Əsas Səhifə > Güney Press > Türkiyənin Cənubi Qafqaz planı:

Türkiyənin Cənubi Qafqaz planı:


Bu gün, 15:44
Türkiyənin Cənubi Qafqaz planı:
Yaxın vaxtlarda Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm addım atıla bilər.

"Cebheinfo.az" xəbər verir ki, “Zəngəzur dəhlizi” ifadəsinin işlədilməməsi şərti ilə Ermənistanın buna hazır olduğu bildirilir.

Qeyd edilən razılaşmanın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın vasitəçiliyi ilə əldə edildiyi məlum olub.

Erməni politoloq Arman Qukasyan öz məqaləsində bu hadisənin Cənubi Qafqazda ciddi geosiyasi dəyişikliklərə gətirib çıxaracağını proqnozlaşdırır:

“Azərbaycan və Ermənistan arasında “Zəngəzur dəhlizi”nin açılması ilə bağlı danışıqlar regional geosiyasət üçün getdikcə əhəmiyyət kəsb edir.

Türkiyənin nəqliyyat naziri Əbdülqadir Uraloğlunun son açıqlamaları bu layihənin həyata keçirilməsinə az qaldığını açıq şəkildə ortaya qoyur. Türkiyə tərəfi danışıqların irəlilədiyini gizlətmir və bunu ən yüksək səviyyədə təmaslar, o cümlədən Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyanın Uraloğlu ilə Strasburqda görüşü təsdiq edir.

Əsas məsələ Ermənistan rəsmilərinin tez-tez dediyi kimi kommunikasiyaların blokdan açılması deyil, daha çox Ermənistanın cənub ərazilərindən Azərbaycan və Türkiyə üçün strateji körpü olacaq dəhlizin yaradılmasıdır. Bu kontekstdə Ermənistan tərəfinin irəliləyişlə bağlı sözləri regionun iqtisadi və siyasi reallıqlarını əhəmiyyətli dərəcədə dəyişə biləcək danışıqların tezliklə başa çatması barədə siqnal kimi səslənir.

Lakin nəzərə almaq lazımdır ki, bu addımlar Ermənistan, Azərbaycan və Türkiyə arasında mürəkkəb münasibətlər kontekstində baş verir. Bir müddət əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan danışıqlarda vasitəçilik istəyi ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət edib. Bu, Ermənistanın təzyiq hiss etdiyini və güzəştə getməyə hazır olduğunu deməyə əsas verir.

Türkiyənin vasitəçiliyinin qiymətinin yüksək olacağı göz qabağındadır”.

Ekspert hesab edir ki, Zəngəzur dəhlizinin Qərbin və Türkiyənin maraqlarına uyğun açılması Ermənistan üçün təhlükə deməkdir:

“Qərb nəhayət, Cənubi Qafqazda müttəfiqi Türkiyəni gücləndirmək və Rusiyanı bölgədən sıxışdırıb çıxarmaq üçün məhz bunu istəyir”, - deyə Qukasyan yazıb.

“Lakin Türkiyə bu prosesdə rolunun dolayı olduğunu, əsas danışıqları Azərbaycan və Ermənistanın çiyninə qoyduğunu vurğulayır. Bu fakt danışıqların çoxşaxəli xarakterini və regionda mövqelərini möhkəmləndirməkdə davam edən həm Azərbaycan, həm də Türkiyə üçün dəhlizin strateji əhəmiyyətini göstərir.

Beləliklə, “Zəngəzur dəhlizi” ilə bağlı qarşıdan gələn hadisələr Cənubi Qafqazın gələcəyinə əhəmiyyətli təsir göstərəcək və Ermənistan dövləti üçün taleyüklü nəticə verəcək. Yeganə məsələ Ermənistanın bu dəyişikliklərə nə qədər hazır olması və ümumiyyətlə hazır olub-olmamasıdır.

Söhbət erməni xalqından gedir. Hakimiyyət isə buna nəinki hazırdır, həm də Qərbin türk müttəfiqi ilə birlikdə öz məqsədinə çatması üçün əlindən gələni edir”, - deyə Erməni politoloq əlavə edib.

Geri qayıt