Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > “Hər şey gömrüyə yeni sədr gələndən sonra oldu, 40 gündür malımızı vermirlər”

“Hər şey gömrüyə yeni sədr gələndən sonra oldu, 40 gündür malımızı vermirlər”


3-11-2022, 12:51
“Hər şey gömrüyə yeni sədr gələndən sonra oldu, 40 gündür malımızı vermirlər”
“Binə” və “Sədərək” ticarət mərkəzlərində alverlə məşğul olan sahibkarlar ölkə xaricindən sifariş verdikləri məhsulların gömrükdən buraxılmamasından şikayətçidirlər.
DİA.AZ bildirir ki, bu barədə bir qrup sahibkar Yeniavaz.com-a müraciətində bildirib.
Sahibkarlardan birinin sözlərinə görə, bu, təkcə onların deyil, əmtəə məhsulları gətirən hər kəsin problemidir:
““Sədərək”, “Binə” bazarlarına, ümumiyyətlə, Türkiyədən Azərbaycana gələn bütün məhsullarda belə problem var. Bizim malımızı karqo şirkətləri gətirir, gömrük rəsmiləşməsini də onlar edirlər və kubunu 700 dollardan məhsulu bizə verirlər. Karqo şirkətləri komitədən soruşurlar, səbəb olaraq heç nə demirlər. Demək olar ki, 40 gündür malımızı vermirlər. Oktyabrın 4-8-də vurulan malları hələ heç kim götürə bilməyib. Karqo şirkətləri malların tırda qaldığı əlavə hər bir gün üçün sürücüyə ayrıca 100-200 dollar pul ödəyirlər. Nəticədə də o pul bizdən çıxır. Hər karqonun da təxminən 30 tırı var.
Yeni komitə sədri gəldi, hər şey ondan sonra baş verdi. Yəqin ki, qiymətləri qaldırmaq məqsədilə belə problem yaşadırlar”.
O həmçinin qeyd edib ki, mövcud vəziyyət geyim məhsullarında bahalaşmaya gətirib çıxaracaq:
“Son 2-3 gündür belə bir söhbət gəzir ki, 700-ü 1400 etmək istəyirlər. Belə olanda bir malın üzərinə ikiqat yol pulu gələcək. Konkret bahalaşma yaranacaq. Sifariş verdiyimiz paltarların əksəriyyəti nazikdir. Bundan sonra da havalar soyumağa getdiyindən o malları götürsək belə, sata bilməyəcəyik, növbəti ilə qalacaq. Gələn il də yeni modellər çıxacaq, bu məhsullar bizim üstümüzdə qalacaq, bizə zərər olacaq. Rüsumun qaldırılması ölkədə geyim məhsullarının bahalaşmasına səbəb olacaq”.
Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinin Mətbuat xidməti ilə əlaqə saxladıq. Sorğumuza cavab olaraq bildirildi ki, deyilənlər araşdırılacaq və bu barədə məlumat veriləcək.

Geri qayıt