Əsas Səhifə > Güney Press > İran "səssiz qaldı":

İran "səssiz qaldı":


Bu gün, 19:02
İran "səssiz qaldı":
“İsrailin bu gün əsas məqsədi nəyin bahısına olursa, olsun İranı birbaşa hərbi əməliyyatlara cəlb etməkdir”.

Bunu politoloq Rəşad Bayramov “Cebheinfo.az”-a şərhində İranın İsrailin son hücumları qarşısında susqunluğunun səbəblərini izah edərkən bildirib.

O bildirib ki, hazırda İran regionda baş verən son proseslərə təmkinli davranır və birbaşa hərbi əməliyyatlardan yayınır:

“İsrail yaxşı bilir ki, İranın birbaşa hərbi əməliyyatlara cəlb olunması anti-İran koalisiyasının işə düşməsiylə nəticələnək. Bu da İrana ağır zərbələrin endirilməsini təmin edəcək.

Ona görə də İsrail bütün qüvvəsi ilə bu istiqamətdə fəaliyyət göstərir. İstər HƏMAS lideri İsmayil Haniyənin, istərsə də “Hizbullah” lideri Seyid Həsən Nəsrullahın öldürülməsi İranın Yaxın Şərqdə geosiyasi nüfuzuna ciddi zərbədir.

Ya Tehran buna cavab verməlidir, yəni birbaşa hərbi əməliyyatlara cəlb olunmalıdır, ya da regionda mövqeyinin zəifləməsinə reaksiya verməməklə barışmalıdır. İran bu iki yoldan sonuncunu seçib.

Tehranda yaxşı bilirlər ki, İsrailə birbaşa cavab zərbələri endirmək böyük müharibəyə gətirib çıxaracaq və İran bu müharibədə rüsvayçı şəkildə məğlub ola bilər. Bu səbəbdən İran İsrailə qarşı cavab tədbirləri görməkdən yayınır”.

Onun sözlərinə görə, İran Qərblə münasibətlərin normallaşdırılması istiqamətində addımlar atmağa çalışır:

“İran Prezidenti Məsud Pezeşkian BMT-nin Baş Assambleyasının 79-cu sessiyasında Rusiyaya o qədər xoş olmayan bəyanatlar səsləndirib. Məhz Məsud Pezeşkianın bu addımı Qərbə mesajdır. Bu gün Tehran Qərblə dialoqda maraqlıdır.

Məhz İran hakimiyyəti öz mövcudluğunu qoruyub saxlamaq üçün Yaxın Şərqdəki öz proksi qüvvələrini - HƏMAS, “Hizbullah” və “Ənsar Allah” hərəkatını (husilər) faktiki olaraq qurban vermək yolunu seçib.

Bildirim ki, Seyid Həsən Nəsrullahın öldürülməsindən iki gün əvvəl Ərəb Liqasının Livandakı nümayəndəsi Məhəmməd Əli əl-Hüseynin “Əl-Ərəbiyə” telekanalına müsahibəsində Həsən Nəsrullaha xəbərdarlıq edib.

Məhəmməd Əli əl-Hüseyni “Hizbullah”ın sabiq liderinə bildirib ki, o, onu vaxtilə himayə edən qüvvələr tərəfindən satılıb. Buradan da aydın olur ki, İran hakimiyyəti öz mövcudluğunu davam etdirmək üçün öz proksi qüvvələrindən imtina edib”.

Politoloq növbəti mərhələdə SEPAH-ın da hədəfə çevrilməsini mümkün hesab edib:

“İsrail proksi qüvvələri tam sıradan çıxardıqdan sonra SEPAH-ı da hədəfə ala bilər. Çünki İsrail İranı birbaşa müharibəyə cəlb etmək üçün müxtəlif yollara baş vurmada davam edəcək”.

Geri qayıt