Əsas Səhifə > Güney Press > Azərbaycan-Ermənistan sülh danışıqları üçün

Azərbaycan-Ermənistan sülh danışıqları üçün


7-11-2024, 14:02
Azərbaycan-Ermənistan sülh danışıqları üçün
Azərbaycan-Ermənistan arasında sülh danışıqları ilə bağlı irəliləyişlər Cənubi Qafqazda gedən proseslərə laqeyd qalmayan və maraq göstərən ölkələrin diqqət mərkəzindədir. Məhz buna görə də bir çox ölkələr sülh danışıqları üçün platforma təqdim etməyə hazır olduqlarını bəyan edirlər. Ənənəvi olaraq Rusiya, ABŞ və Avropa İttifaqı (Aİ) danışıqların əsas platforması kimi çıxış etsə də, Qazaxıstan da bu prosesdə iştirak etmək niyyətini ifadə edib.
Noyabrın 5-də Rusiya Prezidenti Vladimir Putin səfirlərin etimadnaməsini qəbul edərkən deyib ki, Rusiya Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması üçün hər şeyi etməyə davam edəcək.
"Biz Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün hər şeyi etmişik və edirik. Biz sülh müqaviləsi üzrə işlərə, dövlət sərhədinin delimitasiyasına, iqtisadi və nəqliyyat əlaqələrinin açılmasına kömək etməyə davam edəcəyik", - Rusiya dövlət başçısı bildirib.

Bəs sülh danışıqları üçün hansı platforma daha səmərəlidir?
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin Arzu Nağıyev bildirib ki, həm Rusiya, həm də Qərb cidd-cəhdlə çalışır ki, bu danışıqlarda vasitəçi rolunu icra etsinlər:
"Burada həmin tərəflərin öz regional maraqları kontekstindən çıxış etməsi kimsəyə sirr deyil. O da məlumdur ki, Rusiya, ABŞ və Aİ bu prosesdə vasitəçi olmaqla təkcə sülhə nail olmaq məqsədi güdmürlər. Bütün bu tərəflər bir-birini regiondan sıxışdırıb çıxarmaq niyyətindədirlər. Buna görə də, hazırkı şəraitdə Azərbaycan üçün vasitəçi olmadan danışıqların aparılması önəmlidir. Rusiyanın regiondakı nüfuzu və təsir gücü danılmazdır və bu, hazırda öz işini görür. Ümumilikdə, regionda cərəyan edən proseslərə Rusiyanın təsir imkanları daha genişdir. Biz Qərbin Gürcüstanda, eləcə də Ukraynada hansı vəziyyətlə üzləşdiyini gördük. Hazırkı şəraitdə Azərbaycan-Ermənistan birbaşa danışıqları daha səmərəli hesab olunur. Tərəflərin son dövrlər əldə etdiyi razılaşmalar da bunu deməyə əsas verir".

Millət vəkilinin sözlərinə görə, Azərbaycan Ermənistanla bütün platformalarda danışıqlara hazırdır.
"Azərbaycan tərəfi bildirir ki, iki ölkə arasındakı danışıqlar problemin həllinə yönəlik olmalıdır. Azərbaycan Ermənistanla bir-biri ilə çəkişən siyasi qütblərin maraqlarına görə danışıqlar aparmağı məqsədəuyğun hesab etmir. Hazırda əməkdaşlıq formatı kimi təqdim edilmiş "3+3" regional problemlərin həlli və iqtisadi, siyasi əlaqələrin təmin edilməsi üçün yetərincə məqbuldur. Ermənistan da bu formatın iştirakçısıdır. Amma sülh danışıqları ilə hazırkı geosiyasi şəraitdə hansısa siyasi qütbün platforma kimi seçilməsi ümumi prosesə xələl gətirə bilər. Məsələ burasındadır ki, Azərbaycanın Rusiya ilə münasibətləri yüksələn xətlə inkişaf edir, Qərblə münasibətlərimizlə bağlı isə eyni şeyi deyə bilmərik. Ermənistanda isə bunun əksidir. Yəni, bu gün Ermənistanın da Rusiya və Qərblə münasibətləri bir-birinə ziddir. Bu baxımdan hazırkı şəraitdə birbaşa danışıqlar tərəflər üçün daha məqbul variantdır", - millət vəkili fikirlərini yekunlaşdırıb.

Politoloq Samir Hümbətov isə deyir ki, Azərbaycan-Ermənistan arasında sülh müqaviləsi ilə bağlı məsələlərin böyük əksəriyyəti həllini tapdığı üçün hazırda hansısa platforma axtarışına çıxmağın mənası yoxdur:
"Qalan məsələlərlə bağlı danışıqları XİN rəhbərləri səviyyəsində istənilən platformada aparmaq mümkündür. Hazırkı şəraitdə danışıqlar üçün tərəflərə xüsusi köməyə ehtiyac yoxdur. Burada əsas ehtiyac duyulan məsələ Ermənistanın sülhə məcbur edilməsidir. Düzdür, Rusiya kömək etmək istədiyini bildirir, ancaq Ermənistanı tələsdirəcək addımlar atılmır".

Politoloq bildirib ki, Rusiya özünün cənub sərhədlərində NATO qüvvələrinin yerləşməsini və güclənməsini istəmirsə, bu prosesin sürətlənməsinə dəstəyini artırmalıdır.
"Biz görürük ki, bölgədə Aİ-nin mülki missiyası mövcuddur və növbəti dövrlərdə bu hərbi mövcudluğa çevrilə bilər. Bu da bölgədə böyük bir problem yarada bilər", - politoloq bildirib.

Ekspert hesab edir ki, sülh müqaviləsinin imzalanması üçün Ermənistanın sülhə məcbur edilməsi lazımdır:
"Hazırkı şəraitdə tərəflərin yerdə qalan məsələləri ikilikdə razılaşdırması daha məqsəduyğun olardı. Əsas iş Azərbaycan və Ermənistanın üzərinə düşür. Sülh danışıqları aparan tərəflər konkret addımlar atmalıdırlar".

SPUTNİK.az

Geri qayıt