Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Naxçıvanda hələ də köhnə AB-HAVADIR...

Naxçıvanda hələ də köhnə AB-HAVADIR...


21-01-2024, 08:40
Naxçıvanda hələ də köhnə AB-HAVADIR...
Bir müddət əvvəl Naxçıvandakı mənbələrimizə istinad edərək, bildirmişdik ki, bu diyarın səhiyyə sistemində hətta xadiməlik belə hərraca çıxarılıb. Özü də babat qiymətə - 3000-5000 manata.

Babək rayonunun Sıxmahmud kənd sakini Mehdiyeva Bahar Abdulla qızının Ovqat.com-un e-mail ünvanına göndərdiyi səsli mesaj da bu iddianı təsdiqləyir.

Bahar xanımın iddiasına görə, 4 ildir xadimə işləmək üçün növbəyə durub. Babək rayonunda xəstəxanalardan birində xadiməlik yeri də boşalıb. O, bir çox ünvanlara müraciət edərək, bu iş yerində çalışmaq istədiyini bildirib. Təsəvvür edin, hətta Naxçıvan MR Ali Məclisinin faktiki sədri Anar İbrahimov belə, onun bu istəyinə müsbət cavab verib. Amma yenə işi düzəlməyib. Niyə? Çünki onun bu işə düzəlmək üçün rüşvət verməyə pulu yoxdur. Hər halda Bahar xanım belə deyir.

Şikayətçinin səsli mesajı
Maraqlıdır ki, Bahar xanım bu şikayətlə Naxçıvan MR Səhiyyə nazirinin də qəbulunda olub. Nazir isə onun şəkilini çəkdirərək nazirliyin sosial şəbəkələrində paylaşıb. Adını da qoyub: “vətəndaşların şikayətinə baxıram”. Şikayətə baxmağının nəticəsi isə xadiməni əli ətəyindən uzun yola salmaq olub.

Ovqat.com-un əməkdaşı şikayətçi Bahar xanımla əlaqə saxlayıb. Hazırda harda işlədiyini və niyə məhz Şıxmahmud kənd xəstəxanasında işə düzəlmək istədiyini xəbər alıb. Şikayətçi deyib ki, hazırda Naxçıvan şəhər 14 nömrəli məktəbdə xadimə işləyir. Aldığı maaş hər gün işə gedib gəlmək üçün çəkdiyi xərcə çıxır. Öz kəndlərində işləmək istəməsinin bir başqa səbəbi xəstə oğluna daha rahat nəzarət və qulluq edə bilmək istəməsidir.

Şikayətçi onu da deyib ki, öz haqqını alana qədər mübarizəsini davam etdirəcək.


Geri qayıt