Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Cəlilabadın icra başçısı yerli məmurlarla ƏL-ƏLƏ VERƏRƏK...

Cəlilabadın icra başçısı yerli məmurlarla ƏL-ƏLƏ VERƏRƏK...


15-05-2023, 08:40
Cəlilabadın icra başçısı yerli məmurlarla ƏL-ƏLƏ VERƏRƏK...
Gah saymazlıqdan cana doymuş qazinin üsyanı, gah səlahiyyətli şəxslərinin yaşıllıqlarına qənim çıxması, gah sakinlərinin susuzluq gileyi və sair ilə "gündəmdəki yerini qoruyub saxlayan" Cəlilabaddan bu dəfə də narazılıq var.

Belə ki, Cəlilabad rayon sakini Xəlil Həsənov "DogruXeber.az"a müraciət edərək, Hamarqışlaq ərazi İcra nümayəndəsi Mədət Nəzərovdan və rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilovdan xeyli narazılıq bildirib.

Xəlil Həsənov müraciətində bildirir ki, "Adlarını qeyd etdiyimiz bu iki şəxs (Rafiq Cəlilov və Mədət Nəzərov) Qarağac kəndində hektarlarla örüş sahəsini mənimsəyib, hissələrə bölüb, həyətyanı və yaşayış sahəsi kimi satıblar. Hazırda örüş sahəsinin müəyyən hissəsi Ağacanov Pərviz Adış oğlu tərəfindən çəpər alınıb. Kənd camaatının mal-qaranı otarması üçün otlaq sahəsi yoxdur."

Xəlil Həsənovun müraciəti ilə bağlı Hamarqışlaq ərazi İcra nümayəndəsi Mədət Nəzərov ilə telefon əlaqəsi saxlayıb, məsələyə münasibət bildirməsini istədik.

Sən demə bu istəyimizlə Mədət bəyin dərdini təzələdik.
O, "barənizdə şikayət daxil olub" demişdik ki, sözümüzü ağzımızda kəsib, başladı danışmağa ki, "bu barədə başqa saytlar da yazıb, amma heç biri mənim mövqeyimi soruşmayıb. Çox sağ olun ki, məsələyə obyektiv yanaşır, mənim də fikrimi dinləyirsiniz.
Qardaş, vallah bu mənim əlimdə olan məsələ deyil. Əmlak əsələləri üzrə Dövlət Xidməti qazi atası Ağacanov Pərviz Adış oğluna pay torpaq sahəsi verib, bir də həyətyanı torpaq. Kənd təsərrüfatı təyinatlı torpağı örüş sahəsinin düz ortasından onun adına həyətyanı kimi sənədləşdirib, həyətyanı torpaq sahəsini də pay torpaq kimi. Ona görə də Pərviz Ağacanov örüş sahəsinin müəyyən hissəsini şəxsi həyəti olduğu üçün çəpərə alıb.

Bu məsələ tamamilə Əmlak Məsələləri üzrə Dövlət Xidməti əməkdaşlarının yanlışlığıdır. Mənim öz torpağımı da qonşumun adına, qonşumun torpağını da başqa bir qonşunun adına sənədləşdiriblər. Dəfələrlə bu barədə mən özüm də müraciət etmişəm, amma, hələ də bu yanlışlığı aradan qaldıran yoxdur ".

Mədət Nəzərovun söylədikləri nə qədər təəccüb doğuran məsələ olsa da biz qətiyyən təəccüblənmədik. Çünki, xatırlayırsınızsa, bir neçə ay əvvəl Şamaxı rayon Böyük Xınıslı kəndində də örüş sahəsinin keçmiş bələdiyyə sədrinin oğlu tərəfindən özəlləşdirilməsi barəsində də "DogruXeber.az" informasiya portalında və "Kanal14" YouTube kanalımızda məlumatlar yayımlamışdıq. Orada da örüş sahəsinin müəyyən hissəsində yaşayış evləri tikilmiş, bir hissəsi keçmiş bələdiyyə sədrinin oğlunun adına sənədləşdirilmişdi. Bununla bağlı Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı rayon şöbəsinin əməkdaşı Ağa adlı şəxs əvvəl bizə araşdırmalar aparıldığı, sözügedən torpaq sahəsinin örüş sahəsi olduğu, verilən çıxarışın saxta olduğunu desə də, sonradan orada aparılan yeni əsaslı tikintiyə də göz yumdu və zənglərimizə belə cavab verməkdən çəkindi.

Biz bu barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayevə və İqtisadiyyat naziri Mikayıl Cabbarova rəsmi müraciət göndərsək də müraciətimizə şablon cavab verməklə, işi yenidən qurumun ərazi üzrə nümayəndəliyinə yönləndirdilər.

Biz eyni zamanda məsələ barəsində ərazi üzrə Bələdiyyə sədri Rövşən Yolçuyevə də məsələyə münasibət bildirməsi üçün müraciət etmişdik. Lakin, Rövşən Yolçuyev isə hər dəfə bizə dilucu "cavablar verir, "araşdırma" adı altında bizi günlərlə - həftələrlə gözlədir, müxtəlif bəhanələrlə suallarımızdan yayınmağa çalışırdı. Bu isə bələdiyyə sədrinin məsələdən ən başından bəri xəbərdar olduğu və hətta, bu işdə özünün də əlinin olduğu anlamına gəlir.

Elə, Cəlilabad rayon Qarağac kəndində də eyni proseslər davam etdirilir. Belə ki, örüş sahəsi üçün müraciət edən kənd sakinlərinin müraciətinə hələ yanvar ayında da cavab məktubu ünvanlayıblar ki, "Cəlilabad rayonunun Qarağac kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı örüş sahəsinin kənd inzibati dairə üzrə nümayəndəsi Mədət Nəzərov tərəfindən zəbt edilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə (daxilolma qeydiyyatı: IN-D/O- KOL-580/2022, 30.12.2022-ci il) daxil olmuş kollektiv müraciətinizə Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır.

Müraciətdə qeyd olunan məsələ ilə əlaqədar Xidmətin Cəlilabad ərazi şöbəsinin aməkdaşları tərəfindən yerində araşdırma aparılan zaman kənd təsərrüfatı təyinatlı örüş sahəsinin 0,36 hektar hissəsinin Ağacanov Pərviz Adış oğlu tərəfindən çəpərlənməsi faktı müəyyən edilmişdir.
Bununla bağlı Hamarqışlaq kənd inzibati dairə üzrə nümayəndəsi tərəfindən sözügeden çəpərin qısa müddət ərzində sökülərək, ərazinin zəbtdan azad ediləcəyi bildirilmişdir. Həmçinin, tərəfimizdən qeyd edilən hal barədə səlahiyyətləri daxilində müvafiq tədbirlərin
görülmesi məqsədilə Cəlilabad Rayon Icra Hakimiyyətinə məktub ünvanlanmışdır."

Qeyd edək ki, məsələnin həllini tapmadığı üçün təkrar müraciət edən kənd sakinlərinə mart ayında da Xidmət tərəfindən eyni məzmunlu məktub göndərilib. Lakin, hələ də problem olduğu kimi qalır.

Görünür Əmlak Məsələləri Dövlət Xidməti bütün ölkə ərazisində yalnız şəxsi maraqlarına xidmət edir.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Geri qayıt