Əsas Səhifə > Güney Press > Kəlbəcərin işğaldan azad olunması tarixi hadisədir

Kəlbəcərin işğaldan azad olunması tarixi hadisədir


Bu gün, 08:52
Kəlbəcərin işğaldan azad olunması tarixi hadisədir
2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və
Ermənistan baş nazirinin imzaladıqları birgə Bəyanatla 30 ilə yaxın davam
edən münaqişəyə son qoyuldu, düşmən sülhə məcbur edildi. Bəyanata
uyğun olaraq Ağdam, Kəlbəcər və Laçın rayonları siyasi yolla Azərbaycana
qaytarıldı.
Kəlbəcər Azərbaycanın böyük və strateji əhəmiyyət kəsb edən
rayonlarından biridir. Işğaldan əvvəl 3054 kv.km. ərazisi olan rayonda 1
şəhər, 1 qəsəbə, 145 kənd və 55 inzibati ərazi dairəsi mövcud idi. Kəlbəcər
rayonu 1993-cü il aprelin 2-də Ermənistan Silahlı Qüvvələri tərəfindən
işğal edilib. İşğal nəticəsində 511 dinc sakin öldürüldü, 321 nəfər əsir
götürüldü və itkin düşdü. Kəlbəcərin 60 min nəfər əhalisi respublikanın 56
rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur
oldular. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən
Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanıldı.
Nəhayət ki, 44 günlük İkinci Vətən müharibəsi Qələbəmizlə başa çatdı!
Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış
üçtərəfli bəyanata əsasən, 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu
Azərbaycana təhvil verildi. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147
yaşayış məntəqəsi hərbi əməliyyat keçirmədən işğaldan azad edildi.
Kəlbəcər işğaldan azad ediləndən sonra 2021-ci il avqustun 16-da və
2022-ci il iyunun 26-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı
Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım
Mehriban Əliyeva Kəlbəcər rayonunda səfərdə oldular.
Ölkə başçısının rəhbərliyi ilə işğaldan azad edilən bütün ərazilərdəki
kimi Kəlbəcər rayonunda da böyük quruculuq işləri aparılır. Bu işlər
nəticəsində Kəlbəcərin əvvəlki şöhrəti bu rayona qaytarılacaqdır. Bu gün
işğaldan azad olunmuş ərazilərdə fərqli təyinatlı infrastruktur layihələri
reallaşdırılır. 2021-ci ilin 16 avqust tarixində dövlətimizin başçısı və birinci
xanımın iştirakı ilə Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağda
inşa olunacaq tunelin təməli qoyulub. Bununla da Göygöl və Kəlbəcər
rayonlarını yeni yol birləşdirəcəkdir. Həmin gün 110/35/10 kilovoltluq
“Kəlbəcər” yarımstansiyasının açılışı və Kəlbəcər-Laçın avtomobil yolu
üzərində inşa olunacaq tunelin təməli qoyuldu. 2022-ci il iyunun 26-da baş
tutan səfər zamanı isə ölkə başçısının iştirakı ilə “Kəlbəcər-1” Kiçik Su
Elektrik Stansiyasının, Kəlbəcər rayonunda hərbi hissələrin açılışı, İşğal və
Zəfər muzeyləri kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin,
Kəlbəcərdə “İstisu” mineral su zavodunun və “İstisu” sanatoriyasının
təməlqoyma mərasimləri keçirilib, Kəlbəcər-Laçın avtomobil yolunun inşası,
Kəlbəcər şəhərinin Baş planı və Kəlbəcərdə “Çıraq-1” Kiçik Su Elektrik
Stansiyasında tikinti işlərinin gedişi ilə tanışlıq oldu.
2023-cü il avqustun 26-da ölkə rəhbəri İlham Əliyev və birinci xanım
Mehriban Əliyeva Kəlbəcərdə “Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyasının,
“AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Çıraq-1” və “Çıraq-2” Kiçik Su
Elektrik stansiyalarının açılışında, Zar kəndinin təməlqoyma mərasimində
iştirak ediblər və “İstisu” mineral sudoldurma zavodunun tikintisi və “İstisu”
Müalicə-İstirahət Kompleksində görülən işlərlə tanış olublar. Həmçinin
2023-cü il noyabrın 7-də Kəlbəcər rayonunun Vəngli kəndinə səfər ediblər.
Kəlbəcər şəhərinin Baş planı bölgənin təbii gözəlliyini özündə ehtiva
edir. Plana uyğun olaraq müfəssəl layihələndirmə aparılıb və artıq yaşayış
binaları, məktəb, xəstəxananın inşasına başlanılıb. Yeni yaradılan hərbi
hissələr, ictimai yerlər artıq fəaliyyət göstərir.
Ölkə başçısının keçən il imzaladığı sərəncama əsasən Kəlbəcərin
azad edildiyi gün - noyabr ayının 25-i Kəlbəcər Şəhər Günü elan edilib, bu il
artlq 2-ci dəfə bu gün təntənəli şəkildə qeyd ediləcəkdir.
Qeyd etmək lazımdır ki, Kəlbəcərin çox zəngin təbii enerji potensialı
vardır. Xarici şirkətlər tərəfindən Kəlbəcər və Laçın rayonlarında külək
elektrik stansiyalarının tikintisi ilə bağlı müraciətlər olmuşdur. Ən çətin
relyefə malik olan Kəlbəcər dağlarından elektrik xətləri çəkilir, hazırda
“Kəlbəcər-1” Kiçik Su Elektrik Yarımstansiyasının inşası başa çatıb,
110/35/10 kilovoltluq “Kəlbəcər” yarımstansiyası da istifadəyə verilib.
Görülən işlər yaxın zamanlarda kəlbəcərlilərin doğma yurd-yuvalarına
qayıdışını reallaşdıracaqdır.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü
"DİA-AZ"

Geri qayıt