Əsas Səhifə > Güney Press > Hamınız görürüsünüz, ya da görməzdən gəlirsiniz…

Hamınız görürüsünüz, ya da görməzdən gəlirsiniz…


Bu gün, 07:29
Hamınız görürüsünüz, ya da görməzdən gəlirsiniz…
Televiziyalarda mədəni, elmi, təhsil proqramlarının sayı barmaqla sayılacaq qədərdir. Nə qədər qəbul etməkdə çətinlik çəksək də, bu gün gənclərimizi, uşaqlarımızı televizyalar və yayımlanan proqramlar "tərbiyə" edir. Necə deyərlər, nəticələr göz qabağındadır. Hamınız görürüsünüz, ya da görməzdən gəlirsiniz…
Təhsil eksperti Qoşqar Məhərrəmov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan teleməkanında elmi, mədəni, kütləvi verilişlər kifayət qədər azdır. Bunun əvəzində, bayağı verilişlər də öz "hədd"ini aşıb.

“Ümumi, mədəni bir dəyişiklik üçün ciddi addımlar atılmalıdır. Elmi, mədəni, kütləvi verilişlərin sayı və keyfiyyəti artırılmalı, bayağı verilişlər də paralel şəkildə azaldılmalıdır. Əyləncə verilişi ola bilər, musiqi və s. Məsələn, Azərbaycanın teleməkanında müxtəlif şoular var. Bu şou verilişləri maraqlıdır, əyləncəlidir və insanlar baxır. Amma bayağı veriliş, tamamilə başqa məhsuldur. Məsələn; ailə-məişət mövzularının televiziyada müzakirə olunması, evlilik proqramları, ailə məsələlərinin açıq-saçıqlığı ilə televiziyada ictimaiyyətə təqdim olunması və s. kimi materiallar cəmiyyətin zərərinə olan proqramlardır.

Bu vizual tullantı, təkcə cəmiyyətə zərər vermir, eyni zamanda televiziyanın imicinə də zərər verir. Çox cılız mövzuların müzakirəsi olur və minlərlə insan həmin cılız mövzuları izləyir. Həmin verilişlərin yüksək reytinqləri var. Televiziyaların rəhbərləri qeyd edirlər ki, reytinq olduğu üçün biz də davam edirik.

Mən əminliklə qeyd edirəm ki, əslində ümumi bir kütlə var və o kütlə televiziyada nə verilsə ona baxır. Yəni həmin kütlənin başqa alternativi yoxdur. İnterneti, kompüteri yoxdur. Sadəcə televizoru var və onu açanda qarşısına nə çıxsa, elə ona baxır. Seçim edə bilmir. Bəlkə də, dil məhdudiyyəti var, müxtəlif başqa məhdudiyyətlər var. Hər hansı xarici kanala baxa bilmir və s. Ona görə də kütləyə nə verilsə, onu qəbul edir. Çünki “xalq” dediyimiz əhalinin 80%-i kütlə dediyimiz təbəqədir. Onlar da çox böyük əksəriyyətlə seçim edə bilmədiyi üçün onlara nə təqdim edirlərsə, onu qəbul etməyə məcbur qalır”-deyə ekspert qeyd edib.

Qoşqar Məhərrəmov hesab edir ki, burada xalqı qətiyyən günahlandırmaq olmaz. Əksinə elmi, mədəni verilişlərin sayını artırmaq lazımdır. Ekspert bildirib ki, formatı əyləncə də olsa, hazırlanan veriliş daha səviyyəli olmalıdır. Digər verilişlərin də formatı daha fərqli təqdim olunmalıdır.

“Faydasız proqramların gənclərə, yeniyetmələrə mənfi təsiri çoxdur. Çünki gənclər arasında nə müzakirə olunursa, onlar o istiqamətdə inkişaf edir. Ya da uçuruma gedir. Yəni gənclər arasında mütaliə, elmi kəşflər, dünyanın hal-hazırda qarşı-qarşıya olduğu müxtəlif konfliktlər, qlobal istiləşmə, eləcə də elektrik maşınları, süni peyklər və s. kimi mövzular olsa bununla bağlı müzakirə olunacaq. Əgər bir yerdə həmin mövzular müzakirə olunursa, həmin mövzuların həlli ilə bağlı nəsə bir közərti, bir işartı ola bilər. Amma bu mövzular heç müzakirə belə olunmursa, həmin mövzular çox uzaq olacaq. Biz sadəcə həmişə dəyişməkdə davam edən yüksək texnologiyanın istehlakçısı ola biləcəyik, istehsalçı qətiyyən ola bilməyəcəyik. Biz sadəcə müştəri olacağıq, yüksək texnologiya şirkətlərinin müştərisi.

Bu səbəbdən də, bu mövzuların müzakirə olunmasına çox ehtiyac var. Ancaq bu yolla insanların mədəni səviyyəsi inkişaf edə bilər”-deyə Qoşqar Məhərrəmov əlavə edib.

Ekspert daha maraqlı bir mövzuya da toxunub. Xatırlayırsınızsa, bir neçə gün əvvəl Qarabağ Universitetinin tələbələri “Olmuşuq məsti-xumar, yenə gözlərimiz axır” mahnısını bir ağızdan oxuyaraq, bu görüntüləri sosial şəbəkədə paylaşmışdılar. Bu vəziyyət cəmiyyət tərəfindən birmənalı qarşılanmadı...

Qoşqar Məhərrəmov da bu mövzuya toxunub: “İndi biz Qarabağ Universitetinində təhsil alan tələbələrin oynadığı rəqsi tənqid edirik. Amma həmin tələbələri o formada biz yetişdirmişik, yəni tələbələri qınaya bilmərik.

Tələbələri o formada illərlə biz məktəblərimizdə, cəmiyyətimizdə formalaşdırmışıq. Tələbələr də həmin yetişmə tərzinin təzahürünü öz əyləncələrində ortaya qoyurlar. Biz onları qınamamalıyıq. Əslində biz - yetkin insanlar özümüzü qınamalıyıq. Televiziyalar özünü qınamalıdır”.

P.S. Qarabağ Universitetinin tələbələrinin ifa etdiyi mahnı, tələbələrin ifası barədə heç nə danışmaq niyyətimiz yoxdur. Sadəcə bu gün yaşadıqlarımızın bir səbəbi var. Televiziyaların gənclərə aşıladığı tərbiyə... Ərindən boşanan və ya ərini aldadan qadınlar, arvadını başqası ilə tutan kişilər v2 s. bu qəbildən başqa iyrəncliklər... Bu şəxslərin keçmişi müzakirə edildikcə və televiziyalarda elmi, mədəni, təhsil proqramlarının sayı üstünlük təşkil etmədikcə, bizim qınaq obyektimiz olacaq… O da özümüzük. Deyirlər ki, "uşaqlar gələcəyimizdir". Bu gələcəyi biz özümüz bu şəkildə yetişdiririk...
Geri qayıt