Əsas Səhifə > Güney Press > Aparıcının övladının bağçada həyatını itirməsi təhlükəsizlik məsələsini gündəmə gətirdi

Aparıcının övladının bağçada həyatını itirməsi təhlükəsizlik məsələsini gündəmə gətirdi


Bu gün, 13:14
Aparıcının övladının bağçada həyatını itirməsi təhlükəsizlik məsələsini gündəmə gətirdi
AzTV-nin əməkdaşı, aparıcı Həmid Əsədzadənin 2 yaşlı qızı Sədəf Əsədzadənin “Candy kids” adlı özəl uşaq bağçasında həyatını itirməsi ölkə gündəmində ciddi müzakirə yaradıb. Hadisənin detalları ilə bağlı yayılan məlumatlarda qida qəbul edərkən yemək parçasının balaca Sədəfin nəfəs borusunda qaldığı bildirilir. Qeyd edilir ki, onun ölümündə bağça müəllimlərinin də səhlənkarlığı olub, onlar təcili yardımı gec çağırıblar. Baş verən bədbəxt hadisə bağçalarda nəzarətin zəif olması məsələsini yenidən gündəmə gətirib.

Təhsil eksperti Elşən Qafarov Pravda.az-a açıqlamasında deyib ki, bu hadisə fərdi haldır.
"Nəzərə alsaq ki, ölkədə dövlət mülkiyyətində olan 2 minə yaxın məktəbəqədər təhsil müəssisəsi var, 18 minə yaxın uşaq isə bu təhsil müəssisələrindədir. Əlbəttə, üzücü hadisədir, amma bir hadisənin baş verməsi bu anlama gəlməməlidir ki, məktəbəqədər təhsil müəssisələrində nəzarət zəifdir, yaxud yerinə yetirilmir. Bu cür yanaşmanı doğru saymıram. Baş verən təsadüfi hadisədir. Heç kim heç nədən sığortalanmayıb. Biz, sadəcə, hadisəni bilirik. Baş vermə səbəbini bilmirik. Doğrudan da, hadisə nəzarətsizlikdən olub, yoxsa fərqli hal yaşanıb? İstənilən halda hadisə baş verib. Məktəbəqədər təhsil müəssisələrimizdə nəzarət sistemi kifayət qədər var. Çox təəssüf ki, bəzən bu cür üzücü hadisələr baş verir", - ekspert bildirib.

Geri qayıt