Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Şərurda sahibkarlar Allahın ümidinə buraxılıb...

Şərurda sahibkarlar Allahın ümidinə buraxılıb...


24-11-2023, 11:02
Şərurda sahibkarlar Allahın ümidinə buraxılıb...
Şərur şəhərindəki köhnə bazar kimi tanınan ticarət mərkəzində baş vermiş yanğınında malları yanan sahibkarlara kompensasiya ödənilmir. Bu barədə “Gündəlik Naxçıvan”a sahibkarların özləri məlumat verib. Onlar deyir ki, yanğından sonra onlara dəymiş ziyanın ödənilməsi ilə bağlı vəd verilsə də, sonradan maraqlanan olmayıb.
Sahibkarlardan R. Kərimov deyir ki, yanan mallarını nisyə götürüb və mal sahibi pulunu geri tələb edir:
“İllərdir bu bazarda ticarətlə məşğul oluram. Yanğında mənə də 15 min manat ziyan dəydi. Yanğından sonra ziyana düşənlərin siyahısını yazdılar. Bildirildi ki, hesablanacaq və hər kəsə dəymiş ziyan ödənəcək. Hələlik bizimlə maraqlanan yoxdur. Yanan malımın çox hissəsini nisyə götürmüşdüm. İndi nə edəcəyimi bilmirəm. Biz dövlətə illərdir vergi ödəyirik. Bazar sığortalandığı da bildirilir. Hazırda yanan bazarın qarşısında çətir qurub evdə qalan mallarımı sataraq həm ailəmin keçinməsini saxlamağa, həm də borclarımı hissə-hissə qaytarmağa çalışıram. Lakin alış-veriş də ürək açan deyil. Bütün ziyana düşmüş ticarətçilər çarəsiz vəziyyətdə qalıblar.”
Naxçıvanda ilin əvvəlində baş verən siyasi dəyişiklikdən sonra bazarın nəzarəti Talıbovlardan alınıb və Hacı Qasım adlı iş adamına verildiyi bildirilir. Lakin, sahibkarlardan S. Musayev deyir ki, indiyə kimi onun üzünü görməyiblər:
“Bazarın sahibi ortada yoxdur ki, ondan nə isə tələb edək. Bazara baxan digərləri də məsələnin onların səlahiyyətində olmadığını bildirirlər. 60-dan yuxarı adama ziyan dəyib. 5 min də ziyana düşən var, 25 min də. Çoxumuz malları fərqli yerlərdən nisyə götürüb satdıqca pulunu ödəyib, mal sifariş edirdik. İndi həm özümüz pis vəziyyətə düşmüşük, həm bizə mal verənlər. Hələlik bazarın qarşısında, müxtəlif yerlərdə malımızı açıb satırıq. Qış yaxınlaşır, havalar da soyuyur. Vəziyyətimiz daha da ağırlaşacaq. Yanğına görə, sahibkarlara dəymiş ziyana görə gələ də heç bir addım atılmayıb. Dəqiq bir söz deyən də yoxdur. Yola verməklə ötüşdürürlər”.
Oktyabrın 21-də, gecə saatlarında Şərur şəhərindəki köhnə bazar kimi tanınan ticarət mərkəzində yanğın baş verib. Yanğının qəsdlə törədildiyi ehtimal edilir.
Baş verən yanğın nəticəsində ərazisi 4.800 kvadratmetr olan bazarın təxminən 20 faizi yanıb. Bura xüsusilə bazarın rəflər olan ərazisi aiddir. 60 ədəd rəflə yanaşı 1 ofis və 2 mağaza da yanaraq, sıradan çıxıb. Bazarda çalışan ticarətçilərin „Gündəlik Naxçıvan“a verdiyi məlumata görə, yanğının qəsdlə törədilmə ehtimalı böyükdür. Onlar deyir ki, yanan bazarın qarşısında bir neçə ay öncə yeni ticarət mərkəzi tikilib. Bu mərkəzdə icarə haqları baha olduğundan, ticarətçilər ora yaxın durmurmuş. Ticarətçilər bildirir ki, maraqlı şəxslər bazarı yandırmaqla, onları həmin mərkəzə köçməyə məcbur etmək istəyirlər.

Mənbə: “Gündəlik Naxçıvan”
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...

Geri qayıt