Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Putinin emissarı Bakıya hansı MESAJI GƏTİRDİ?

Putinin emissarı Bakıya hansı MESAJI GƏTİRDİ?


26-09-2024, 08:59
Putinin emissarı Bakıya hansı MESAJI GƏTİRDİ?
Bakıda Rusiya prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov (azərbaycanca anlamı “Allahvediyev”) və Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyev arasında görüş keçirilib.

“Yeni Müsavat” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Görüş zamanı qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlər ətrafında konfidensial fikir mübadiləsi aparılıb. Yaxın Şərqə, xüsusilə Fələstin-İsrail münaqişəsi zonasında və Livanın cənubunda hərbi-siyasi vəziyyətin inkişafına xüsusi diqqət yetirilib. Moskva və Bakının həm ikitərəfli formatda, həm də müxtəlif beynəlxalq platformalarda sıx xarici siyasət koordinasiyasını davam etdirmək öhdəliyi də təsdiqlənib”, - məlumatda deyilir.

Putinin emissarının Bakı səfərində əsas hədəf nə ola bilər? Niyə məhz indi? “Konfidensial fikir mübadiləsi” ifadəsinin sadə dilə tərcüməsi nədir?

Siyasi şərhçi Aydın Quliyev “Yeni Müsavat”a bildirdi ki, Rusiya və Azərbaycanın xarici siyasət maraqlarının uzlaşdırılması yönündə atılan addımlar və əməkdaşlığın sıxlaşması, o cümlədən xarici işlər nazirinin müavininin Bakıya səfəri iki ölkə arasında bu gün geosiyasi maraqlar kontekstində əməkdaşlığın daha da gücləndirilməsi tələbinə, eləcə də əməkdaşlığın mövcud hüquqi bazasına söykənir. Xüsusilə də həm ikitərəfli formatda, həm çoxtərəfli əməkdaşlıq platformalarında xarici siyasətin koordinasiya olunması üzrə əvvəllər əldə edilmiş razılaşmalara sadiqlik ifadə olunması indiki vəziyyətə, həm bölgədə, həm də dünya miqyasındakı vəziyyətə, eləcə də iki il əvvəl imzalanmış Strateji tərəfdaşlıq sənədinə tam şəkildə uyğundur: “Əlbəttə, Rusiya xarici işlər nazirinin müavini Boqdanovun Bakıya budəfəki səfərinin arxasında xüsusilə bizim bölgəmizdə və bölgəmizə yaxın nöqtələrdə yaranmış gərgin vəziyyətin önəmli rol oynadığını nəzərdən qaçırmaq olmaz. Çünki xüsusilə də Yaxın Şərqdə cərəyan eləyən proseslər İslam dünyasına öz təsirini göstərir. Nəzərə alsaq ki, Azərbaycan da, Rusiya da çoxmillətli, çoxkonfessiyalı ölkələrdir, bu ölkələrdə dini zəmində tolerant mühitin qorunub saxlanması üçün Yaxın Şərqdə başlanmış və gün-gündən gərginləşən vəziyyətin mənfi təsirlərini diqqətə almaq lazımdır. Sirr deyil ki, İsrail-ərəb, İsrail-Livan müharibəsinin dərinləşməsi müəyyən mənada İslam dünyasında bəzi tendensiyalara səbəb ola bilər. İkincisi, bəllidir ki, Cənubi Qafqaz bölgəsində son vaxtlar Qərb ölkələrinin aktiv fəaliyyəti hiss olunur. Bölgədə Qərbin və NATO-nun mövqelərinin gücləndirilməsi üçün açıq-aşkar çalışan Ermənistana hərbi, siyasi, diplomatik dəstək var. Belə şəraitdə Qafqazda açıq şəkildə geosiyasi rəqabət geosiyasi qarşıdurmaya çevrilmək ehtimalına malikdir. Qərbin Ermənistan vasitəsilə bölgəyə dağıdıcı nüfuz etməsinin qarşısının alınması üçün Azərbaycan kimi balanslı siyasət aparan ölkə ilə Rusiyanın münasibətlərinin koordinasiya edilməsinə ciddi ehtiyac var. Gürcüstanda Rusiya və qərbyönümlü qüvvələrin açıq savaşı gedir. Ermənistanda rusiyayönümlü siyasi qüvvələr hələlik nə cəmiyyətə, nə də hakimiyyətə lazımi qədər təsir göstərmək gücündə deyillər. Ancaq qərbyönümlü siyasi qüvvələr və hakimiyyət qüvvələri kifayət qədər imkanlara malikdirlər. Belə bir şəraitdə Ermənistanın Qərblə əməkdaşlığı bu bölgədə qüvvələr balansını təhlükəli dərəcədə poza bilər. Bu şəraitdə Azərbaycanın və Rusiyanın daha sıx əməkdaşlığı bölgəmizə kənardan dağıdıcı müdaxilələrin zərərsizləşdirilməsində çox mühüm rol oynaya bilər”.

Analitikin sözlərinə görə, digər tərəfdən, sirr deyil ki, artıq Qərb ölkələri Azərbaycan kimi Qafqazdakı sabit ölkəyə qarşı müəyyən ideoloji hücum və təbliğat planları üzərində işləyirlər. Belə bir şəraitdə Azərbaycanda sabitliyin pozulması Qərbin müəyyən dairələri üçün hədəfə çevrilib ki, bu da Rusiyanın maraqları çərçivəsində deyil. Ona görə də Rusiyanın hakimiyyət orqanlarının təmsilçilərinin səfərinin arxasında müəyyən narahatlıq hisslərinin olduğunu da görmək lazımdır: “Üçüncüsü, Mərkəzi Asiya ilə əməkdaşlıq yolunda Azərbaycan çox böyük bir körpüdür. Amma məsələ burasındadır ki, Qərb ölkələri bu gün Mərkəzi Asiyanın sərvətlərinə göz dikiblər. Mərkəzi Asiyada özlərinə sərf edən siyasət aparmaqdadırlar. Artıq dəfələrlə Mərkəzi Asiya ölkələri+Almaniya, Mərkəzi Asiya ölkələri+Avropa Birliyi, Mərkəzi Asiya ölkələri+Çin, Mərkəzi Asiya ölkələri+ABŞ formatlarında müəyyən dialoqlar keçirilib. Təbii ki, bu görüşlər Mərkəzi Asiya ölkələrində anti-Rusiya ovqatını qızışdırmaq, bu ölkələri Qərbə tərəf döndərmək yolunda atılan silsilə addımların bir hissəsi sayılmalıdır. Mərkəzi Asiya bölgəsində radikal cərəyanların yayılması Qərbin planlarında olan gizli niyyətlərdən biridir. Perspektivdə məhz bu məsələ Azərbaycanı da, Rusiyanı da xeyli dərəcədə narahat edir. Ona görə də bunların qarşısını öncədən almaq üçün Azərbaycanın və Rusiyanın məhz bu istiqamətdə də fəaliyyətlərinin koordinasiya olunmasına önləyici addım kimi baxmaq lazımdır. O baxımdan Boqdanovla Hacıyevin görüşü konkret hədəfləri olan görüşlərdən biri sayıla bilər”.

Geri qayıt