Əsas Səhifə > Güney Press > Cinayət törədən yeniyetmələri hansı cəzalar gözləyir?

Cinayət törədən yeniyetmələri hansı cəzalar gözləyir?


Bu gün, 13:09
Cinayət törədən yeniyetmələri hansı cəzalar gözləyir?
Son günlər tez-tez məktəbli yeniyetmələrin cinayət törətməsi kimi hadisələrin şahidi oluruq. Bəs görəsən bu şəxsləri hansı cəzalar gözləyir?

Mövzu ilə bağlı Sonxeber.az – a açıqlama verən hüquqşünas Turan Abdullazadə bildirib ki, törətdikləri cinayətə əsasən yetkinlik yaşına çatmayan şəxslərə on ildən çox olmayan müddətə həbs cəzası təyin edilə bilər:

"Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əsasən on dörd yaşı tamam olmuş şəxs qəsdən sağlamlığa az ağır və ya ağır zərər vurmağa görə cinayət məsuliyyətinə cəlb edilir.Əgər 14 yaşı tamam olmamışdırsa onun barəsində tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq oluna bilər.

Yetkinlik yaşına çatmayanlara aşağıdakı cəza növləri təyin edilir:
1) cərimə; 2) ictimai işlər; 3) islah işləri; 4) azadlığın məhdudlaşdırılması
5) müəyyən müddətə azadlıqdan məhrum etmə.

Azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir.

Yetkinlik yaşına çatmayan ilk dəfə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət etdikdə, tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq etməklə onun islah olunması mümkün hesab edilərsə, həmin şəxs cinayət məsuliyyətindən azad edilə bilər.

Yetkinlik yaşına çatmayanlara aşağıdakı tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər:
1) xəbərdarlıq;
2) valideynlərin və ya onları əvəz edən şəxslərin və yaxud müvafiq dövlət orqanının nəzarətinə vermək;
3) vurulmuş ziyanın aradan qaldırılması vəzifəsini həvalə etmək;
4) yetkinlik yaşına çatmayanın asudə vaxtını məhdudlaşdırmaq və onun davranışı ilə bağlı xüsusi tələblər müəyyən etmək".

Geri qayıt