Əsas Səhifə > Güney Press > Gürcüstanda müxalifət liderləri prokurorluğa çağırılır

Gürcüstanda müxalifət liderləri prokurorluğa çağırılır


5-11-2024, 15:13
Gürcüstanda müxalifət liderləri prokurorluğa çağırılır
Gürcüstanın Baş Prokurorluğu müxalifətdəki “Lelo” partiyasının lideri Mamuka Xazaradzeni parlament seçkilərinin mümkün saxtalaşdırılması işi üzrə şahid qismində dindirilməyə çağırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Xazaradze “Facebook” sosial şəbəkə hesabında yazıb.
“Məni Baş Prokurorluqdan şahid kimi dindirməyə çağırırlar. Mən seçki saxtakarlığı ilə bağlı sübutlarla gedəcəyəm və Bidzinaya (İvanişviliyə) tabe olan prokurorluğun (hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının qurucusu) necə hərəkət edəcəyini görəcəyəm. Biz qalib gələcəyik”, - deyə Xazaradze bildirib.
Gürcüstanın müxalif “Mtavari Arxi” telekanalı müxalif “Qirçi” partiyasının lideri Zurab Caparidzenin də ifadə vermək üçün prokurorluğa çağırıldığını bildirib. Lakin onun istintaq orqanının çağırışına əməl edib-etməyəcəyi hələlik məlum deyil.
Bazar ertəsi məlum olub ki, “Gürcüstan Naminə Qaxariya” müxalifət partiyasının liderlərindən biri Natia Mezvrişvili də dindirilməyə çağırılıb. O da prokurorluğa ifadə verəcəyini bildirib.
Qeyd edək ki, Gürcüstanın Baş Prokurorluğu daha əvvəl elan etmişdi ki, Mərkəzi Seçki Komissiyasının tələbi ilə parlament seçkilərinin mümkün saxtalaşdırılması ilə bağlı araşdırmaya başlayıb və iş çərçivəsində Gürcüstan Prezidenti Salome Zurabişvilini oktyabrın 31-də dindirilməyə çağırıb.

Geri qayıt