Əsas Səhifə > Güney Press > Yeganə təhlükəsiz investisiya sahəsi olaraq qalır...

Yeganə təhlükəsiz investisiya sahəsi olaraq qalır...


Bu gün, 17:59
Yeganə təhlükəsiz investisiya sahəsi olaraq qalır...
Mənzil qiymətləri o qədər artıb ki, artıq kiminsə məvacibini toplayaraq belə daşınmaz əmlak əldə edə biləcəyi inandırıcı görünmür. Paytaxtın gözəgəlimli yerlərində 100 min manata birotaqlı mənzil də tapmaq mümkün deyil. Hətta şəhər kənarlarında da ümidverici çox şey yoxdur. Sumqayıtda 100 min manata üçotaqlı mənzil almaq olar. Yenə bu şəhərdə əksəriyyətin yaxın düşə bilməyəcəyi qiymət.
Bizimyol.info xəbər verir ki, son bir ildə mənzillərin qiyməti orta hesabla 14 faiz artıb. Əvvəlki illərdə də bu tendensiya müşahidə edilmişdi. Məsələn, 2022-ci ildə qiymətlər 10,83 faiz artmışdı. Keçən ilə artım daha çox olmuşdu.

Mütəxəssislərdən müxtəlif versiyalar eşitmək olur. Bəzi ekspertlər ipoteka krediti portfelinin böyüməsinin burada ciddi rol oynadığını deyir. Yəni alınan mənzillərin əksəri ipoteka predmeti olur. Bununla həm mənzil bazarında fəallıq yaradılır, həm də dolayısıyla bu sahə ilə bağlı olan ayrı-ayrı sektorların “ölməsinə” imkan verilmir.

İpoteka krediti portfelinin böyüməsini müsbət tendensiya kimi qiymətləndirənlər də çoxdur. Guya iqtisadiyyatın dirçəlməsinə xidmət edir. Ola bilər ki, başqa ölkələrdə müsbət tendensiya sayılsın. Bizim ölkədə pul qıtlığının göstəricisidir. Yoxsa insanlar illik 8-10 faizlik şərtlərlə elə ağır yükün altına girməzdi. Hamısı məcburiyyətdəndir. İnsanlar uzun illər kirayələrdə süründüyündən hər hansı yolla mənzil sahibi olmağa üstünlük verir.

Daha ağlabatan variant odur ki, ölkədə investisiya mühiti bərbad gündə olduğundan, insanlar ən təhlükəsiz istiqamət kimi daşınmaz əmlakı görür. Yəni bir az artıq pul varsa, dar gün üçün mənzil alıb saxlamaq olar. Sahibkarlıq çox ağır zərbələr alıb. Hansısa obyekt alıb işə başlamaq təhlükəlidir. Salamatı mənzil alıb kirayə vermək və ya dəyərinin itməyəcəyinə əminliklə lap boş qalmasına da göz yummaqdır. Hər halda, cəmiyyətdə ümumi fikir belədir.

Sosial şəbəkələrdə qiymət artımı ilə bağlı xeyli rəy var. Biri xüsusilə diqqətimizi çəkdi. Cavid Mikayılov yazır ki, 2019-cu ildə beşmərtəbəli sovet binasının ikinci mərtəbəsindəki üçotaqlı mənzilini 92 min manata satmağa cəhd etsə də, istəyinə çatmayıb. Amma keçən ilin avqustunda 132 min manata müştəri tapa bilib. Təkcə bu nümunə inanılmaz qiymət artımını göstərir.

Geri qayıt