Əsas Səhifə > Güney Press > “Zəngəzur dəhlizi açıla bilməz...”

“Zəngəzur dəhlizi açıla bilməz...”


Bu gün, 16:24
“Zəngəzur dəhlizi açıla bilməz...”
Xəbər verdiyimiz kimi, Ermənistan Geo-siyasət akademiyasının prezidenti, Ermənistanın Makedoniyadakı keçmiş fəxri konsulu Araik Sarkisyan “You Tube” kanalındakı çıxışında söyləyib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistan baş naziri Nikol Paşinyan Nyu-Yorkdakı “Türk evi”ndə baş tutan görüşlərində Qars-İğdır-Naxçıvan-Meğri-Bakı dəmir yolunun tikintisi ilə bağlı razılığa gəliblər. Görəsən, bu məlumat nə dərəcədə gerçəyə uyğundur?..

Moderator.az-a açıqlamasında siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu mövzu ilə bağlı aşağıdakı fikirləri ifadə edib:

“Mənə elə gəlir ki, dediyiniz mənbə bu məsələni yanlış şərh edir. Çünki əslində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT tribunasından da dedi ki, Türkiyə-Ermənistan münasibətləri Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasından asılıdır. Yəni bəhs edilən yol o zaman açıla bilər ki, buna ən azı üç dövlətin razılığı olsun: ilk növbədə əsas mübahisəli hissə onun ərazisindən keçdiyi üçün Ermənistanın, sonra da Türkiyənin və Azərbaycanın... Görünən isə odur ki, hələ ortada heç bir anlaşma yoxdur. Anlaşma ona görə yoxdur ki, hazırda “Zəngəzur dəhlizi” deyilən dəhlizə sahib çıxmaq istəyənlər daha çoxdur... Öncə bu dəhlizi 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda Rusiya qeyd etmişdi. Və son illər ərzində Moskva həmin yolun açılmasına çalışsa da, Ermənistan müqavimət göstərirdi. Bu dəhlizin açılmasına son vaxtlar İran da müqavimət göstərir. İndi Qərb də Gürcüstanın, demək olar ki, tam şəkildə Rusiyanın nəzarətinə keçməsindən sonra Zəngəzur dəhlizinin ona lazım olduğunu bildirir. Yəni Orta dəhlizin Azərbaycandan keçən davamında Zəngəzur dəhlizi də Gürcüstan ərazisinə bir alternativ kimi nəzərdə tutulur. Bir sözlə, bu mövzu ətrafında vəziyyət getdikcə mürəkkəbləşir. Və bu durumun yaxın zamanda çözüləcəyini söyləmək, hesab edirəm ki, hələ tezdir. Çünki müəyyən geo-siyasi məsələlər həllini tapmayınca sözügedən dəhliz açıla bilməz. Ona görə ki, “həmin dəhliz, həmin yol elə geo-siyasi mübarizənin, özəlliklə də onun Cənubi Qafqazda aparılan hissəsinin əsas predmetidir” desəm, yəqin ki, yanılmaram...”

Geri qayıt