Əsas Səhifə > Güney Press > "AMEA yeniliyə, fundamental dəyişikliklərə açıq deyil"

"AMEA yeniliyə, fundamental dəyişikliklərə açıq deyil"


Bu gün, 12:17
"AMEA yeniliyə, fundamental dəyişikliklərə açıq deyil"
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) son təyinatlar mətbuatda və sosial şəbəkələrdə müzakirəyə səbəb olub. 1935-ci il təvəllüdlü akademik Telman Əliyevin AMEA prezidentinin süni intellekt, rəqəmsal inkişaf və innovasiya məsələləri üzrə müşaviri təyin edilməsi ən çox müzakirə olunan məsələlərdən biridir. Möhsün Nağısoy və Yaqub Mahmudov da AMEA prezidentinin müşaviri vəzifələrinə gətirilib.

Modern.az-a danışan Bakı Dövlət Universitetinin professoru, Əməkdar jurnalist Qulu Məhərrəmli bildirib ki, elm sahəsində vacib olan alimin gücü, bacarığı, elmi təfəkkürünün səviyyəsi, yanaşması, elmdə gedən prosesləri duyması və müdaxilə edə bilməsi, yeni ideyalarla sahəni zənginləşdirməsidir.

"Amma müşavir təyin olunan şəxslər içərisində elə adamlar var ki, oturduğu yerdə qalıb. Hesab edirəm ki, onların müşavir təyin olunmasında müəyyən problemlər var”, - o vurğulayıb.

Müsahibimiz qeyd edib ki, cəmiyyət yenilənmə istəyindədir: “İnsanlar elm sahəsində, dövlət idarəçiliyi sahəsində, yaradıcılıq sahəsində yenilik gözləyir. Amma AMEA-da təyin olunan müşavirlərin siyahısı göstərir ki, akademiyamız ümumiyyətlə yeniliyə, heç bir fundamental dəyişikliklərə açıq deyil. Sanki orada bir ailə kimi toplaşıblar və öz ərazilərini qorumaqla məşğuldurlar. Dünyada gedən prosesləri izləmək, görmək, texnologiyalarla bağlı prosesləri aparmaq mümkündür”.

Q.Məhərrəmlinin sözlərinə görə, akademiya sistemimizdə yaxşı institutlar, alimlər, bacarıqlı elm təşkilatçıları var:

“O baxımdan hesab edirəm ki, tam ümidsiz vəziyyətdə deyilik. Məsələn bu yaxınlarda İnformasiya Texnologiyaları İnstitutunun alimlərinin dünyanın ən nüfuzlu reytinq göstəriciləri sırasına daxil olması, Rasim Əliquliyev kimi ciddi alimin fəaliyyətinin dəyərləndirilməsi bizə müsbət impuls verir ki, gələcəkdə digər sahələrdə də hansısa yeniliklər olacaq. Amma hələlik belə bir durğunluq halı var və bu da təbii ki, elmi ictimaiyyəti narahat edir”.

Geri qayıt