Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Oqtay Şirəliyevə şok müraciət: «Rüşvətxor həkimlərinizin gözünü doyura bilmərəm»

Oqtay Şirəliyevə şok müraciət: «Rüşvətxor həkimlərinizin gözünü doyura bilmərəm»


20-02-2014, 14:05
Oqtay Şirəliyevə şok müraciət: «Rüşvətxor həkimlərinizin gözünü doyura bilmərəm»
DİA.AZ: - «Səhiyyə Nazirliyinin bəlkə də bu faktdan xəbəri yoxdur. Amma olmasa belə, tədbir mütləq görülməlidir». Bu sözləri deyən Bayıl qəsəbə sakini bildirir ki, illərdir şəkər xəstəliyindən əziyyət çəkir:

«Ərazimizə uyğun olaraq 15 saylı poliklinikada xəstəliyimlə əlaqədar qeydiyyatdayam. Bilirəm ki, şəkər xəstələrinin dava-dərmanları dövlətimiz tərəfindən qarşılanır. Amma mən bu illər ərzində bir dəfə də olsun, pulsuz olaraq nə bir dərman almışam, nə də müayinə olunmuşam».

Narazı vətəndaş bildirir ki, 15 saylı poliklinikanın həkimləri kimsədən çəkinmədən xəstələrdən açıq şəkildə rüşvət yığırlar: «Onlar kimsədən ehtiyat eləmədən dövlət xəstəxanasını bazara çeviriblər. Hətta o həddə çatıblar ki, tələb etdikləri rüşvəti verməyəndə, xəstələrlə davaya çıxırlar. Hətta ağır şəkər xəstələrinin durumunu belə nəzərə almırlar».

Bu gün sözügedən xəstəxananın fizioterapiya şöbəsində rəsmən talan edildiyini bildirən şikayətçinin sözlərinə görə, dünən 5 manat verib: «Mən orta məktəbdə müəlliməyəm. Maaşım o qədər çox deyil ki, hər dəfə onlara pul verim. Bu gün də 10 manat verdim. İradə adlı həkim mənə rəsmən dirəşdi ki, çox pul verməliyəm. Hardan alım? Dəfələrlə bildirdim ki, dövlət şəkər xəstələrinə qayğı göstərir. Üstümə bağıraraq istədiyi pulu məndən almağa çalışdı».

Narazı vətəndaş DİA.AZ vasitəsilə səhiyyə naziri Oqtay Şirəliyevə müraciətində bildirdi: «Cənab nazir. Xəbəriniz yoxdursa, bilin ki, burda dövlətin pulunu yemələri bir yana, həm də əlavə olaraq xəstələrdən bazardakı kimi pul yığırlar. Bu sahəyə siz rəhbərlik edirsiniz və sabah siz cavab verməli olacaqsınız.

Mənim imkanım yoxdur ki, hər həftə 50 manatlıq dərman alım, həm də sizin rüşvətxor həkimlərinizin gözlərini doyurum».

Qarşı tərəfi də dinləməyə hazırıq…

Geri qayıt