Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > 13 uşaq atası olan narazı vətəndaş 470 saatdır ki, acdır

13 uşaq atası olan narazı vətəndaş 470 saatdır ki, acdır


14-01-2014, 10:34
13 uşaq atası olan narazı vətəndaş 470 saatdır ki, acdır
DİA.AZ: - Günlərdir aclıq aksiyası keçirən Sabunçur rayon sakini Həsən Camalov daha bir müraciət yayıb. Müraciətin DİA.AZ-a daxil olan mətnində Sabunçu rayon icra hakimiyyətinin başçısından və eləcə də daha bir neçə yetkili şəxsdən giley-güzar var. Həmin müraciəti təqdim edirik:

“Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov televiziyada gördüklərindən narahat olaraq mənim və 13 övladımın halı ilə maraqlanıb, amma Sabunçu RİH-in başçısı Adil Vəliyevin bu günə kimi heç teli də tərpənməyib.

Bu gün internetdə, xəbər saytlarında "İcra hakimiyyətlərində təftiş qərarı" başlığı altında yazılar oxudum. Görəsən bu təftiş bizim Sabunçu rayonuna da gələcəkmi ? Bizim rayonda məmur özbaşınalığı tüğyan edir, vətəndaşın haq və hüquqları ayaqlar altındadır. Şəxsən məni, özümə-qəsd həddinə çatdırıblar artıq. Mənim və çoxuşaqlı ailəmin, haq və hüquqlarımızın pozulmasına etiraz aktı olaraq, budur 19 gündür ki, aclıq aksiyası keçirirəm.

Aclıq aksiyasına başladığım andan artıq 470 saat keçdi. Amma hələ də dövlət tərəfindən real bir reaksiya yoxdur. Azadlıq.org və Ans tv iç.xəbərdə verdiyim müsahibələr və yayımdan sonra, son 3-4 gün içində evimizə bitişik tikilmiş binanın bizlə üzbəüz olan qisminə təhlükəsizlik toru çəkdilər. 10 ay ərzində bunu etmədilər, başımıza tökülməyən daş-qalaq qalmadı, binanı tikib bitirdikdən sonra gözdən pərdə asmaq üçün bu tədbirə əl atdılar. O da, cənab Kəmaləddin Heydərovun evimizə göndərdiyi məmurun ziyarəti nəticəsində baş verdi.
Hər şey olduğu kimi davam etməkdədir. Sabunçu icra hakimiyyətindən hələ də, heç kim bizimlə maraqlanmayıb. Qalan dövlət strukturları da həmçinin. Sanki, bu evdə aclıq aksiyasını keçirən bir topa milçəkdir. " Əşşi vızıldayıb vızıldayıb susacaqlar" deyib işlərinə davam etməkdədirlər. Hələ Ombudsman Elmira Süleymanovanı demirəm, görəsən Elmira Süleymanova hansı Ölkənin insanlarının haqlarının müvəkkilidir.

Dövlət rəsmilərinin bu laqeyidliyi məni hər şeydən çox əsəbləşdirir. Yəni bu dövlət məmurları, Prezidentimizin Azərbaycan vətəndaşı haqda dediklərini, dönə-dönə tapşırdıqlarını bu qulaqdan alıb o biri qulaqdan ötürürlər gedir ???

Fövqəladə Hallar Nazirliyindən gələn məmur, bizim evimizlə bağlı, Nazir general Kəmaləddin Heydərovun şəxsən göstəriş verdiyini bildirdi mənə. 7 yanvar axşamı keçirdiyim görüş zamanı bu mənə rəsmən bildirildi. Sevindim. Prezidentimiz İlham Əliyevə, nazir Kəmaləddin Heydərova ürəkdən xeyli alqış etdim. Ailəm də çox sevindi bu xəbərə. Amma qısa sürdü bu sevincimiz. O gün, mən o məmura, bizim haq və hüquqlarımız tam şəkildə bərpa olmayana qədər aclıq aksiyasını dayandırmayacağımı açıq və aydın şəkildə bildirdim.

O gündən tam 6 gün keçməsinə baxmayaraq, hələ də heç bir xəbər-ətər yoxdur. Amma keçən hər gün, hər saat mənim əleyhimə işləyir. Keçən hər dəqiqə mən bir az daha zəifləyirəm. Geri yolum yoxdur, bunun fərqindəyəm. İnanın ki, bu saatdan sonra istəsəm hər hansı bir qida qəbul edə bilmərəm, yalnız su. Əgər bu vəziyyətdən çıxası olsam, bunu nə cür edəcəyimi də bilmirəm. Artıq dünyanın heç bir naz-neməti gözümdə deyil. Tək fikrim zikrim, balalarımın haqqı olan evimiz, ayrı bir ünvanda, icra başçısı tərəfindən zəbt edilərək başqasına satılmış, amma bizə məxsus olan, torpağımız, tapdalanmış haqq və hüquqlarımızın bərpasıdır. Bilirsinizmi əziz həmvətənlərim, 13 bala böyüdənin ya malını əlindən al, ya canını al, bir fərq etməz, vallah eynidir.

Mən bu həqiqəti budur 10 aydır, nə icra başçısı Adil Vəliyevə, nə də müavini Şakir Alıyevə heç cür çatdıra bilmirəm. Məni başa düşmək istəmirlər. Amma mən onları çox gözəl başa düşdüyümü şəxslərinə bildirmişəm. Bu adamlar bu rayona pul qazanmağa gəliblər, bəs nə cür etsinlər ? Bir az səndən, bir ondan, bir az məndən, bir az mənim balalarımdan. Bir sözlə dama-dama göl olar misalı idarə edirlər, nə etsinlər, çox kasıbdırlar. O qədər kasıbdırlar ki, qalıblar mənim 13 balamın evinə, torpağına. Deyirəm, ay kişilər, halallıq yaxşı şeydir, etməyin-eləməyin, mən ölərəm amma balalarımın haqqını sizə yedirtmərəm. Mənə inanmırlar və qəbul etmirlər.

Hər şeydən uca olan Allaha xatir əlinizdən gələn köməyi bizdən əsirgəməyin. Mən indi tam anlamışam biçarə Zaur Həsənovun o günki halını. Çarələr tükəndiyində bir Ata övladlarının haqqı, gələcəyi və istiqbalı üçün ölümü belə gözə alar. O nöqtədə həyat və içindəıkilər tamamən dəyərini itirir, yalnız balalar. İnanın sözlərimə əzizlərim, mən bu hiss və duyğuları bu günlərdə yaşamaqdayam. Güc-qüvvət yavaş-yavaş məni tərk edir, amma hələ ki, ayaqdayam. Allah məni buna vadar edənlərə insaf versin, islah etsin, günahlarını bağışlasın. Nə deyim?”

Bütün tərəfləri dinləməyə hazırıq...

Geri qayıt