Əsas Səhifə > Güney Press > “Bizə təşəkkür etmək əvəzinə tənqid edirlər”

“Bizə təşəkkür etmək əvəzinə tənqid edirlər”


Bu gün, 16:03
 “Bizə təşəkkür etmək əvəzinə tənqid edirlər”
ABŞ-ın nüfuzlu “The Washington Post” qəzetində COP29 tədbirinin Azərbaycanda keçirilməsi tənqid olunub.

Gununsesi.info–nun xəbərinə görə, məqalədə deyilir ki, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi ilə bağlı Çərçivə Konvensiyasına üzv ölkələr illik iqlim konfransına kimin ev sahibliyi edəcəyi barədə qərar verəndə, ölkənin infrastrukturunu, iqlimlə bağlı öhdəlikləri, siyasi sabitlik və maliyyə resursları kimi kriteriyaları nəzərə alsalar da, nə demokratiya, nə insan haqları – “nə də görünür, müəyyən bir rejimə imtiyaz verməyin təşkilatı və onun topladığı iqlim diplomatlarını utandıracağını” nəzərə almırlar.

YAP-dan deputat olan Səyyad Aran Gununsesi.info-ya müsahibəsində bildirib ki, “The Washington Post”un məqaləsi onu təəccübləndirməyib: “Mən hələ Milli Məclisin 20 il əvvəl deputat olanda belə bu qəzet hər zaman Azərbaycanı tənqid edib. Görünən budur ki, heç nə dəyişməyib. COP29 formatı fərqli olan bir tədbirdir. Əksinə, bizə təşəkkür edilməliydi ki, neft-qaz ölkəsi olsanız da ətraf mühitin qorunması sizin dövlətin prioritetidir. İndi bizə təşəkkür etmək əvəzinə tənqid edirlər”.

Səyyad Aranın sözlərinə görə, Azərbaycan hansı nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edirsə, o zaman belə kampaniyaların şahidi oluruq: “Diqqət etsəniz, bunu bizim ölkədə keçirilən bütün tədbirlər ərəfəsində görmüş olarsınız. Mən hesab edirəm ki, bu məqalə hansısa jurnalistin fikirləri yox, Azərbaycanı sevməyən qüvvələrin hazırladığı materialdır.

Ölkəmizdə insan haqları probleminə, siyasi məhbusların mövcudluğu faktına gəlincə, Səyyad Aran deyir ki, bu məsələlər dialoq səviyyəsində müzakirə oluna bilər: “Azərbaycanın xarici işlər naziri BMT-də Avropa Şurasının baş katibinə də bildirmişdi ki, Azərbaycan bu məsələləri müzakirə etmək üçün dialoqa hazırdır. Amma bizim dialoq təklifimizə necə cavab verdilər. Azərbaycan nümayəndə heyətinin mövqeyi olmadan AŞ PA-da ayrıca müzakirə açıb, bizi tənqid etdilər”.

Geri qayıt