Əsas Səhifə > Güney Press > Pulumuzu banka, yoxsa daşınmaz əmlaka yatıraq?

Pulumuzu banka, yoxsa daşınmaz əmlaka yatıraq?


Bu gün, 11:55
Pulumuzu banka, yoxsa daşınmaz əmlaka yatıraq?
Daha çox gəlir əldə etmək üçün insanlar əllərindəki pulu əsasən yatırıma yönəltməyə üstünlük verirlər. Adətən, onlar bank və ya daşınmaz əmlaka pul yatırmaq arasında seçim edirlər. Mütəxəssislər deyir ki, hər iki seçimin öz üstünlükləri və riskləri var. Buna görə də hesab edilir ki, insanlar yatırım etməzdən öncə ciddi təhlillər aparmalı və ya mütəxəssis məsləhətindən yararlanmalıdırlar. Bəs, pulumuzu banka, yoxsa daşınmaz əmlaka yatıraq?

İqtisadçı Eldəniz Əmirov İqtisadiyyat.az-a açıqlamasında deyib ki, bir çox sahələrdə olduğu kimi məhz yatırım istiqamətində də fəaliyyət zamanı differensiallıq çox önəmlidir.

Onun sözlərinə görə, risklərin idarə edilməsi baxımından əldə olan vəsaiti yalnız bir istiqamətə deyil, bir neçə müxtəlif istiqamətlərdə paylaşdırılaraq bu kapitalın doğru idarə edilməsinə nail olmaq mümkündür: “Vəsaitin yalnız bir yönə istiqamətlənməsi özlüyündə böyük risk faktoru daşıyır. Buna görə də əldə olunan, mövcud vəsait həm banka depozit olaraq, həm də daşınmaz əmlaka yatırımlar şəklində müəyyən şirkətlərin səhmlərinə və digər aktiv biznes fəaliyyəti formasında həyata keçirmək mümkündür”.

“Təbii ki, ilk növbədə əldə olunan vəsaitdən çox şey asılıdır. Yəni bu bölgünün hansı formada aparılması əldə olunan mövcud vəsaitin həcmindən asılıdır”, - deyə iqtisadçı vurğulayıb.

İqtisadçı ekspert Natiq Cəfərli isə İqtisadiyyat.az-a açıqlamasında manatla bank depozitlərinin kifayət qədər yüksək olduğunu, illik 10% civarında depozit faizi verildiyini deyib.

100 mindən artıq qoyulan vəsaitin sığortalanmadığını xatırladan iqtisadçı bildirib ki, iki hesab açmaqla bu prosesi icra etmək mümkündür:

“Vətəndaş əgər banka 200 min manat depozit qoysa, bu, ildə 20 min manat qazanc deməkdir. O zaman belə bir sual ortaya çıxır: 200 minə ev alıb ildə 20 min qazanc götürə biləcəklərmi? Bax bu suala gərək hər kəs özü cavab versin. Ona görə də insanlar qərar verərkən özləri bu haqda düşünməlidirlər”.

N.Cəfərli hesab edir ki, amma ümumilikdə mövcud riskləri nəzərə alaraq daşınmaz əmlaka yatırım etməyə daha çox üstünlük verirlər: “Təbii ki, bunun da öz riskləri var. Yəni orada həm qazanc imkanları kifayət qədər məhduddur, həm də qiymətlər çox yüksəkdir”.

Geri qayıt