Əsas Səhifə > Güney Press > Sabiq erməni prezident məhkəmədən qaça BİLMƏDİ

Sabiq erməni prezident məhkəmədən qaça BİLMƏDİ


Dünən, 17:24
Sabiq erməni prezident məhkəmədən qaça BİLMƏDİ
Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi sabiq prezident Robert Köçəryan, keçmiş müdafiə naziri Seyran Ohanyan və Baş Qərargahın sabiq rəisi Yuri Xaçaturovun növbəti iclasa məcburi qaydada gətirilməsi barədə qərar qəbul edib.

Modern.az erməni KİV-ə istinadən xəbər verir ki, məhkəmə prosesi noyabrın 28-nə təyin olunub və Ermənistan Polisinə həmin şəxslərin iclasda iştirakını təmin etmək tapşırılıb.

Noyabrın 15-də keçirilən məhkəmə iclasında adıçəkilən şəxslər iştirak etməyib. Yalnız keçmiş baş nazirin müavini və hazırda “Hayastan” blokundan olan deputat Armen Gevorqyan iclasda iştirak edib. Vəkillərin sözlərinə görə, təqsirləndirilən şəxslərin statusu rəsmi şəkildə qeyd olunmadığı üçün onların məhkəməyə gəlməsi məcburi hesab edilməyib.

Hakim Sarkis Petrosyan müttəhimlərin məhkəməyə gəlməməklə prosesə hörmətsizlik etdiyini vurğulayaraq, onların məcburi gətirilməsi qərarını elan edib.

Köçəryan, Ohanyan, Xaçaturov və Gevorqyan Ermənistan Cinayət Məcəlləsinin 300.1-ci maddəsi (konstitusiya quruluşunu devirməyə cəhd) üzrə ittiham olunurlar. Bu iş 2008-ci ilin martında prezident seçkilərindən sonra baş vermiş etiraz aksiyalarına aiddir. Levon Ter-Petrosyanın rəhbərlik etdiyi müxalifətin seçkilərin nəticələrinə qarşı təşkil etdiyi aksiyalar iğtişaşlara çevrilmiş, nəticədə 10 nəfər həyatını itirmişdi.

Qeyd edək ki, bu cinayət işi 2021-ci ildə Konstitusiya Məhkəməsi tərəfindən dayandırılmışdı, lakin 2024-cü ilin sentyabrında yenidən bərpa olunub. Noyabrın 28-də keçiriləcək növbəti məhkəmə prosesi bu işin davamı olacaq.

Geri qayıt