Əsas Səhifə > Güney Press, Partiya > Sonuncu sülh paketi İrəvana göndərildi: Bakı 11-ci dəfə...

Sonuncu sülh paketi İrəvana göndərildi: Bakı 11-ci dəfə...


Bu gün, 09:56
Sonuncu sülh paketi İrəvana göndərildi: Bakı 11-ci dəfə...
Milli Məclisin sədr müavini Ziyafət Əsgərov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Azərbaycan Ermənistanın sülh sazişi layihəsi ilə bağlı təkliflərinə cavab verib. Bakı sülh sazişi üzrə 11-ci təkliflər paketini qarşı tərəfə göndərib. Sizcə, bu yazışmalar nəhayət yekun sülh sazişi mətni ilə bitəcəkmi?

- Rəsmi Bakı dəfərlərlə sülhə bağlı öz mövqeyini bəyan edib. Azərbaycan Prezidenti İlham Əliyev də bu məsələ ilə bağlı ölkəmizin konkret mövqeyini açıqlayıb. Sözsüz ki, ikitərəfli qaydada aparılan yazışmalar bundan sonra davam edəcək. Ermənistan tərəfi nəhayət reallığı qəbul etməlidir. Çünki sülhün əldə olunması üçün Azərbaycanın konkret təklifi var. Azərbaycan sülhün əldə olunmasında maraqlıdır. Cənubi Qafqazda sülh arxitekturasının qurulması Bakının əsas hədəfidir. Bununla bağlı Azərbaycanın yeganə tələbi hər kəsə məlumdur. Ermənistan Konstitusiyasında və digər hüquqi sənədlərində Azərbaycana qarşı ərazi iddiasını ehtiva edən əsassız müddəalar çıxarıldıqdan sonra sülhün əldə olunması mümkündür. Bundan əlavə qarşıya çıxacaq digər məsələlərdə tərəflərin razılığa gəlməsində hər hansı problem yoxdur. Əsas şərt ərazi bütövlüyü və suverenliklə yanaşı, sərhədlərin toxunulmazlığına olan təhdidlərin aradan qaldırılmasıdır. Ermənistan bu şərtlərə riayət edəcəksə, sülhün əldə olunması realdır. Əks halda bu, mümkün olmayacaq.

- İkitərəfli formatda Azərbaycanla Ermənistan arasında sərhəd komissiyalarının onuncu iclası keçirildi. Bir çox məsələyə dair razılaşmaların olduğu açıqlandı. Sonuncu sərhəd dəqiqləşməsindən sonra bu istiqamətdə əldə edilən razılaşmanın nəticəsinə dair proqnozlar necədir?

- Danışıqların aparılması müsbət haldır. Bu eyni zamanda dövlətlər arasında münasibətlərin yumşalmasına da töhfə verə bilər. Amma bütün bunların fonunda Ermənistan Bakının nə istədiyini bilə-bilə prosesi uzatmağa çalışır. Rəsmi İrəvan bununla vaxt qazanmaq istəyir. Əgər Ermənistan sülhün olmasını istəyirsə Bakının tələbini icra etməlidir.

- Azərbaycanla Ermənistan arasında sülh və sərhədlərin dəqiqləşməsinə dair danışıqlar fonunda bəzi qərb təşkilatları, Avropa Parlamenti ölkəmizə qarşı “qərarlar” çıxarır. İrəvan Bakı ilə sülhdən danışırsa, Avropa Parlamenti hansı əsasla iddialar səsləndirir? Bu işdə erməni tərəfinin rolu nə dərəcədə böyükdür?

- Sözsüz ki, burada Ermənistan faktoru var. Amma Qərbdən Azərbaycana qarşı olan "təhdidlər", təxribatlar əvvəlcədən məlum idi. COP29-un ölkəmizdə keçirilməsi ərəfəsində bu cür iddiaların ortaya atılması heç də təsadüfi deyil. Məqsədləri beynəlxalq tədbir öncəsi mümkün qədər Azərbaycanı gözdən, nüfuzdan salmaqdan ibarətdir. Təbii ki, Azərbaycan COP29 kimi böyük tədbirləri çox keçirib. Belə böyük tədbirlər öncəsi Azərbaycana olan təhdidləri, informasiya müharibəsini də hamımız görmüşük. Zamanla bunlar ötüb keçəcək. Çünki Azərbaycanın indiki inkişafını onların gözü götürmür. Ölkəmizi inkişaf etmiş formada görmək istəmirlər. Fakt odur ki, Qərbdə olan bəzi dairələr Azərbaycana, Türkiyəyə qarşı davamlı olaraq qarayaxma kampaniyası aparır. Bütün bu təhdidlər isə əhəmiyyətsizdir. Onların qarşısındakı 90-cı illərdəki Azərbaycan deyil.

- COP29 üzərindən Azərbaycana edilən hücumlarda əsas hansı istiqamətlər hədəfə alınır?

- İddia edirlər ki, neft-az ölkəsi olan Azərbaycan ekoloji tədbir təşkil edə bilməz. Bu, kökündən yanlış yanaşmadır. Çünki ekoloji tədbirlərin böyük əksəriyyətini elə neft-qaz ölkələri təşkil edib. Bundan öncə COP-la bağlı tədbirlər Birləşmiş Ərəb Əmirliklərində, Misirdə keçirilib. Amma Azərbaycana olan yanaşmada məhz ekoloji amillər və digər əsassız iddialar ortaya atılır. Bütün bunlar isə qərəzli və bilərəkdən edilən hücum kampaniyalarıdır. Azərbaycan 2010-cu ildən alternativ enerji mənbələrinin inkişafı ilə bağlı dövlət proqramları qəbul edib və bu istiqamətdə real addımlar atılıb. Günəş, külək, hidro enerjinin istehsalı üçün Azərbaycan mühüm təşəbbüslərlə çıxış edir. Bu sahədə praktik işlər görülür. 2030-cu ilə qədər Azərbaycan zərərli qazların emissiyasını 35 faiz azaltmaq niyyətindədir. Ölkəmizə qarşı hücum edənlər bunları bildikləri halda çirkin niyyətlərindən əl çəkmir.

Geri qayıt