Əsas Səhifə > Güney Press > Ermənistan Azərbaycanın mülkiyyətini Rusiyaya necə verdi

Ermənistan Azərbaycanın mülkiyyətini Rusiyaya necə verdi


Dünən, 19:02
Ermənistan Azərbaycanın mülkiyyətini Rusiyaya necə verdi
Ermənistan Dəmir Yollarının mülkiyyətinə yenidən baxılmasının vacibliyi gündəmə gəlib.

Bu təkliflə Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov çıxış edib. Çünki Ermənistan ərazisindəki dəmir yolları şəbəkəsinin tarixən Azərbaycana məxsus olduğunu deyib.

Ümumilikdə “Ermənistan Dəmir Yolları” ifadəsi quramadır.

Əvvəl Çar Rusiyanın, sonra Azərbaycan Xalq Cümhuriyyətinin və Sovet İttifaqı dövründə hazırki Ermənistan ərazisində mövcud olan dəmir yolu xətləri Azərbaycanın mülkiyyətində olub.

Buraya Ələt-Culfa dəmir yolunun bir hissəsi olan Zəngəzur dəmir yolu da daxildir. Lakin SSRİ-nin dağılmasından sonra Azərbaycanın balansında olan dəmir yolu Ermənistan tərəfindən qanunsuz mənimsənilərək istismar edilib. 1991-ci ildə SSRİ-nin dağılmasından sonra Cənubi Qafqaz Dəmir Yolu Abxaziya, Gürcüstan və İrəvan şöbələrinə bölünüb. Sonradan Ermənistan Dəmir Yolları adlandırılan İrəvan şöbəsi hüquqi baxımdan Azərbaycanın idarəçiliyində idi.

Lakin Azərbaycana qarşı işğalçılıq müharibəsinin başlanmasından istifadə edən Ermənistan bu nəqliyyat sistemini də ələ keçirdi.

Bu istiqamətdə növbəti qanunsuzluq faktı isə 2008-ci ildə baş verib. Belə ki, 2008-ci il fevralın 13-də İrəvanda “Rusiya Dəmir Yolları” ASC ilə Ermənistan Respublikası arasında “Ermənistan Dəmir Yolu” QSC-nin “Cənubi Qafqaz Dəmir Yolları” QSC-nin idarəçiliyinə verilməsi haqqında konsessiya müqaviləsi imzalanıb.

Qeyd edək ki, Cənubi Qafqaz Dəmir Yolu Rusiya Dəmir Yolları ASC-nin 100 faiz törəmə şirkətidir. Tenderin şərtlərinə uyğun olaraq, pensiya yaşına çatmış şəxslər istisna olmaqla, Ermənistan Dəmir Yolunun əməkdaşları (4300 nəfər) əməkhaqqı 20 faizədək artırılmaqla “Cənubi Qafqaz Dəmir Yolları” QSC-nin ştatına keçirilib. Şirkətin vəd etdiyi sərmayənin məbləği 572 milyon dollar təşkil edir ki, bunun da 220 milyon dollarının ilk 5 il ərzində yatırılması planlaşdırılırdı.

Müqaviləyə görə, konsessiya idarəçiliyi müddəti tərəflərin qarşılıqlı razılığı əsasında əməliyyatın ilk 20 ilindən sonra daha 10 il uzadılma hüququ ilə 30 ildir. Bu razılaşma Ermənistan hökumətinin Zəngəzur dəhlizinin təhlükəsizliyinin təmin olunmasına dair Rusiya ilə bağlı yaranmış fikir ayrılığının pərdəarxası məqamlarını üzə çıxarır.

Yəni müqavilə üzrə konssesiyanın ilk 20 ili 2028-ci ildə başa çatır. Bundan sonra böyük ehtimalla, Ermənistan rəhbərliyi Rusiya ilə müqaviləni daha 10 il müddətinə uzatmağı planlaşdırmır.

Beləliklə, məqsəd müqaviləyə xitam vermək və dəmir yollarını Ermənistanın mülkiyyətinə keçirməkdir. Baş nazir Nikol Paşinyan Avrasiya İqtisadi Birliyinin İqtisadi Şurasının oktyabrın 1-də İrəvanda keçirilən iclasında verdiyi açıqlama ilə dəmir yolunun Rusiyaya deyil, Ermənistana məxsus olduğuna işarə edib.

“Ermənistanın hardasa, hansısa sənəddə öz ərazisinin infrastrukturunun təklükəsizliyini üçüncü dövlətlərin təmin etməsinə icazə verdiyinə dair iddialar reallığın təhrifidir.

Bunlar həqiqəti əks etdirmir. Ermənistan ərazisindən təhlükəsiz daşınmaya özü zəmanət verir”,-deyə Paşinyan bildirib.

Halbuki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın 9-cu bəndinə görə, Azərbaycanın qərb hissəsi ilə Naxçıvan MR arasında nəqliyyat vasitələrinin, yüklərin və vətəndaşların hərəkətinin təhlükəsizliyini Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları təmin etməlidir. Bu baxımdan, Paşinyanın çıxışı Ermənistanın götürdüyü öhdəliyə ziddir.

Çox güman ki, Nikol Paşinyan bununla Rusiyaya “Dəmir yolu Ermənistana məxsus olduğuna görə, onun təhlükəsizliyini də Ermənistan həyata keçirməlidir” mesajını verir. Bu mənada, Paşinyan hökuməti Zəngəzur dəhlizi ilə bağlı öhdəliyin icrasından yayınmaqla daha çox vaxt qazanmağa çalışır.

Lakin konsessiya idarəçiliyinin müddəti başa çatdıqdan və ya rəsmi İrəvan müqavilədən çıxdıqdan sonra belə, dəmir yolları Ermənistanın mülkiyyəti hesab oluna bilməz. Çünki Ermənistan ərazisindəki dəmir yolları üzərində Azərbaycanın Dəmir Yollarının mülkiyyət hüququ var. Ona görə də Ermənistan hakimiyyəti 2008-ci ildə qanunsuz olaraq Azərbaycana məxsus əmlakı Rusiyanın idarəçiliyinə verib.

Müqavilə üzrə “Cənubi Qafqaz Dəmir Yolları” QSC-nin vəzifələrinə Ermənistan dəmir yolunun infrastrukturunun modernləşdirilməsi, Ermənistanla qonşu dövlətlərlə əməkdaşlığın, daxili və beynəlxalq sərnişin, eləcə də yükdaşımalarının inkişafı daxildir.

Ermənistan dəmir yollarının konsessiyaya verilməsi ilə bağlı müqavilədə qeyd edilir ki, şirkət öz öhdəliklərini lazımınca yerinə yetirməsə, o zaman Rusiya tərəfi 57 milyon dollardan çox olmayan məbləği ödəməyə borcludur. Lakin Nikol Paşinyan 2018-ci ildə hakimiyyətə gəldikdən sonra Rusiya CQDY-nin fəaliyyəti ilə bağlı Serj Sarkisyanın prezidentliyi dövründə baş vermiş korrupsiya halları üzrə cinayət işi açıldı.

Ermənistanın istintaq orqanları CQDY-ə qarşı işləri araşdıraraq, şirkət tərəfindən yatırılan investisiyaların həcmini öyrənib və işçiləri dindirib.

Dövlət Gəlirləri Komitəsinin istintaq şöbəsi 9,7 milyon dram məbləğində ƏDV-nin ödənilməməsi faktını aşkarlayaraq materialları Ermənistan İstintaq Komitəsinə təqdim etmişdi. Bundan qəzəblənən Rusiya tərəfi yaranmış mübahisəyə son qoymaq üçün 2019-cu ildə müqavilədən çıxmaq istədiyini bildirib.

Qeyd edək ki, konsessiya idarəçiliyi haqqında iki ölkə arsında imzalanmış müqaviləyə görə, Cənubi Qafqaz Dəmir Yolu öz öhdəliklərini lazımınca yerinə yetirmədiyi halda, Rusiya tərəfi Ermənistan hökumətinə 57 milyon ABŞ dollarından çox olmayan pul vəsaiti ödəməyə borcludur. Belə olan halda erməni tərəfi çətin vəziyyətlə üzləşə bilərdi.

Çünki eyni razılaşmaya əsasən, bütün vaqonlar “Cənubi Qafqaz Dəmir Yolu” QSC-yə məxsusdur. Ona görə də Ermənistan qatarsız, yalnız boş relslərlə qalmamaq üçün araşdırmaları dayandırmağa və Rusiya ilə əməkdaşlığı davam etdirməyə üstünlük verdi.

Lakin 2020-ci il noyabrın 10-da Azərbaycan və Ermənistanla imzalanmış üçtərəfli Bəyanat Rusiyanın bu dəmir yollarına marağını xüsusilə artırdı. Çünki söhbət Horadiz-Mehri-Arazdəyən-Ordubad dəmir yolunun Ermənistan ərazisindən keçən hissəsinin təhlükəsizliyinin Rusiya tərəfindən həyata keçirilməsindən gedir.

Bu isə Rusiyanın Avropa İttifaqını və Türkiyəni Cənubi Qafqaz vasitəsilə Mərkəzi Asiyaya çıxışını təmin edəcək əsas regional nəqliyyat dəhlizinə nəzarətini təmin edir.

Xüsusilə də 2022-ci ildə Ukraynada başlanan müharibə fonunda Avropaya çıxışı bloklanan Rusiyanın Zəngəzur dəhlizi vasitəsilə Asiya bazarları ilə ticarət əməliyyatları aparmağa tələbatı artıb.

Ermənistan isə yolu bağlı saxlamaqla Rusiyanın nəzarət imkanlarını məhdudlaşdırır. Paşinyan hökuməti 2026-cı ildə keçiriləcək parlament seçkilərində qalib gələrsə, iki ildən sonra vaxtı başa çatacaq müqaviləni 10 il müddətinə uzadacağı inandırıcı görünmür.

Amma bütün hallarda dəmir yolunun hansı tərəfin idarəçiliyində olmasına baxmayaraq, mülkiyyəti Azərbaycana məxsusdur. Ona görə də Azərbaycan indi olmasa da, 2028-ci ildə müqaviləyə xitam verildikdən sonra Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət etməklə dəmir yolunu öz balansına qaytara bilər.

Müşfiq Abdulla
“Cebheinfo.az”

Geri qayıt