Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Kərəm Mustafayev Naxçıvanda zabitləri nədən sorğu-suala tutur?

Kərəm Mustafayev Naxçıvanda zabitləri nədən sorğu-suala tutur?


28-01-2014, 14:23
Kərəm Mustafayev Naxçıvanda zabitləri nədən sorğu-suala tutur?
DİA.AZ: - Məlum olduğu kimi keçən ilin dekabr ayının 20-də Azərbaycan ordusu üçün çox mühüm bir qərar qəbul olundu. Qərara görə, respublikasının müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, Silahlı Qüvvələrin hissə və bölmələrinin döyüş qabiliyyətinin artırılması, bir mərkəzdən idarəetmənin təkmilləşdirilməsi məqsədilə 5-ci Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordusu yaradıldı. Burada maraqlı olanı isə o idi ki, Əlahiddə Ümumqoşun Ordusunun komandanı vəzifəsinin icrası general-leytenant Kərəm Mustafayevə həvalə olundu.

Hər halda, Kərəm Mustafayevlə bağlı yerli mətbuatda kifayət qədər ciddi kompramat xarakterli materiallar yer aldığından, yeni müdafiə naziri Zakir Həsənovun ona nəinki yeni bir vəzifəni həvalə edəcəyi gözlənilən deyildi, əksinə, Kərəm Mustafayevin də istefaya göndəriləcəyi proqnozlaşdırılırdı.

“Naxçıvandakı hərbi birləşmədə gərginlik son həddə çatıb. Hərbi birləşmədə xidmət çəkən zabitlər yaxın günlərdə korpus komandiri, general-leytenant Kərəm Mustafayevin qanunsuz əməllərinə qarşı Müdafiə naziri Zakir Həsənova müraciət imzalayacaqlar”. DİA.AZ xatırladır ki, bu haqda Naxçıvan hərbi birləşməsində xidmət çəkən zabitlərdən biri yerli mətbuata Kərəm Mustafayevin vəzifəsinin artırılmasından 18 gün əvvəl məlumat vermişdi.

Adının gizli saxlanılmasını istəyən mənbənin verdiyi məlumatda deyilirdi ki, gərginliyin bu həddə çatmasına səbəb indiyə qədər istifadə olunmamış məzuniyyətlərə görə zabitlərə pul verilməməsidir. Həmçinin Birləşmə komandirinin qeyri-qanuni olaraq zabitlərin məvacibindən pul tutulmasıdır. Xüsusən ehtiyat hissəsinin alınması və digər məsələlərlə bağlı bölük, batalyon səviyyəsində olan zabitlərdən texnika ilə bağlı pullar tutulur.

Məlumatda bildirilirdi ki, Naxçıvandakı vəziyyətin bu qədər gərginləşməsinə səbəb Kərəm Mustafayevin uzun illər vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi və tabeçiliyində olan zabit və əsgər heyətinə qarşı amansız rəftarı olub. Naxçıvanda xidmət çəkən zabit heyəti üzləşdikləri haqsızlığa baxmayaraq, keçmiş Müdafiə naziri Səfər Əbiyevin dövründə etiraz edə bilmirdilər. Çünki onlar Kərəm Mustafayevin faktiki olaraq müstəqil siyasət yürütdüyünü və Səfər Əbiyevə tabe olmadığını anlayırdılar. Zakir Həsənovun Müdafiə naziri təyin edilməsindən sonra isə vəziyyət dəyişib. Artıq zabitlər qanuni olaraq haqlarını tələb etməyə başlayıblar. Yəni belə bir təəssürat var idi.

Özəl qaynağımız korpus komandirinin hədəfinə tuş gələn zabitlərin sonrakı aqibəti haqda saytımıza sensasiyalı məlumat verib. Kərəm Mustafayevin təzyiqləri nəticəsində 2009-cu ildə polkovnik Kamandar Covarov, 2010-cu ildə polkovnik Şəfayət Rəsulov, 2011-ci ildə Azər Əliyev və Əbdül Babayev (Əbdül Babayev sonradan Müdafiə Nazirliyində başqa bir vəzifəyə gətirildi - red.) müxtəlif psixoloji travmalar alıblar. 2009-cu ildə bir nəfər polkovnik-leytenant, 2010-cu ildə isə bir polkovnik psixoloji pozuntu diaqnozu ilə ordu sıralarından tərxis ediliblər. 2011-ci ildə isə iki nəfər polkovnik-leytenant Naxçıvandakı hərbi hospitalda və Bakıda yerləşən mərkəzi hərbi hospitalda bu diaqnoz üzrə müalicə alıblar.

Mənbə qeyd edir ki, Naxçıvan Hərbi Prokurorluğu Kərəm Mustafayevin qanunsuz əməlləri qarşısında gücsüzdür. Respublika Hərbi Prokurorluğu isə şikayət olmasa, Naxçıvandakı vəziyyətə müdaxilə edə bilməyəcəyini bildirir. İndiyə qədər zabitlərin Kərəm Mustafayevdən şikayət etməsi mümkünsüz olub. Hətta Naxçıvanda xidmət edən zabitlər üçün xüsusi olaraq viza rejimi də tətbiq olunub. Məlumatda o da bildirilir ki, Respublika Hərbi Prokurorluğunun Naxçıvandakı hərbi hissələrin məvacibinin ödənilməsi üzrə tabel cədvəlləri ilə tanış olması kifayət edir ki, Kərəm Mustafayevə qarşı cinayət işi qaldırılsın.

Hər halda, belə bir ittihamların qarşılığında Zakir Həsənova ümid yeri kimi baxan zabitlər bu gün xəyal qırıqlığına uğrayıblar. Bu barədə DİA.AZ-a Naxçıvandakı mənbələr informasiya verib. Faktiki olaraq Naxçıvanın «müdafiə naziri» statusunu qazanan Kərəm Mustafayevin artıq qisasçılıq əməliyyatına keçdiyini bildirən mənbə iddia edir ki, o, mətbuatda 2 dekabr 2013-cü il tarixdə yer almış informasiyanın qaynağını müəyyənləşdirə bilməsi üçün az qala bütün zabit heyətinə şübhəli qismində baxır:

«Rəsmən hamı silisə çəkilir. Hər bir zabitdən informasiyanın qaynağı ilə bağlı suallara cavab istənilir. Təbii ki, belə bir axtarışın nəticələri zamanı aşkarlanacaq qaynağı hansı cəzanın gözləyəcəyini təxmin etmək çətin deyil. Yəqin ki, nəticələr olacaqsa, bunu cəmiyyət də duyacaq. Çünki Kərəm Mustafayevin rəhbərliyi altında olan zabitlərdən hansısa birinin ağır cinayət əməlində ittiham olunması xəbəri yayılacağı təqdirdə artıq bilinəcək ki, Əlahiddə Ümumqoşun Ordusunun komandanı istəyinə çatıb. Yəni qaynaq müəyyənləşib».

Bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq…

Geri qayıt