Əsas Səhifə > Güney Press > Sülh planı müzakirəyə çıxarılır

Sülh planı müzakirəyə çıxarılır


Bu gün, 15:33
Sülh planı müzakirəyə çıxarılır
ABŞ-dakı prezident seçkisinin qalibi Donald Trampın Ukraynada müharibəyə son qoymaq üçün “sülh planı”nda 20 il müddətinə NATO-ya üzvlükdən imtina etmək və əraziləri qaytarmadan cəbhə xəttini dondurmaq tələbi ola bilər.

Reyting.az xəbər verir ki, bunu məlumatlı mənbələrə istinadla “The Wall Street Journal” yazıb.

Nəşrin mənbələrinin məlumatına görə, Tramp hələ ki, Rusiya lideri Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenskini danışıqlar masası arxasına oturmağa necə razı salacağı da daxil olmaqla, konkret planı təsdiq etməyib.

Təbii ki, müşavirlər öz fikirlərini irəli sürsələr də, son qərarı Tramp verəcək.

Trampa təklif olunan ideyalardan biri də Kiyevin ən azı 20 il müddətinə NATO-ya üzv olmayacağının vəd edilməsidir. Bunun müqabilində ABŞ Rusiyanın gələcək hücumunun qarşısını almaq üçün Ukraynanın silahla təminatını davam etdirəcək.

Bu plana görə, cəbhə xətti dondurulacaq, hər iki tərəf silahsızlaşdırılmış zonaya razılaşacaq. Əraziyə kimin nəzarət edəcəyi bəlli deyil, lakin bir müşavir sülhməramlı qüvvəyə Amerika hərbçilərinin daxil olmayacağını deyib.

“Biz təlim və digər dəstək verə bilərik, lakin silahın lüləsi avropalı olacaq. Biz amerikalı kişi və qadınları Ukraynada sülhü qorumaq üçün göndərmirik. Və bunun əvəzini ödəməyəcəyik. Qoy polyaklar, almanlar, ingilislər və fransızlar bunu etsinlər”,- deyə Trampın komanda üzvlərindən biri qeyd edib.

Bununla belə, Trampa, Kiyev Rusiya ilə sülh danışıqlarına razılaşana qədər Ukraynaya silah tədarükündən imtinanı özündə əks etdirən fəaliyyət planı təqdim ediblər. Eyni zamanda, qeyd olunur ki, Ukrayna itirilmiş əraziləri geri qaytarmağa cəhd edə bilər, lakin bu, diplomatik danışıqlar yolu ilə həyata keçirilməlidir.

Trampın bu strategiyalardan hansını həyata keçirəcəyi hələlik qeyri-müəyyəndir. Nəşr yazır ki, Ukrayna və Rusiya arasında sülh danışıqlarına başlamaq üçün istənilən cəhd, hətta saziş bağlamaq belə, bir çox maneələrlə üzləşəcək.

Birincisi, Ukrayna və Rusiyanın hələ də çox fərqli hərbi məqsədləri var və onları dəyişməyə çalışmırlar. Kreml danışıqlara az həvəs göstərir və münaqişəni gərginləşdirməyə hazır olduğunu nümayiş etdirir.

İkincisi, Rusiyanın Ukraynaya təcavüzünü öz ölkələri üçün birbaşa təhlükə kimi görən bəzi NATO müttəfiqləri tərəfindən sərt müqavimət olacaq. Eyni zamanda, ölkəsi hərbi və maliyyə yardımı baxımından ABŞ-dan çox asılı olan V. Zelenskini danışıqlara məcbur etmək daha asan ola bilər.

Geri qayıt