Əsas Səhifə > Güney Press > Qızıl yenə bahalaşacaq:

Qızıl yenə bahalaşacaq:


Bu gün, 15:34
Qızıl yenə bahalaşacaq:
Dünya bazarlarında qızılın bir troya unsiyasının qiyməti 2 700 ABŞ dollarını ötüb. ABŞ Federal Rezerv Sisteminin uçot dərəcəsini dəyişməz saxlaması qərarından sonra qızılın qiyməti daha bir kritik səviyyəni keçib. İlin əvvəlindən qiymətli metalların qiyməti təxminən 30% yüksəlib. Bir neçə ay əvvəl qızılın bir unsiya üçün 2 700 dollar həddini keçəcəyi proqnozlaşdırılmışdı və hazırda bu artım tendensiyası davam edir.

Mövzu ilə bağlı İqtisadiyyat.az-a açıqlama verən “Azərbaycan Zərgərlər Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədr müavini, “Qiymətli metallar və qiymətli daşlar” üzrə Texniki Komitənin sədri Rövşən Əmircanov fikirlərini bölüşüb.

O deyib ki, qızılın qiymətinin artmasına geosiyasi gərginliklər, inflyasiya, aşağı faiz dərəcələri, mərkəzi bankların ehtiyatlarını artırması və qlobal iqtisadi qeyri-müəyyənlik kimi faktorlar təsir edir: “Belə dövrlərdə qiymətli metalların etibarlı investisiya vasitəsi kimi qəbul edilməsi onların dəyərinin yüksəlməsinə yol açır”.

Mütəxəssisin sözlərinə görə, hazırda London əmtəə birjasında qızılın 1 unsiyasının qiyməti 2 690-2 705 ABŞ dolları arasında dəyişir: “Bundan əlavə, birjada 999,9 əyar qızılın 1 qramının qiyməti 87 ABŞ dolları, 750 əyar qızılın 1 qramının qiyməti 61 ABŞ dolları, 585 əyar qızılın 1 qramının qiyməti isə 51 ABŞ dolları təşkil edir. Yerli bazarda satış qiymətləri isə məmulatın işçiliyindən asılı olaraq, 999,9 əyar qızıl üçün 160-170 manat, 750 əyar qızıl üçün 130-150 manat, 585 əyar qızıl üçün isə ən azı 115-125 manat arasında dəyişir”.

R.Əmircanov söyləyib ki, dünya birjasındakı dəyişikliklərə uyğun olaraq həm ölkəmizə idxal edilən, həm də yerli istehsal edilən məmulatların qiyməti artmaqdadır: “Şübhəsiz ki, dünya bazarlarında baş verən qiymət artımı Azərbaycanın qızıl bazarına da öz təsirini göstərir. Yerli bazarda bahalaşmanın dünya birjasında olan dəyişikliklərə uyğun olaraq davam etməsi qaçınılmazdır. Gələn aylarda dünya bazarında qızılın bir unsiya üçün qiymətinin 3 000 ABŞ dollarına yüksələcəyi proqnozlaşdırılır”.

Geri qayıt