Əsas Səhifə > Güney Press > ETSN-in rüşvətə görə tutulan sabiq vəzifəli şəxslərdən

ETSN-in rüşvətə görə tutulan sabiq vəzifəli şəxslərdən


Bu gün, 09:37
ETSN-in rüşvətə görə tutulan sabiq vəzifəli şəxslərdən
Balıqçılardan 287 min 660 manat rüşvət almaqda təqsirləndirilən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sabiq vəzifəli şəxsləri - Fikrət Paşayev, Zahid Bəkirov, İbrahim Muxtarov və Fikrət Abdulrəhimovun barəsindəki hökmdən yenidən kassasiya şikayəti verilib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək proses oktyabrın 1-nə təyin edilib.

Şikayət hakim Ələsgər Novruzovun sədrliyi ilə araşdırılacaq.

Qeyd: Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su hövzələrində bioresursların artırılması və mühafizəsi xidmətinin Sumqayıt-Xaçmaz sektorunun müdiri Fikrət Paşayev, Balıqartırma İdarəsinin Sumqayıt-Xaçmaz regionu üzrə bölməsinin mütəxəssisi İbrahim Muxtarov və Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin Su hövzələrində bioresursların mühafizəsi xidmətinin Sumqayıt-Xaçmaz region üzrə sektorunun baş müfəttişi Zahid Bəkirovun xidməti vəzifələrinin icrası zamanı qanun pozuntularına yol vermələri faktı ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işinin istintaqı aparılıb. Aparılmış istintaq-əməliyyat tədbirləri ilə qeyd olunan vəzifədə işləyərkən Fikrət Paşayevin İbrahim Muxtarov və Zahid Bəkirov ilə qabaqcadan əlbir olaraq 2003-2018-ci il tarixləri ərzində balıq ovu sezonunda Xəzər dənizinin Sumqayıt-Xaçmaz sahil zolağına aid olan hissəsində qeyri-qanuni balıq ovunun aparılması, balıq ovu ilə bağlı ayrı-ayrı şəxslərin sahil zolağına sərbəst çıxışlarına icazə verilməsi, habelə həmin qanunsuz hərəkətlərin davam etməsinə şərait yaradılması müqabilində balıqçılıq fəaliyyəti ilə məşğul olan 31 şəxsdən sürücüsü Fikrət Abdulrəhimovun vasitəsilə cəmi 287 min 660 manat məbləğində pul vəsaitini rüşvət qismində alaraq öz aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında Fikrət Paşayevə, Zahid Bəkirova, İbrahim Muxtarova və Fikrət Abdulrəhimova müvafiq olaraq Azərbaycan Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda), 311.3.1 (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 311.3.3 (rüşvət alma külli miqdarda törədildikdə) və digər maddələri ilə yekun ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onlara şərti cəza verilib.

Geri qayıt