Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Nərimanovun icra başçısı belə şeyləri görməz...

Nərimanovun icra başçısı belə şeyləri görməz...


1-10-2023, 07:38
Nərimanovun icra başçısı belə şeyləri görməz...
DİA.AZ: - “Yaşadığımız yer zirzəmidir. Yerdən 5 metr aşağıda yaşayırıq. Havasızlıqdır, pəncərə yoxdur. Burada məcburən imkansızlıqdan, çarəsizlikdən yaşayırıq”.
DİA.AZ bildirir ki, Nərimanov rayonu, Arif Heydərov küçəsində yerləşən binanın zirzəmisində yaşayan sakinləri birləşdirən bir şey var: Maddi imkansızlığa görə başqa evə köçə bilməmək. Bu səbəbdən onlar zirzəmidəki pəncərəsiz, rütubətli evlərdə yaşamalı olurlar.
Rəhman Əhmədov da həmin sakinlərdən biridir. Cəbrayıldan məcburi köçkün düşən Rəhman uzun illər Biləsuvar rayonunda yaşasa da, imkansızlıq və işsizlik onu Bakıya üz tutmağa vadar edib. O da həyat yoldaşı və xəstə qızı ilə birlikdə binanın təxminən 5 metr dərinliyindəki birotaqlı evdə məskunlaşıb.
“2018-ci ildən binanın zirzəmisində yaşayırıq. Vəziyyətimiz acınacaqlıdır. Havasızlıqdır, nəmişlikdir. Kondisionerin sayəsində birtəhər yaşayırıq. Övladım xəstədir, 9 ildir fəhləliklə qazandığım uşağın müalicəsinə, həkimlərə gedib, yenə də çatdıra bilmirəm. Hal-hazırda uşağı psixoloqa aparırıq, yüksək məbləğlər istəyirlər, qarşılamağa gücümüz çatmır. Dolanışıq, sosial yardım, uşaqpulu yoxdur. Qalmışıq belə çarəsiz vəziyyətdə. Bilmirik gedib dərdimizi kimə deyək?”, - Rəhman Əhmədov deyib.
Digər sakin Sima Emilova da 2006-cı ildən bu binanın zirzəmisində yaşadığını bildirir. Yol idarəsində xadimə işləyən Sima Emilova məcburiyyətdən burdan ev aldığını deyir:
“Yol idarəsində xadimə işləyirəm, İlhamın ayağının altını təmizləyirəm. İmkan olmadığına görə binanın zirzəmisindən ev almışam. İmkan olsa idi torpaq alardım, ev tikərdim, ancaq gücüm burdan ev almağa çatdı. Kirayələrdən boğaza yığılmışdım. Bura da rütubətli olduğuna görə ayaqlarım tutulub, oynaqlarım sızıldayır, amma kirayələrdə qalmaqdan bura yaxşıdır. 14 kvadratlıq pəncərəsiz evdə qalıram. Axşam 12-yə kimi çöldə otururam, gecə də yatmağa gələndə ventilyatoru qoşuram. Kanalizasiya olmadığından paltarları da əl ilə yuyuram. Çox çətin şəraitdə yaşayırıq. Bununla bağlı icra hakimiyyətinə, bələdiyyəyə şikayətlər etmişik, hər dəfə deyirlər, məcburi köçkünlər köçsünlər, sonra düzəldərik”.
Cəbrayıl rayonundan məcburi köçkün düşən Habil Hüseynov da 2006-cı ildən bu zirzəmidə yaşayır. Pəncərəsiz, havasız yerdə yaşamağın çox çətin olduğunu bildirən Habil Hüseynov tezliklə öz kəndinə qayıdacağı günü gözləyir.
Geri qayıt