Əsas Səhifə > Güney Press > Ermənistana təzminatı belə ödətdirmək olar

Ermənistana təzminatı belə ödətdirmək olar


Bu gün, 13:22
Ermənistana təzminatı belə ödətdirmək olar
Ermənistan Vətən müharibəsi zamanı Gəncə, eləcə də digər şəhərlərimizə müxtəlif təyinatlı raketlərlə zərbələr endirib. Gəncə şəhəri üzrə 26 nəfər mülki şəxs qəsdən öldürülüb, 175 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Eyni zamanda Gəncə şəhəri üzrə ümumilikdə həlak olmuş 26 nəfərdən 10-u kişi, 10-u qadın, 6-sı isə yetkinlik yaşına çatmayan şəxslərdir. Xəsarət almış 175 nəfərin isə 61-i kişi, 66-sı qadın, 48-i isə yetkinlik yaşına çatmayan şəxslərdir.

2020-ci il oktyabr ayının 4, 5, 8, 11 və 17-də Gəncə şəhərinə edilmiş raket hücumları nəticəsində 21 sayda dövlət mülkiyyətinə, 3.565 fiziki şəxsə və 12 hüquqi şəxsə ümumilikdə xüsusilə külli miqdar təşkil edən 87.710.196 manat məbləğində qəsdən maddi ziyan vurulub.

Bu, ermənilərin Azərbaycana və xalqımıza vurduğu ilk ziyan deyil. Bundan qabaq ermənilər torpaqlarımızı işğalda saxladıqları 30 il ərzində ekosid, xalqımıza qarşı genosid və müxtəlif cinayətlər törədiblər.

Ermənistan bütün bu əməllərinə görə cavab verməli və Azərbaycana təzminat ödəməlidir. Lakin indiyə qədər bu baş tutmayıb.

Modern.az-a danışan sabiq xarici işllər naziri Tofiq Zülfüqarov bildirib ki, təzminat məsləsi əvvəlcə danışıqlar prosesinə daxil edilməlidir:

“Uzun müddət təzminatın miqdarı, məlumatın yığılması mütəxəssislər tərəfindən həyata keçirilir. Hətta, xarici mütəxəssislər də hesablama aparırlar. Bunun yolu ondan ibarətdir ki, ikitərəfli danışıqlarda təzminat mövzusunu qaldırmalıyıq. Ermənistanla bu istiqamətdə aparılacaq danışıqlarda hansısa nəticə əldə olunmasa, onda beynəlxalq qurumlara, məhkəmələrə müraciət edə bilərik. Çoxları başa düşmürlər ki, biz hansı mərhələdəyik. Hazırda postkonflikt prosesindəyik. 2020-ci il müharibəsindən sonra yalnız hərbi-texniki sənəd qəbul olunub. Həmin sənəddə filan qoşunlar bu tərəfə, digərləri o tərəfə getməlidir kimi məsələlər təsbit olunub. Burada siyasi mövzular yoxdur. İndi ikinci mərhələyə gəlmişik. İkinci mərhələ ondan ibarətdir ki, gələcək sülh danışıqları hansı prinsiplər əsasında aparılacaq".
Sabiq nazirin sözlərinə görə, sülh prinsipləri 2021-ci ildə Azərbaycan tərəfindən irəli sürülüb.

"Əslinə qalsa, həmin prinsiplər Birləşmiş Millətlər Təşkilatının nizamnaməsinin bu və ya digər formada təkrarlanmasıdır. Bu barədə danışıqlar davam etdirilir. Bir çox hallarda konkret qərarlar hələ də mümkündür. Misal üçün delimitasiya və demarkasiya prosesini göstərmək olar. 12 kilometr ərazinin delimitasiya və demarkasiyası başa çatıb. Lakin bir neçə yüz kilometrilik ərazinin delimitasiya və demarkasiyası hələ həyata keçirilməyib. Kommunikasiyalarla bağlı danışıqlar olub, amma hələlik heç bir nəticə yoxdur. Hazırda masada olan sənəd heç nəyi həll etmir. Bu sənəddə yalnız məsələlərin həll edilməsi prinsipləri təsbit olunur. Minsk qrupu da 30 il ərzində münaqişənin hans prinsiplər əsasında həlli ilə bağlı danışıqlar aparırdı. Madrid prinsipləri, Lissabon qərarları-bunların heç biri sənəd deyildi. Yenə deyirəm ki, hələ də təzminatla bağlı məsələyə aid danışıqlar başlamayıb. Dediyim kimi, əvvəl Ermənistanla danışmalıyıq, bəlkə, bunu qəbul edərlər. Qəbul etməsələr, onda beynəlxalq qurumlara müraciət edəcəyik”.

T.Zülfüqarov vurğulayıb ki, Ermənistanın üzərinə siyasi məsuliyyət qoymaq lazımdır:

“Bizim qarşımızda böyük bir vəzifə durur. Biz münaqişəninin xarakterini nəzərə alaraq, Ermənistanı üzərinə məsuliyyət götürməsi üçün məcbur etməliyik. Çünki münaqişəni onlar başladıb və bizə qarşı etnik təmizləmə, hərbi cinayətlər törədiblər. Münaqişənin xüsusiyyəti, xarakteri bəllidir. Ermənistan hələ də bunu qəbul etmir. Bu, siyasi məsuliyyət qəbul edildikdən sonra cinayətkarların məsuliyyəti və digər məsələlər öz həllini tapacaq. Onların faşist ideologiyası aydındır. Onlar Njdeyə heykəl qoyublar. Misal kimi nasist Almaniyasını göstərmək olar. Nasistlər məğlub olduqdan sonra onların məsuliyyəti Nürnberq tribunalında təsbit olunub. Cəmiyyətə denazifikasiya deyilən proqram hazırlanıb və ictimaiyyəti nasist ideologiyasından azad etmək üçün tətbiq edilib. İnsanları müxtəlif vəhşiliklərin törədildiyi, soyqırımının həyata keçirildiyi konslagerlərə aparırdılar. Onlara nə etdikləri göstərildi. Daha sonra onların konstitusiyasında nasist ideologiyası qadağan olunub. İndi biz siyasi məsuliyyət dedikdə, çox məslələri nəzərdə tutururq. İşğala hərbi yolla artıq son qoyulub. İqtisadi təzminat, ideologiyanın dəyişdirilməsi və sair məsələr durur. Bəzən elə düşünürük ki, masada olan sənədə qol çəkilən kimi bütün məsələlər öz həllini tapacaq. Əlbəttə, bu, belə olmayacaq”.

Geri qayıt