Əsas Səhifə > Güney Press > "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi

"BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi


Bu gün, 13:58
"BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi
Məlum olduğu kimi BMT Baş Assambleyasının 3-cü Komitəsi Azərbaycanın irəli sürdüyü “İtkin düşmüş şəxslər” adlı qətnaməni yekdilliklə qəbul edib. 2002-ci ildə BMT Baş Assambleyasının 57-ci sessiyasında Azərbaycanın təşəbbüsü ilə ilk dəfə “İtkin düşmüş şəxslər” adlı qətnamə qəbul edilib və ənənəvi olaraq iki ildən bir qətnamə yenidən irəli sürülür. Azərbaycan tərəfindən ənənəvi olaraq irəli sürülən qətnamə silahlı münaqişə tərəfləri olan dövlətləri beynəlxalq humanitar hüquqa hörmət və riayət etməyə, silahlı münaqişələr şəraitində itkin düşmə hallarının qarşısının alınması və itkin düşmüş şəxslərin axtarışı ilə bağlı bütün lazımi tədbirləri həyata keçirməyə və onların taleyi barədə ailələrini məlumatlandırmağa çağırır. Bu kontekstdə, dövlətimiz tərəfindən hazırlanan qətnamədə dövlətləri silahlı münaqişələr şəraitində itkin düşmüş uşaqların məsələsinə xüsusi olaraq diqqət yetirməyə çağırır.
Milli Məclisin deputatı Müşfiq Cəfərov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, itkin düşmüş şəxslər məsələsi bir çox dövlətlərin qarşılaşdığı və bütün ölkələrin narahatlığını əks etdirən problemdir.

“Silahlı münaqişələrin baş verdiyi bütün ərazilərdə itkin düşmüş şəxslər olduğu üçün bu problem daim öz aktuallığını saxlamaqdadır. Ermənistan-Azərbaycan münaqişəsi dövründə respublikamızda beş min nəfərə yaxın itkin düşmüş vətəndaşımız qeydə alınıb. BMT-nin İnsan Hüquqları Komissiyasında qətnamənin yenidən qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyinin müəyyənləşdirilməsi və beynəlxalq təşkilatların problemin həllinə cəlb edilməsi istiqamətində mühüm amil olması gözlənilir.

Eyni zamanda, qətnamə, dövlətləri mövcud silahlı münaqişələr zamanı beynəlxalq humanitar hüquq normalarına ciddi riayət etməyə çağırır. Ermənistan silahlı qüvvələri tərəfindən “Hərbi əsirlərlə rəftara dair” və “Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair” 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyalarının və “Beynəlxalq silahlı münaqişə qurbanlarının müdafiəsinə dair” həmin Konvensiyalara 08 iyun 1977-ci il tarixli 1 №-li əlavə Protokolun müddəalarının kobud surətdə pozulması nəticəsində 3 min 968 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Onlardan 3 min 962 nəfəri Birinci Qarabağ müharibəsində, 6 nəfəri isə Vətən müharibəsində itkin düşüb. Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 872 nəfər, o cümlədən 29 uşaq, 98 qadın və 112 ahıl yaşlı şəxs, Azərbaycan torpaqlarına daxil olan erməni terrorçuları tərəfindən əsir-girov götürülüb” deyən deputat qeyd edib ki, Ermənistan tarix boyu bu şəxslərin saxlanılması faktını beynəlxalq təşkilatlardan gizlədərək onların sonrakı taleyi barədə məlumat verməkdən müxtəlif bəhanələrlə boyun qaçırır.

Müşfiq Cəfərov vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərdə aparılmış genişmiqyaslı tikinti-quruculuq işləri və həyata keçirilmiş digər təxirəsalınmaz tədbirlər nəticəsinə 259 şəxsə aid meyit qalıqları aşkar olunaraq ekshumasiya edilib. Ümumillikdə, bu günədək 613 şəxsə aid meyit qalıqları aşkar edilərək götürülüb.

Geri qayıt