Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Naxçıvanda qul üsyanları: Daha iki polis tətilə çıxdı

Naxçıvanda qul üsyanları: Daha iki polis tətilə çıxdı


2-09-2022, 07:28
Naxçıvanda qul üsyanları: Daha iki polis tətilə çıxdı
Yəqin bütün inqilabi dəyişikliklər ərəfəsinə qədəm qoyan ölkələrdə keçirilən etiraz aksiyalardan birinin tətil olduğu hamımıza bəllidir. Dövlət orqanlarında baş alıb gedən özbaşınalıqlara etiraz edən işçilər bütün etirazları fayda verməyəndə məcburən bu yola əl atır, nəticədə ölkə iqtisadiyyatı daha da çokür və rejimlərin süqutu qaçılmaz olur.

Acınacaqlıdır ki, normal iqtisadiyyatı olmayan, yalnız paytaxtdan aldığı dotasiyaya göz tikən, o arzusu belə MR rəhbərliyi tərəfindən qəsb edilən Naxçıvandan artıq tətil xəbərləri gəlməkdədir. Ən maraqlısı isə odur ki, Muxtar Respublikada adi şirkət işçiləri yox, qanunların və dərəbəylik rejiminin keşiyində dayanan polislər tətilə çıxmağa çalışırlar.

Artıq 4 gündür gündür ki, Naxçıvan MR-də 2 polis əməkdaşı işə çıxmamağa qərar verib.

DİA.AZ-ın məlumatına görə, ovqat.com Naxçıvan MR DİN-dəki etibarlı mənbəyə istinadən xəbər verir ki, hər iki polis əməkdaşının tətilə çıxmasının səbəbi əmək azadlıqlarının pozulması ilə əlaqədardır.

Məlimata görə, Azərbaycan Polis Akademiyasından məzun olduqları üçün Naxçıvan MR DİN-də qısnamaya məruz qalan həmin polis əməkdaşları bir ay bundan əvvəl öz istəkləri ilə işdən çıxmaq barədə rəislərinə ərizə yazıblar. Amma onların ərizəsi qəbul olunmayıb və diqqətlərinə çatdırılıb ki, Naxçıvanda DİN-də Azərbaycan Respublikasının yox, antik Roma dövlətinin quldarlıq qanunları keçərlidir. Yəni bu strukturda öz xoşunla işə girmə var, işdən çıxma yoxdur. Naxçıvan MR DİN-in antik Romadan yeganə fərqi ordadır ki, bu məmləkətin rəsmi sənədlərdə vətəndaş kimi görünən qulları işdən çıxmaqda israr edərlərsə şəxsi işləri qaralamaqla yola salınırlar. Bu isə o deməkdir ki, ömrünün sonuna qədər polis və ya hər hansı dövlət orqanlarında işləyə bilməzlər. Nəticədə ya Naxçıvanda işdən çıxarılan Polis Akademiyasının digər məzunları kimi, Bakıya köçüb “Uber” taksi şirkətində sürücülük edə, ya da qabağına qaşıq və digər xirdavatlar qoyub sata bilərlər.

Haqqında bəhs etdiyimiz polislər isə antik Romada yox, 21 əsrin demokratik və hüquqi dövlətində yaşadıqlarını düşünərək, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə söykənərək bir ay bundan əvvəl işdən çıxmaq barədə ərizə yazıblar. Ərizə yazmalarının üzərindən bir ay keçməsinə baxmayaraq, onların bu istəkləri qəbul olunmayıb. Polislər də qanunvericiliklə özlərini işdən çıxmış hesab etdiklərindən artıq neçə gündür işə getmirlər.

Qeyd edək ki, «Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası» Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsi ilə təsbit olunub. Sözügedən maddəyə əsasən, istənilən işçinin bir təqvim ayı əvvəldən işəgötürəni yazılı ərizəsi ilə xəbərdarlıq etməklə əmək müqaviləsinə xitam vermək hüququ var. Maddədə işçinin bu hüququ onun əmək azadlığı kimi tövsif olunub. Yəni işçi istənilən vaxt əmək münasibətini dayandırmaq hüququna malikdir və bu prinsip istisnasız olaraq bütün işçilərə şamil olunur. Naxçıvan polisləri də qanunən işçi sayıldıqlarından bu hüquq onlar üçün də keçərlidir. Maddədə qeyd olunur ki, bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq hüququna malikdir və bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Görünür, Naxçıvan polisləri də məhz bu hüquqlarını əsas gətirib ərizə yazmalarının üzərində 1 ay keçdikdən sonra işə çıxmırlar.

Mənbəmizin bildirdiyinə görə, artıq 4 gündür tətil etmələrinə baxmayaraq, polislərin işdən çıxmaları barədə ərizələri qəbul olunmur və olunmayacaq. Onlar ən yaxşı halda iş rejimini pozduqları əsas gətirilərək polis xidmətinə yararsız fəaliyyətlərinə görə işdən qovalana bilərlər.

Naxçıvan MR DİN-də qul kimi işdən atılması gözlənilən polis əməkdaşlarının kimliyinə gəlincə, mənbəmizin bildirdiyinə görə, onlardan biri Naxçıvan şəhər 1 nömrəli Polis Bölməsinin sahə inspektoru polis baş leytenantı İbrahim Abdullayev, digəri isə Kəngərli rayon polis şöbəsinin sahə inspektoru polis baş leytenantı Tuncay Əliyevdir. Maraqlıdır ki, hər iki sahə inspektoru polis ailəsində böyüyüb. Ataları polis təqaüdçüləridir. Təsəvvür edin ki, Naxçıvan polisində “qabıq qoyan” valideynlər belə, övladlarının maddəsiz işdən çıxmasına nail ola bilmirlər. Onlar özləri kimi övladlarının da heç bir perspektiv vəd etməyən, əksinə, kimlərinsə qanunsuz əmrlərini yerinə yetirə-yetirə məsuliyyət altına girən idarələrdə işləmələrini istəmirlər. Çünki bu vəzifələrdə işləmək təkcə qanun qarşısında hüquqi məsuliyyət yaratmır, həm də məzlumların ahını, qarğışlarını qazandırır və düşmən artırır. Təbii ki, ağlı başında olan heç bir valideyn öz övladını bu cür təhlükə altında yaşatmaq istəməz.

Mənbəmizin bildirdiyinə görə, Naxçıvanda tətilə çıxanlar təkcə haqqında danışdığımız bu iki polis əməkdaşı deyil. Bundan bir neçə ay əvvəl ən azı 25 polis əməkdaşı da işdən çıxmaq haqqında ərizə vermiş və 1 təqvim ayının tamamlanmasını gözləmişdilər. Həmin polislərin də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsi ilə təsbit olunan hüquqları tapdalanmış və onlar şəxsi işləri ləkələnərək işdən uzaqlaşdırılmışdılar.

Müasir Naxçıvanın Spartaklarından bəziləri:

Həmin polislərdən bəzilərinin siyahısı:

1. Cəhri polis bölməsindən bas-leytenant Samir (familiyasını dəqiqləşdirə bilmədik);

2. Sədərək rayon polis söbəsinin cinayət axtariş bölməsinin reisi polis kapitanı Səfa (familiyasını dəqiqləşdirə bilmədik);

3. Naxçıvan şəhər 1 nömrəli polis bölməsinin əməliyyat müvəkkili polis kapitanı Şahmar Əliyev;

4. Şərur polis idarəsindən Çərkəz adlı əməkdaş

5. Yenə eyni bölmənin polis kapitanı Cəlil Agayev;

6. Culfa rayon polis idarəsindən baş leytenant Şirzad,

7. Babək rayon polis idarəsindən polis baş leytenantı Mətin (familiyasını dəqiqləşdirə bilmədik). Məlumata görə, Mətin bəyi yola gətirmək üçün ona yağlı vəzifə - təhqiqatçı işi və yüksək maaş təklif olunub.

Geri qayıt