Əsas Səhifə > Güney Press > Nəsrullahın ölümü Tehrana fürsət yaradıb

Nəsrullahın ölümü Tehrana fürsət yaradıb


Bu gün, 14:11
Nəsrullahın ölümü Tehrana fürsət yaradıb
BMT Baş Assambleyasında dövlət və hökumət başçıları yenə danışıb, dağılışdılar.

Bu təşkilat beynəlxalq siyasi aləmdə problemlərin dilə gətirilməsi üçün bir kürsü rolunu oynayır. Onun tribunasından düşmən ölkələr də çıxış edir, dostlar da. Biri- birinə qənim kəsilən diktatura və demokratik rejimlərin belə burada danışmaq imkanı olur.

Bu baxımdan, İran və ABŞ-ni misal göstərmək olar. Onların regional və qlobal miqyasda maraqları toqquşur. İran Amerikanı özünün bir nömrəli düşməni sayır.

BMT tribunası onların qarşılıqlı ittihamları səsləndirməsi üçün əsl meydandır. Baş Assambleyanın 79-cu sessiyası çərçivəsində də, əvvəlki illərdəki kimi, oxşar hadisələr baş verib.

ABŞ və İran prezidentlərinin toplantıdakı çıxışları göstərdi ki, tərəflərin münasibətinin normallaşması belə yaxın zamanda baş verməyəcək.

ABŞ prezidenti Cozef Bayden çıxışında bildirib: “Biz birlikdə oktyabrın 7-nin təkrarlanmasına (HƏMAS-ın Qəzza zolağından İsrail ərazisinə sızması – red.) çağırış edən terrorçuların vəkillərinə oksigen verməməli və İranın heç vaxt nüvə silahını əldə etməməsinə nail olmalıyıq. Biz İrandan silahlı hərbi qruplaşmaları dəstəkləməkdən və nüvə silahı düzəltməkdən əl çəkməsini istəyirik”.

Onun sözlərinə görə, Qəzzada “sülhə doğru irəliləyiş” Tehranın yaratdığı təhlükə ilə mübarizədə ABŞ-ni daha yaxşı vəziyyətə salacaq.

Cozef Bayden çıxışı zamanı əsas diqqəti Qəzza zolağında baş verən humanitar böhran və İsrail ilə Livandakı “Hizbullah” hərəkatı arasında artan gərginliyə yönəldib.

ABŞ qeyd-şərtsiz yəhudi dövlətini, Beniamin Netanyahu hökumətini dəstəkləyir. Buna görə də tənqidə məruz qalır. Bununla yanaşı, Bayden administrasiyası Qəzza zolağında atəşkəsin əldə olunması yönündə səylərini də davam etdirir, bu istiqamətdə danışıqlar aparır. Ancaq əsas rəsmi Təl-Əvivin mövqeyidir. Çünki ştatlar bütün hallarda İsraili müdafiə edir.

İsrail hökuməti isə Qəzza zolağında HƏMAS-ı, başqa qanunsuz silahlı qruplaşmaları, Livanda “Hizbullah”ı və onların başçılarını zərərsizləşdirənədək əməliyyatı davam etdirəcəyini bildirir.

Bu günlərdə İsrail hökuməti ilə “Hizbullah” arasında 21 günlük atəşkəsə dair razılaşma olduğu barədə məlumat yayılmışdı. Baş nazir Beniamin Netanyahu bu xəbəri təkzib edərək bildirib ki, qruplaşmanın liderləri zərərsizləşənədək əməliyyatı davam etdirəcəklər. Bu isə o deməkdir ki, İsrail hakimiyyəti dövlət üçün təhlükə yaradan İranyönlü bütün silahlı qruplaşmaları neytrallaşdırmaqda qərarlıdır. “Hizbullah” lideri Həsən Nəsrullahın raket atəşi nəticəsində öldürülməsi İsrailin bəyanatlarında nə qədər ciddi olduğunu göstərdi. Bu barədə az sonra...

Benyamin Netaniyahu da BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxış edib: “Düşmənlərimiz elə düşünürdü ki, biz hörümçək toruna düşmüşük. Ancaq bizim damarlarımız iradəmiz və baxış gücümüz kimi poladdandır”. Qeyd edək ki, İsraili “hörümçək toruna” “Hizbullah”ın baş katibi Həsən Nəsrullah bənzətmişdi: “İsrail məhvə məhkum olmuş hörümçək toruna oxşayır”.

Qeyd etdiyimiz kimi, sentyabrın 27-də İsrail Hərbi Hava Qüvvələrinin Livan paytaxtı Beyruta, “Hizbullah”ın mərkəzi qərargahına raket zərbələri endirməsi nəticəsində Həsən Nəsrullah, qızı Zeynəb Nəsrullah, İran İnqilab Keşikçiləri Qvardiyası Qüds qanadının komandanının əməliyyat üzrə müavini general Abbas Nilfuruşan, qruplaşmanın cənub cəbhəsinin komandanı Əli Karaxi və başqa yüksək rütbəli hərbçilər də ölüb.

İran Prezidenti Məsud Pezeşkian Baş Assambleyadakı çıxışında regionda baş verən hadisələrə görə ABŞ-ni ittiham edib. O bildirib ki, İsrail silahı yerə qoysa, İran da bu addımı atar. Məsud Pezeşkian 2025-ci ildə Qərblə nüvə proqramına dair danışıqları davam etdirməyə hazır olduqlarını da vurğulayıb.

İran hakimiyyətinin siyasi ideoloqları onun İsraillə qarşılıqlı olaraq silahları yerə qoymaq təklifini tənqid ediblər. Onlardan biri, “Keyhan” qəzetinin sahibi Hüseyn Şəriətmədari bildirib ki, prezidentin yanındakı müşavirlər qərbyönümlüdürlər. Bu səbəbdən də Pezeşkian belə açıqlamalar verir.

Bu isə onun göstərir ki, İran hakimiyyəti daxilindəki mühafizəkarlar İsrail-HƏMAS və İsrail-“Hizbullah” ətrafında yaranmış gərginliyi azalmasında və aradan qalxmasında maraqlı deyillər.

Həsən Nəsrullahın ölümü ilə gərginləşən vəziyyəti daha da ağırlaşdırmaq məqsədi ilə Tehran hakimiyyətinin təmsilçiləri, necə deyərlər, yanan odun üzərinə yağ tökürlər. Fələstin Xalqının İslam İnqilabına Dəstək üzrə Prezident Komitəsinin rəhbəri və İdarə Heyəti sədrinin beynəlxalq məsələlər üzrə keçmiş müavini ayətullah Məhəmmədhəsən Əxtəri bildirib ki, İran könüllülərinin Livana göndərilməsi üçün yaxın günlərdə qeydiyyat başlayacaq.

Onun sözlərinə görə, İsrailə qarşı döyüşmək üçün, əvvəllər olduğu kimi, Livana qoşun göndərə bilərlər: “İsrail Livandakı müqavimət qüvvələrinin özəyinə hücum edib, ona görə də laqeyd qala bilmərik”.

Aydın məsələdir ki, İran Livana rəsmi qoşun yeridə bilməz. Bu, onun İsrailə qarşı müharibədə birbaşa və açıq iştirakı olar. Ona görə də Tehran özünü könüllülərin arxasında gizlətməyə çalışır.

BMT-nin Baş Assambleyasından dünyanın heç bir bölgəsi üçün sülhlə bağlı ismarışlar verilməyib, deyilənlər isə daha çox saxta sülhsevərlik imitasiyasıdır. Ona görə Yaxın Şərqdə, dünyanın başqa bölgələrində barış, təhlükəsizlik və əmin-amanlıq yaranması üçün ilk növbədə ABŞ və Çin kimi böyük güclər söz sahibidir. İrandakı hakimiyyətlər isə onların əlində bir-birinə qarşı istifadə etmək üçün dəyənəkdir.

Sədrəddin Soltan -Pressklub.Az
Geri qayıt