Əsas Səhifə > Güney Press, Ana xəbərlər > “Əsrlərin “Rus olmasa, türklər bizi yeyəcək” yalanından qurtulmaq lazım...”

“Əsrlərin “Rus olmasa, türklər bizi yeyəcək” yalanından qurtulmaq lazım...”


26-09-2024, 09:46
“Əsrlərin “Rus olmasa, türklər bizi yeyəcək” yalanından qurtulmaq lazım...”
Politoloq Harutyun Mkrtçyan Ermənistan baş naziri ilə Türkiyə prezidentinin Nyu-Yorkda görüşünü Ermənistan-Türkiyə münasibətlərinin normallaşması yolunda irəliyə doğru addım kimi qiymətləndirir. Onun sözlərinə görə, iki ölkə rəhbərliyi göstərdi ki, münasibətlərin yaxşılaşdırılması istiqamətində işlər aparılır və siyasi iradə nümayiş etdirmək qalır.

Moderator.az xəbər verir ki, erməni politoloq bu haqda “Haykakan Jamanak”a müsahibəsində danışıb.

“Lakin Türkiyənin mövqeyində Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsinin ən çox Ermənistan-Azərbaycan münasibətlərindən asılı olması hələ də vurğulanır. Ancaq Ermənistan tərəfi Türkiyəyə qarşı çıxmalı və qeyd etməlidir ki, əgər söhbət ilkin şərtsiz münasibətlərin tənzimlənməsindən gedirsə, o zaman tərəflərdən birinin hər hansı üçüncü ölkəsi ilə münasibətlərə münasibətdə belə, heç bir ilkin şərt olmamalıdır. Amma Türkiyə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasından danışarsa, bu, o münasibətlərin gedişatına da təsir edə bilər”, - deyə o, bildirib .

“Bu baxımdan nəzərə almalıyıq ki, Türkiyə tərəfdən gözlənilən hər şey Ermənistan-Azərbaycan münasibətləri ilə bağlıdır. Diplomatiyamız onu pozmaq üçün əks addımlar atmalıdır. Hər halda o addımlar var. Ermənistan-Türkiyə sərhədində çox böyük işlər görülüb. Marqara keçid məntəqəsi bizdə artıq hazırdır, əminəm ki, Türkiyə tərəfində də belədir. Türkiyə tərəfinin Qarabağ məsələsində fundamental tələbi artıq həll edilib, Azərbaycan üçün isə Qarabağ münaqişəsi hərbi yolla həllini tapıb. Ermənistan tərəfi Türkiyənin vurğuladığı Azərbaycanın ərazi bütövlüyünü tanıyaraq buna qarşı çıxmayıb”, - deyə H.Mkrtçyan nəzərə çatdırıb.

“Mən dəfələrlə demişəm ki, Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsi ilk növbədə Ermənistanın maraqlarına uyğundur. Əsrlərin “Rus olmasa, bizi türklər yeyəcək” yalanından qurtulmaq lazımdır. Türkiyə ilə münasibətlərin tənzimlənməsi sülh müqaviləsini daha tez imzalamasına kömək edəcək. Əks halda, məlum olacaq ki, Türkiyə Ermənistanla münasibətlərini yalnız bəyanatlar səviyyəsində tənzimləməyə hazırdır, bundan kənarda Azərbaycanı dəstəklədiyini və təşviq etdiyini bildirir ki, o, sülh müqaviləsi danışıqlarını da torpeda etsin”.

Politoloq vurğulayır ki, Ermənistanın baş naziri ilə Türkiyə prezidentinin görüşünü sivil dünya və kollektiv Qərb müsbət qiymətləndirir və bunu Ermənistanın Şimaldakı “dostu” Rusiya Federasiyası haqqında demək olmaz.

Mkrtçyanın fikrincə, Rusiya regionda yalnız ona görə qalır ki, Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan münasibətləri hələ də tənzimlənməyib. Həmin münasibətlərin nizamlanmasından sonra onun bölgədə qalması üçün başqa səbəbi olmayacaq.

Geri qayıt