Əsas Səhifə > Güney Press > Yerin altı tıxac, üstü tıxac

Yerin altı tıxac, üstü tıxac


26-09-2024, 10:22
Yerin altı tıxac, üstü tıxac
Artıq elə bir məqam çatıb ki, insanlar yalnız yerüstü nəqliyyatda yox, yer altında da tıxaca düşür. Tıxaca düşmədən, mənzil başına vaxtında çatmaq üçün istifadə edilən metroda da sıxlıqlar artıb.

Bəs hazırda metrolarda da yaranan tıxac problemi necə həll edilməlidir?

"Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-in suallarını cavablandırarkən qeyd edib ki, metropolitendə sərnişin sayında artım hiss olunur.

"Bu, əvvəlcədən də proqnozlaşdırılırdı. Yeni tədris ili başlamazdan əvvəl elan etdik ki, "Bakı Metropoliteni" ən optimal hərəkət qrafikini təqdim edəcək. Yəni qatarlar arasında interval səhər və axşam gur saatlarda texniki cəhətdən mümkün olan ən minimal həddə təyin olunacaq. Hazırda bu tətbiq olunur. Təbii ki, "Bakı Metropoliteni" stansiyalarının bəlli bir buraxıcılıq qabiliyyəti və eyni zamanda, hər bir vaqonun 315-330 sərnişin tutumu var. Bu standartlar dəyişdirilə bilməz. Səhər və axşam gur saatlarda texniki cəhətdən mümkün olan ən minimal hədd olduğundan ehtiyat qatarların buraxılması mümkün deyil. Bu səbəbdən xətdə qatarların manevrindən istifadə edilir.

Sıxlıq yalnız 4 stansiya - "Elmlər Akademiyası", "28 May", "Gənclik" və "Nəriman Nərimanov" üzrə olur. Sərnişin sayının çoxluğu səbəbindən "yaşıl" və "qırmızı xətt" üzrə qatarların hərəkətində sıxlıq müşahidə edilir. Bu zaman isə ehtiyat qatarından istifadə olunur", - deyə o bildirib.

Məsələ ilə bağlı Trend-ə açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, metroda olan sıxlıq açıq, qabarıq şəkildə görünür və demək olar ki, hər il yaşanılan bir haldır.

"Amma bu problem cari ildə daha qabarıq bir vəziyyətdə özünü göstərdi. Bir çox ölkələrin təcrübəsinə baxanda görürük ki, metronun inkişafı böyük bir strategiya kimi qarşıya qoyulur və buna ciddi şəkildə əməl olunur. Ancaq bizdə, çox təəssüf ki, metronun inkişafı ləng gedib. Görürük ki, vəziyyət çox çətindir. "28 May" stansiyasının qarşısını görəndə adamı dəhşət bürüyür ki, görəsən, nə baş verir?!

Metroya girişin bu qədər çətinliyə çevrilməsi insanı dəhşətə gətirir. Fikrimcə, bu məsələlər çox ciddi şəkildə düşünülməli, təhlil edilməli və həlli tapılmalıdır. Sərnişini stansiyanın nə vaxt tikilməsi, niyə gec tikilməsi maraqlandırmır. Sərnişini maraqlandırır ki, vaxtında mənzil başına çatsın və bunu da həll etmək aidiyyəti qurumların vəzifə borcudur.

Biz ictimai nəqliyyata insanları stimullaşdırmaqdan, həvəsləndirməkdən danışırıq, deyirik, hamı avtobusa minsin, şəxsi maşın sürməsin. İnsanları bu vəziyyətə salandan sonra kim şəxsi maşından imtina edəcək?! Əksinə, maşını olmayanlar da gedib maşın alacaq. Çünki artıq yeni mövsüm başlayıb, tələbələr dərsə gedir və dünənə qədər metro ilə övladını məktəbə göndərən valideyn artıq bu gün fikirləşir ki, təzə maşın alım, uşaq yolda qalmasın, ya taksi tutum, uşaq taksi ilə getsin məktəbə, ya da 18 yaşı tamam olan kimi bir maşın alım, özü dərsə rahat getsin-gəlsin, belə çətinlik də olmasın.

Yəni artıq proses bu səviyyədə narahatlıq doğurmağa başlayıb. Ümid edirəm ki, metro bunu nəzər alacaq. Yerüstü nəqliyyətda da ciddi problemlər var. Avtobusların sayı arzuolunan qədər deyil. Sayı artırılanda keyfiyyəti aşağı düşür. Keyfiyyəti artıranda say aşağı düşür. Yəni çox çətin bir vəziyyətdir. Bu, böyük vaxt aparacaq. Çox qısa zamanda bunu həll etmək mümkün deyil. Amma bu da bu günün problemi deyil", - deyə o əlavə edib.

Geri qayıt