Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Naxçıvan təhsilində özbaşınalıqlar

Naxçıvan təhsilində özbaşınalıqlar


16-04-2023, 18:56
Naxçıvan təhsilində özbaşınalıqlar
Hər il Azərbaycanda bir neçə abituriyent 700 bal toplayaraq ali məktəblərə qəbul olunur. Təbii ki, biz də onların uğurlarına sevinir və valideynlərinə qitbə edirik.

Amma sən demə, 700 bal toplayan uşaqların valideynlərindən daha şanslı insanlar da varmış. Söhbət ümumiyyətlə imtahan vermədən istədikləri ali məktəblərə daxil olan abituriyentlərin valideynlərindən gedir. Yəni bu zəka sahiblərinin ümumiyyətlə imtahana girməsinə belə, lüzum görülmür.

Bəs, kimdir bu şanslılar?

DİA.AZ bildirir ki, Ovqat.com-a Naxçıvandan göndərilən bir məktubda bu suala belə aydınlıq gətirilir – orta məktəbi qızıl medalla bitirənlər.

Məktub müəllifinin iddiasına görə, Naxçıvanda bu uğuru qazanmaq hər oğula qismət olmur. Çünki qızıl medalı şagirdə yox, onun valideyninə verirlər. Daha doğrusu, valideynin ya puluna, ya hörmətinə.

Bəs, Naxçıvanda belə şanslı valideynlər kimlərdir?

***'

Məktubda bu suala belə aydınlıq gətirilir:

“Naxçıvan təhsil sistemində baş vermiş bəzi rüşvət və qanunsuz faktları sizi yazıram.

İlk olaraq nəzərinizə çatdırıram ki, qanuna əsasən, qızıl medal alan 11-ci sinif məzunları üniversitet və ixtisas seçimini imtahansız edir və aili məktəblərə qəbul olunurlar.

Naxçıvanda isə qızıl medallar adətən bu mükafatı haqq etməyən, adamı və ya pulu olan şəxslərə satılır, əsl istedadlı və savadlı şagirdlər isə kənarda qalır.

Belə şanslı şagirdlərdən bəziləri:

1. Keçmiş Gömrük Kömitəsinin sədri Səhət Həbibbəylinin oğlu İsa Həbibəyli ( babasının adını daşıyır ) qızıl medal alaraq imtahansız ali məktəbə qəbul edilib. Sual olunur: əcəba, bu “mükafat”ın müqabilində Səhət Həbibəyli Naxçıvan MR Təhsil naziri Rəhman Məmmədova nə verib?

2. Təhsil Nazirliyinin Aparatının hazırkı rəhbəri Rəşad Əlizadənin oğlu Yusif Əlizadə qızıl medal alaraq, heç bir imtahan vermədən ünivetsitetə qəbul edilib. Görəsən, Yusif bu medalı hansı bacarığına əsasən alıb?

3. Culfa rayon Təhsil şöbəsinin müdiri Mehdixan Əliyevin oğlu Bayram Əliyev olimpiada qalibi kimi ali məktəbə imtahansız qəbul olunub. İddialara görə, Mehdixan müəllimin özünün də diplomu saxtadır.

4. Vüqar Abbasovun (el arasında Cahan Vüqar və Siqaret Vüqar ləqəbilə tanınır. Seymur Talıbovun siqaret baronu ) qızı Banu xanım (Banu marketdə onun adınadır) uzun müddətdir ki, xarici ölkədədir, lakin adı Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəbin şagirdləri sırasında gedir. Bu proses qanuna ziddir”.

Maraqlıdır ki, Naxçıvanda şanslı şagirdlər kimi, şanslı müəllimlər də varmış. Onlar da imtahan vermədən məktəbdə müəllimlik vəzifəsinə qəbul olunurlar. Məktubda bu barədə deyilir:

5. Şərur rayon Təhsil Şöbəsinin müdiri Malik müəllim Şərurda qeyri qanuni olaraq müəllimlər və işçiləri işdən azad edir və qeyri qanuni yollarla onların (imtahansız ) yerinə müəllim işə götürür. Belə nümunələrdən bir neçəsi:

25 oktyabr 2021 tarixli N 255 saylı əmrlə Abdullayeva Səmayə Həbib qızı Şərur rayon 1 saylı tam orta məktəbinə UTBR vəzifəsinə imtahansız təyin olunub. Əmrin surətini təqdim edirik.

04 oktyabr 2022-ci il tarixli 380 nömrəli əmrə əsasən, Məmmədova Natəvan Əyyub qızı Şərur rayon 1 saylı tam orta məktəbinə biologiya müəllimi vəzifəsinə imtahansız qəbul olunub.

Üstəlik bu müəllimə Ukraynanın Xerson universitetini bitirib. Əmrdə yazılıb ki, guya bu təyinat müvəqqəti xarakter daşıyır. Halbuki, bunun üçün hər hansı vakansiya elanı verilmir. Əmrin surəti təqdim olunur (Davamı da olacaq):

6. Şərurda müəllimlərin dərs saatının az olmasına baxmayaraq Sədərək rayon Təhsil Şöbəsinin müəllimi, Sədərək rayon 1 sayılı tam orta məktəbin keçmiş direktorunun yoldaşı Əfqan müəllim hansı qeyri-adi bacarığına görə Şərurda maksimum dərslə təmin olunur?”

Müəllimlər arasında cinsi ayrıseçkilik

Naxçıvanın təhsil sistemində cinsi ayrıseçkilik də hökm sürürmüş. Özü də bir çox sahələrdən fərqli olaraq, bu dəfə qadınların xeyrinə. Hər halda məktubdan belə anlaşılır:

“7. Şərurda ümimiyyətlə kişi müəllimlərə qarşı qəddarlıq hökm sürür, bütün təyinatlar ancaq qadın müəllimlər üzərində aparılır.

8. Culfa rayon müəllimləri Rəhman Məmmədovdan şikayət etdiyi üçün Rəhman Məmmədov Culfa rayon Təhsil Şöbəsinin müdiri Mehdixan müəllimə təzyiq göstərir və onu qeyri-qanuni işlərə məcbur edir.

9. Naxçıvan şəhərinə gətirilən dəyəri miliyonlarla olan STEAM avadanlıqlarının yerində olmaması faktdır”.

Zəruri qeyd: Azərbaycanda 20 ildir hakimiyyətdə olan, ondan əvvəlki 10 il ərzində isə atası ölkə rəhbəri vəzifəsini icra edən İlham Əliyevin oğlu Heydər Əliyev 2013-cü ildə ali məktəbə qəbul imtahanında 590 bal toplamışdı. Hakim ailənin ağlına belə gəlmişdi ki, övladlarına qızıl medal aldırıb ali təhsil məsələsini ən qısa yoldan həll etsin. Naxçıvandan redaksiyamıza göndərilən məktubdakı iddialara inansaq, belə çıxır ki, “kiçik torpaq”da isə bu işi daha “optimal” yoldan həll edənlər var imiş.
Geri qayıt