Əsas Səhifə > Güney Press > İranda yaşayan azərbaycanlılar TƏHLÜKƏDƏ:

İranda yaşayan azərbaycanlılar TƏHLÜKƏDƏ:


Dünən, 17:39
İranda yaşayan azərbaycanlılar TƏHLÜKƏDƏ:
Netanyahu İranın bəzi bölgələrinə hücum hədəflərini təsdiqləyib. Bu barədə "ABC News" kanalı İsrail mənbəsinə istinadən məlumat yayıb.
Bildirilib ki, İsrailin Baş naziri Benyamin Netanyahu cavab hücumu üçün İranın bəzi bölgələrinə hücum hədəflərini təsdiqləyib.

Bəs İran-İsrail qarşıdurmasının Azərbaycan üçün hansısa riski varmı?
Əgər bu münaqişənin miqyası böyüyərsə, İranda yaşayan azərbaycanlıları nə gözləyir?

Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan qeyd edib ki, İranla bağlı istənilən xoşagəlməz hadisə Azərbaycanın da milli maraqlarına təsir göstərir:

“Çünki bu ölkənin əhalisinin böyük bir hissəsi azərbaycanlıdır və onların taleyi Azərbaycan Respublikası cəmiyyəti və hakimiyyəti üçün önəmlidir. Xatırladaq ki, ötən il Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan türklərinin ana dilində təhsil almasını xarici siyasətin prioriteti elan etmişdir. Bu baxımdan İran- İsrail qarşıdurması nəticəsində yaranacaq istənilən xoşagəlməz hadisə Güney Azərbaycan türklərinin həyatına da mənfi təsir göstərəcək”.

Ekspert vurğulayıb ki, İran - İraq müharibəsi zamanı 100 minlərlə azərbaycanlı bu müharibədə iştirak edib və çoxlu sayda Azərbaycanlı türkü həlak olub:

“Odur ki, bu İran-İsrail qarşıdurmasında da İrana istənilən müdaxilə Azərbaycan türkləri üçün faciəvi ola bilər. Bu baxımdan Azərbaycan tərəfi bu münaqişənin dinc danışıqlar yolu ilə həlli tərəfdarıdır və bu istiqamətdə də bir sıra təkliflər olunub”.

Münaqişənin böyümə ehtimalının az olduğunu bildirən ekspert hesab edir ki, münaqişə Fələstin, Livan, Suriya, İraq və Yəmən ərazilərini əhatə edir və bu belə də qalacaq:

“Çünki İsrail hakimiyyəti dövlətin ərazisinə təhlükə yarada biləcək, yaxud təhlükə gələn istiqamətləri hədəfləyir. Ümumən başqa ərəb ölkələrindən İsrail hədəf alınmır. İki aprel və oktyabr raket hücumlarını nəzərə almasaq, İran belə İsraili birbaşa hədəf almır. İsrailə əsasən Fələstinin Qəza sektorundan, Livanda “Hizbullah”ın yerləşdiyi ölkənin cənub ərazisindən, Suriya və İraqdan hücumlar olur. İsrail də bu istiqamətlərdə hərbi əməliyyatları davam etdirir. Odur ki, müharibənin böyüyüb başqa ölkələrin ərazisinə keçəcəyi ehtimalı azdır. Əvvəldən elə İsrail bu istiqamətlərdə fəaliyyət göstərir. Sadəcə olaraq, həmin istiqamətlərdə hərbi əməliyyatlar bir az intensivləşdirilib və daha çox uğur əldə edib”.

Geri qayıt