Əsas Səhifə > Güney Press > "Elə məhəllələr, məscidlər, pirlər var ki, suyu, yolu yoxdur...

"Elə məhəllələr, məscidlər, pirlər var ki, suyu, yolu yoxdur...


Bu gün, 17:48
"Elə  məhəllələr, məscidlər, pirlər var ki, suyu, yolu yoxdur...
Cəmiyyətimizdə müxtəlif avtomobil markalarına geniş maraq olduğu kimi, onların nömrələrinə də xüsusi diqqət var. Xüsusən gənc sürücülər arasında maşın nömrələrində eyni hərfin və rəqəmin təkrar olunması cəlbedici hesab olunur. Bu kimi səbəblərdən bir çox hallarda fantastik qiymətlərə dövlət nişan nömrələrinə rast gəlmək olur. Bəs bahalı nömrə almaqdakı məqsəd nədir?

Məsələyə münasibət bildirən sosioloq Mətanət Məmmədova “Sherg.az”a bildirib ki, cəmiyyətimizdə əksər insan dəbdəbə xəstəliyinə yoluxub:

“Bu tək maşın nömrələrində deyil, eyni zamanda telefon nömrələrində də müşahidə olunur. Hətta xüsusilə gənclər bu xəstəliyin daşıyıcısı olduğundan öz toy, nişan mərasimlərini də il, ay və günü oxşar rəqəmli tarixlərdə keçirməyə üstünlük verirlər. Hətta uşağın doğum günü də belə “zerkalnıy” günlərlə üst-üstə düşsün deyə, doğuş vaxtını qabağa çəkib keysəriyyə bıçağı altına düşən qadınlar var. Bir maşın nömərəsinə külli miqdarda pul verən dəbdəbə xəstələri düşünsələr yaxşı olar ki, ailələr var, gündəlik çörək pulunu min bir əziyyətlə qazanır. Uşaqlar var ki, həftələr, aylar ötür, valideyni arzuladığı nəyisə ona ala bilmir. Uşaq evləri var ki, şəraitsiz şəkildə fəaliyyət göstərir. Aztəminatlı ailələr var ki, dolanışıq səviyyəsi çox aşağı vəziyyətdədir. Lakin göründüyü kimi, dəbdəbə xəstəliyinə tutulanlar pulu belə insanların rifahı, çətinlikdən çıxması üçün deyil, öz dəbdəbəli həyatları naminə xərcləyirlər. Heç kənara xərcləməsinlər. Hər kəsin rayonlarda evi, məhəlləsi var. Elə məhəllələr, məscidlər, pirlər var ki, suyu, yolu yoxdur. Pulu bu problemlərin həllinə xərcləmək daha əlverişli olar, nəinki oxşar rəqəmli dəmir parçasına. Dünyada savab qazanmaqdan gözəl heç nə ola bilməz. Bunu düşünməyin özü də savabdır”.

Geri qayıt