Əsas Səhifə > Güney Press > Azərbaycan Avropa üçün yenə də maraqlı ölkədir

Azərbaycan Avropa üçün yenə də maraqlı ölkədir


Dünən, 19:00
Azərbaycan Avropa üçün yenə də maraqlı ölkədir
Noyabr ayının ikinci on günlüyündə ölkəmizdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 keçiriləcək. Dünyanın ən mötəbər tədbirlərindən biri olan COP29 Azərbaycan üçün bütün sahələrdə bir sıra dividendlər qazandıracaq, ölkəmizin nüfuzunun daha da yüksəlməsinə öz töhfəsini verəcək, Bakının növbəti dəfə beynəlxalq tədbirlərə ev sahibliyinin öhdəsindən layiqincə gəldiyini bütün dünyaya nümayiş etdirəcək. Son illərdə ölkəmizə qarşı aparılan sistemli və planlı qarayaxma kampaniyalarının qarşısının alınması istiqamətində vacib rol oynayacaq COP29, həmçinin Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə birbaşa çatdırılmasına böyük təkan verəcək.
Azərbaycan COP29 zamanı dünyada hərbi əməliyyatların dayandırılmasının tərəfdarıdır. Tarixə nəzər salsaq görərik ki, bütün irimiqyaslı qlobal tədbirlər həmişə barışıq fəlsəfəsinə əsaslanıb.
Buna rəğmən COP29 ərəfəsində ölkəmizə qarşı qarayaxma kampaniyaları aparılır. Demək olar ki, hər gün Qərbdəki ayrı-ayrı dövlətlərin qanunverici orqanlarının üzvləri, siyasətçilər, özünü vətəndaş cəmiyyətinin nümayəndələri adlandıranlar və jurnalistlər ölkəmiz əleyhinə fikirlər səsləndirirlər.
Azərbaycana qarşı mediada gedən məqalələrin əsas məzmunu Azərbaycanın neft-qaz istehsalçısı olmaqla iqlim dəyişikliyi konfransına ev sahibliyi etməyə mənəvi səlahiyyətinin olmaması, həmçinin insan hüquq və azadlıqlarının pozuntuları ilə bağlı məqamların qabardılması, o cümlədən Qarabağ ermənilərinə dair məsələlərdir. Heç şübhəsiz ki, pərdə arxasındakı maraqları isə Azərbaycanın artan nüfuzuna və həyata keçirdiyi qlobal miqyaslı prosesə kölgə salmaqdır.
Siyasi şərhçi Vasif Əfəndi isə “Sherg.az"a açıqlamasında deyib ki, Sovet imperiyasında torpaqlarımızın hissə-hissə ermənilərə bağışlanması prosesi 1988-ci ildə daha da vüsət almağa başlayandan bu günə qədər Azərbaycan siyasi müstəvidə çox ciddi təzyiqlərə məruz qalıb:

“Birinci Qarabağ savaşında isə təkləndiyimiz üçün ağır məğlubiyyətə uğradıq. Bir milyon qaçqın və məcburi köçkünlə baş-başa qaldıq. Beynəlxalq yardımlar isə demək olar ki, simvolik idi. 1994-cü ildən sonra ölkədə siyasi stabillik yarandı və Azərbaycan beynəlxlalq münasibətləri formalaşdırmağa başladı. Əsrin kontraktı adını almış Neft kontraktları imzalandı. Xəzər dənizində təhlükəsizlik qarantı aldıq. Bu da bizə Xəzərdən neftimizi təhlükəsiz çıxartmağa imkan verdi. Bütün bunlar bizə ayaqda qalmağa və gələcəkdə ordumuzu gücləndirməkdə vasitə oldu. Bütün bunlar Avropa İttifaqı və ABŞ-nin siyasi və mənəvi dəstəyi ilə baş tutdu. ATƏT-in Minsk qrupunun fransalı və rusiyalı təmsilçilərin qərəzli mövqelərinə baxmayaraq, ABŞ hər zaman Azərbaycanın maraqlarını müdafiə etdi. Bunlar faktdır və danılmazdır. Sözsüz ki, maraqlar qarşılıqlı olaraq təmin edildi. Bu gün Azərbaycan Avropa üçün yenə də maraqlıdır və enerji sahəsində etibarlı tətəfdaşdır. COP29 konfransının Bakıda keçirilməsi hələ də münasibətlərimizin etibarlı olmasından irəli gəlir. O zaman hazırda bizə yönəlik təzyiqlərin mənbəyi və səbəbi araşdırılmalıdır. İlk olaraq onu qeyd edim ki, daha öncə də bizə qarşı konqresmenlərin və ya ayrı-ayrı siyasətçilərin qərəzli həmlələri olsa da, ABŞ-nin götürdüyü istiqamət dəyişməyib və bu da öz növbəsində nümunə olaraq 907-ci düzəlişin dayandırılması ilə nəticələnmişdi. Hazırkı həmlələr bir az daha sərt olması ilə seçilir. Lakin bu da keçəcəkdir. Bunun üçün isə bizə qarşı irəli sürülən ittihamları neytrallaşdırmaq üçün Azərbaycanın, həqiqətən də, daxili siyasətdə ciddi reforma aparmaq ehtiyacı var. Qalib dövlətin qalib xalqı olmazsa, üzərimizə gələnlər də olacaq. Birlikdə istənilən təzyiqlərə davam gətirə bilərik. Yetər ki, xalq dövlətə güvənsin”.

Geri qayıt