Əsas Səhifə > Güney Press > Görüş başlayır:“3+3” sülh platformasına çevriləcək?

Görüş başlayır:“3+3” sülh platformasına çevriləcək?


Bu gün, 13:15
Görüş başlayır:“3+3” sülh platformasına çevriləcək?
18 oktyabrda İstanbulda Cənubi Qafqaz üzrə regional məsləhət platforması olan “3+3” formatının üçüncü görüşü keçiriləcək.

Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan məlumat verib.

Görüşdə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın iştirakı daha əvvəldən təsdiqlənib. Gürcüstanın mövqeyi isə dəyişməz qalıb, rəsmi Tiflis görüşdə iştirak etməyəcək. Bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi "Radio Svoboda"-nın gürcü xidmətinə məlumat verib.

Rusiya xarici işlər naziri Sergey Lavrov bir neçə dəfə vurğulayıb ki, “3+3” formatının qapıları Gürcüstan üçün açıqdır. Türkiyənin keçmiş xarici işlər naziri Mövlud Çavuşoğlu da əvvəllər Tiflisi bu danışıqlar formatında iştirakını təmin etməyə çalışıb. Lakin Gürcüstan Xarici İşlər Nazirliyi daha əvvəl də bildirib ki, ölkə ərazilərinin 20%-nin Rusiya tərəfindən işğalda saxlanıldığı müddətdə Moskva ilə birgə formatda iştirak mümkün deyil.

Gürcüstan rəhbərliyi ölkənin ərazi bütövlüyünə təhdid yaratdığı bir şəraitdə Rusiya ilə bir masa arxasında əyləşməyi qeyri-mümkün sayır.

Ermənistanın görüşdə iştirak etməsi isə onun regiondakı müzakirələrdən kənarda qalmaq istəmədiyini göstərir. Ermənistan üçün “3+3” formatı geniş regional məsələlərin müzakirə edildiyi mühüm bir platformadır.

“3+3” formatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin təmin edilməsi üçün yeni regional əməkdaşlıq platforması yaratmaq təşəbbüsüdür. Türkiyə lideri bu ideyanı 2020-ci ildə irəli sürüb.

Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyi ilə formalaşan bu əməkdaşlıq formatının məqsədi üç Cənubi Qafqaz dövlətinin Türkiyə, Rusiya və İranın iştirakı ilə sülh, sabitlik şəraitində iqtisadi dirçəlişə nail olunmasından ibarətdir. Platformanın ilk görüşü 2021-ci ildə Moskvada, ikinci görüş isə 2023-cü ildə Tehranda keçirilib.

Türkiyə və Azərbaycanın təşəbbüsü olan bu format regionda sülh və sabitlik üçün yeni imkanlar yaradır, amma həm də fərqli ölkələrin müxtəlif maraqlarını ortaya çıxarır. Gürcüstanın kənarda qalması, Ermənistanın iştirakı, həmçinin Türkiyə və Rusiyanın əsas oyunçu kimi çıxış etməsi bu formatın gələcəkdə regionun təhlükəsizlik arxitekturasında necə bir rol oynayacağını diqqət mərkəzinə çəkir.

Gürcüstanın iştirak etmədiyi bu platforma hələlik tam şəkildə fəaliyyət göstərə bilmir. Lakin digər regional oyunçuların dialoqu davam etdirməsi bölgə üçün mühüm perspektivlər yarada bilər.

Rusiyalı politoloq Darya Qrevsova “Cümhuriyət”-ə bildirib ki, bu görüşün əsas məqsədi regiondakı problemlərin regional oyunçuların gücü ilə həll etməkdir. O hesab edir ki, digər xarici ölkələr regiona cəlb oluna bilməz:

“Bu platforma münasibətləri çətin inkişaf edən ölkələr arasında dialoq imkanları yaradır. Bu formatı Türkiyə təklif edib və təbii ki, əsas qərarların onun platformasında qəbul edilməsində maraqlıdır. Buna görə də Türkiyə çox çalışacaq ki, bu görüş gündəmdə olan bir çox məsələlərin həllinə dair gələcəkdə əhəmiyyətli əsaslar yaratsın.

Burada əsas məsələlər Cənubi Qafqazda təhlükəsizlik, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi, Zəngəzur dəhlizinin açılması, kommunikasiya yollarının blokdan çıxarılmasıdır. Bunlar məhz region ölkələrini maraqlandıran və həlli bu ölkələrin rifahından asılı olan məsələlərdir. Region ölkələri gündəmdəki problemlərin həlli mexanizmlərini axtarmağa davam edəcəklər.

Onlar bunu Qərb ölkələrinin iştirakı olmadan, Ermənistanın və ya sıx dialoq istəyini bəyan edən İranın arzusuna zidd olaraq həyata keçirə bilərlər.

Əsas oyunçular olan Azərbaycan, Rusiya, Türkiyə nəticəyə yönəliblər. Bu ölkələr hər şey edəcəklər ki, müzakirələr müsbət məcrada keçsin, tərəflər arasındakı ziddiyyətlərin həllinə dair yol xəritəsi hazırlansın” .

Ekspert qeyd edib ki, Ermənistan üçün “3+3” formatı daha çox ehtiyat platformasıdır. Onun sözlərinə görə, Ermənistan rəhbərliyi üçün bu format açar rolunda deyil, çünki Ermənistan Qərblə əməkdaşlığa yönəlib:

“Türkiyə və bəzi məsələlərdə Azərbaycanla müxtəlif ziddiyyətləri olan İran da öz mövqeyini irəli sürəcək, hər kəs öz baxışlarını təqdim edəcək. Hər halda belə görüşlər, kim üçünsə əsas olmaya bilər, amma regiondakı tərəflər arasında dialoq körpüləri qurulacaq. Nəticədə bu görüşlər Cənubi Qafqazdakı vətəndaşların həyatını yaxşılaşdıracaq real və ciddi həllərə gətirib çıxara bilər”.

Rusiyanın dövlət və ictimai xadimi, diplomat, politoloq Sergey Markov isə “3+3” formatının son dərəcə məhsuldar bir platforma olduğunu deyib. O hesab edir ki, bu, çox təbii bir formatdır:

“Bu format Cənubi Qafqazın üç ölkəsi və Cənubi Qafqazla sərhədləri olan üç böyük dövlət arasında təşkil olunub. Məhz bu format çərçivəsində Cənubi Qafqazın bütün problemləri xarici oyunçuların müdaxiləsi olmadan həll edilməlidir. Cənubi Qafqazın problemləri ABŞ, Avropa İttifaqı və Britaniyanın iştirakı olmadan həllini tapmalıdır”.

Ekspert bildirib ki, bu formatın bir sıra problemləri də var:

“Bu problemlər aşağıdakılardır:

1.Ermənistan və Azərbaycan arasında çox ciddi bir münaqişə var.

2.İllər boyu Gürcüstan çox Qərbyönümlü bir ölkə olub və Qərbin tələbi ilə “3+3” formatını pozub.

3.İran və Rusiyaya qarşı çox ciddi sanksiyalar tətbiq edilib.
4. “3+3” formatı yeni başlayır.

Əslində, bu format hələ işə başlamayıb, çünki bu, nazirlərin üçüncü görüşüdür. Bundan əvvəl keçirilən iki iclas “3+3” formatında olsa da, əslində “3+2” formatında idi, çünki Gürcüstan iştirak etmirdi. Bu səbəbdən hələ “3+3” formatı üzrə müsbət təcrübə toplanmayıb. Hələ ortaq layihələr mövcud deyil. Ortaq layihələrə misal olaraq, Azərbaycan, Rusiya və İranı birləşdirən Şimal-Cənub Nəqliyyat Dəhlizini qeyd etmək olar. Lakin “3+3” formatı çərçivəsində hələlik konkret layihələr və təşəbbüslər təklif edilməyib. Hələlik bu platforma yalnız məsləhətləşmə sistemidir, amma konkret işlər hələ başlamayıb. Bu da formatın digər bir problemidir”.

Ekspertin fikrincə, “3+3” formatı Ermənistan və Azərbaycan arasında müxtəlif məsələlərin tənzimlənməsinə dəstək verə bilər:

““3+3” Ermənistan və Türkiyə arasındakı münasibətlərin yaxşılaşdırılmasına, nəqliyyat kommunikasiyaları məsələlərinin həllinə, Gürcüstan ilə Abxaziya , Cənubi Osetiya arasındakı münasibətləri yaxşılaşdırmağa dəstək verə bilər.

Eyni zamanda, azad ticarət zonasına bənzəyən bir struktur yarada, ekoloji layihələrdə əməkdaşlığa dəstək verməsi mümkündür. Çünki bu region ümumi ekoloji bir məkandır. Həmçinin nəqliyyat və ümumilikdə kommunikasiya layihələrində də əməkdaşlıq etmək olar”.

Geri qayıt