Əsas Səhifə > Güney Press > İran əgər uğura nail olmaq istəyirsə...

İran əgər uğura nail olmaq istəyirsə...


Bu gün, 16:42
İran əgər uğura nail olmaq istəyirsə...
İranın İsrailə raket hücumu ilə “aprel ssenarisi”ni təkrarladı, yeganə fərq bu dəfə zərbənin müəyyən qədər güclü olmasıdır, hərçənd, nəticə dəyişmədi: atılan 500-dən çox raketin ciddi zərəri yoxdur.
İranın qarşısında dağıdıcı olacaq iki seçim var:
- ya İsrailin hücumları qarşısında geri çəkilməli və bölgədəki təsir rıçaqlarının zəifləməsini müşahidə etməli;
- ya İsrailə qarşı regional toqquşmaya və daha güclü cəbhə ilə üzləşməsinə səbəb olacaq müharibəyə başlamalıdır;
İran bu ikisini yox, üçüncünü – “qisas görüntüsü” yaratmağı seçir. Bununla İsrailin məqsədinin – İrana qarşı beynəlxalq koalisiyanın yaradılması – reallaşmasına imkan vermir, yaxud ən azı zaman qazanır, eyni zamanda, bölgədə - “müqavimət oxu”nda liderliyinin zədələnməməsinə çalışır. Hər şey “danışılmış döyüş”ə bənzəyir, lakin tərəflər İran və İsrail yox, İran və ABŞ-dır. Tehran bu hücumla həm də Vaşinqtonun İsrailin qaşısını alacağına ümid edir, ABŞ da İsraili nəzarətdə saxlayır.
Hadisələrin inkişafını İsrailin addımları müəyyənləşdirəcək. Aprel hücumunda İran gücünü göstərməklə yanaşı, gərginliyi azaltmağı hədəfləyirdi və müəyyən qədər buna nail oldu da. Lakin İsrailin Haniyə və Nəsrullaha sui-qəsdi, ardınca Livana müdaxiləsi eskalasiyanı yenidən “diriltdi”. İran yenə “qisas zərbəsi” ilə İsrailin qarşısını almağa, gərginliyi azaltmağa çalışsa da, Təl-Əvivin Tehranı eskalasiyaya cəlb etmək hədəfindən geri çəkilmədiyi görünür. Bu baxımdan, İsrailin İrana hücumlarının iki istiqamətdə olacağı gözləntisi önə çıxır.
Birincisi, İranla gərginliyi saxlayaraq, “təhdid” kimi gördüyü proksi qüvvələrinə - Hizbullah, Suriyadakı milis dəstələri, husilər - qarşı əməliyyatlar davam edəcək;
İkincisi, İranın nüvə obyektləri də daxil olmaqla hərbi infrastrukturuna zərbələr endiriləcək;
Bu iki ssenaridən birincisi daha real görünür, çünki İranın “müqavimət oxu” adlandırdığı qüvvələr sıradan çıxarılmadığı, yaxud minimallaşmadığı müddətdə onunla birbaşa müharibənin başlanması İsrail və müttəfiqləri üçün o qədər də effektli olmaya bilər.

Asif Nərimanlı - Dia-az.Media

Geri qayıt