər doktoru Elşad Mirbəşir oğlunun fikirlərini öyrənib. Elşad Mirbəşir oğlu bildirib ki, Azərbaycan və Ermənistan arasındakı münasibətlərə paralel olaraq, Türkiyə-Ermənistan əlaqələrinin normallaşdırılması istiqamətində də bir sıra addımların atıldığı müşahidə olunmaqdadır. Onun sözlərinə görə, Türkiyə Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğal siyasətindən sonra bu ölkə ilə bütün əlaqələrini kəsmişdi: “Artıq Azərbaycan öz ərazilərini işğaldan azad edib və Türkiyə ilə Ermənistan arasında təmasların qurulması istiqamətində müvafiq müzakirələr həyata keçirilməkdədir. Ermənistan mediasında Türkiyə və Ermənistanın xarici işlər nazirlərinin müavinləri səviyyəsində görüşün keçirildiyi haqda məlumatlar yayılıb. Türkiyə ilə Ermənistan ilk olaraq, kommunikasiyaların açılması məsələsi ətrafında müzakirələr aparmaqdadır. Ermənistan mediasında gedən məlumatlara əsasən, Akyakada görüş zamanı Ermənistanın Gorus-Qars istiqamətində dəmir yolunun açılması müzakirə edilib”. Elşad Mirbəşir oğlu qeyd edib ki, Azərbaycan ədalətli şərtlər irəli sürərək, Ermənistanla sülh anlaşmasının imzalanmasının tərəfdarıdır: “Azərbaycan etibarlı sülh əldə etmək niyyətindədir və gələcəkdə heç bir halda Ermənistanın revanşizm imkanlarının qalmasına yol verməyəcək. Bu, bütövlükdə region üçün olduqca konstruktiv yanaşmadır. Hesab edirəm ki, Ermənistan da Cənubi Qafqaz regionunda yaranmış yeni geosiyasi reallıqları dərk edərək addım atmalıdır. Həm Azərbaycan, həm də Türkiyə Cənubi Qafqaz regionunda dayanıqlı sülhün olmasında maraqlıdır. Regionda uğurlu əməkdaşlığın, etibarlı sülh şəraitinin, təhlükəsizlik mühitinin formalaşması bütün bölgə dövlətlərinə fayda verəcək. Ermənistanla Türkiyə arasında kommunikasiyaların açılması Azərbaycanın konstruktiv yanaşması fonunda regionun rifahına müsbət mənada xidmət edəcək, münaqişə potensialını əhəmiyyətli dərəcədə məhdudlaşdıracaq. Bu, Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi prosesinə də müsbət təsir göstərə bilər. Qeyd edim ki, Akyaka görüşündən öncə Türkiyə Xarici İşlər Nazirliyi səviyyəsində müzakirələr baş tutub və əsas müzakirə predmeti yenə də kommunikasiyaların açılması məsələsi olub”. O vurğulayıb ki, proseslər bütövlükdə Cənubi Qafqazda Azərbaycanın iradəsi ilə yaranmış yeni geosiyasi reallıqlar və təhlükəsizlik mühiti fonunda cərəyan etməlidir: “Ermənistan konstruktiv mövqe nümayiş etdirəcəksə, bütün qonşular ilə münasibətdə düşmənçilik hisslərindən və ritorikasından əl çəkəcəksə, nəticə onlar üçün müsbət olacaq. Bildiyimiz kimi, Ermənistan hər zaman Türkiyə ilə münasibətdə də qondarma “soyqırımı” məsələsi üzərindən sistemli, siyasi, diplomatik hücumlar təşkil edirdi. Düşünürəm ki, Türkiyə tərəfi bu məsələni də əsas şərtlərdən biri kimi müəyyənləşdirəcək. Ermənilər iddia edirdilər ki, Türkiyə tərəfindən guya 1915-ci ildə ermənilərə qarşı soyqırımı aktı törədilib. Ermənistan bununla bağlı Türkiyəni hər zaman əsassız ittiham edir. Düşünürəm ki, Türkiyə əsas şərtlərdən biri kimi, Ermənistanın və onun havadarlarının saxta erməni soyqırımından əl çəkməsi müqabilində kommunikasiyaların açılması məsələsini müzakirə edib və praktiki addımlar ata bilər”. Geri qayıt |