Əsas Səhifə > Güney Press, Araşdırma > QALMAQALLI HESABATDA ADI KEÇƏN ANAR ƏLİYEV İSVEÇRƏDƏDİR

QALMAQALLI HESABATDA ADI KEÇƏN ANAR ƏLİYEV İSVEÇRƏDƏDİR


11-12-2013, 12:36
QALMAQALLI HESABATDA ADI KEÇƏN ANAR ƏLİYEV İSVEÇRƏDƏDİR
İngiltərənin Global Witness təşkilatı Azərbaycan Dövlət Neft Şirkəti haqqında yaydığı qalmaqallı hesabatda adı keçən və SOCAR prezidenti Rövnəq Abdullayevin dayısı oğlu olan Anar Əliyev haqqında ilginc məlumat əldə etmişik.

Avropa.info-nu məlumatlandıran mənbənin dediyinə görə, Anar Əliyev artıq bir aydan çoxdur ki, İsveçrənin paytaxtı Bern şəhərindədir. Onun Berin şəhərində ARDNŞ-ın neftin satışı üzrə İsveçrədə yaradılmış törəmə şirkəti olan Socar Tradingin ofisində oturduğu bildirilir.
"Hərçənd ki, Anar Əliyev mütəmadi olaraq İsveçrəyə gedib-gəlir, amma heç vaxt onun səfərləri aylarla sürmürdü. Bu dəfə isə artıq bir aydan çoxdur ki, Bern şəhərindədir. Onun nə vaxt dönəcəyi də bəlli deyil."
Mənbə Global Witness təşkilatının SOCAR haqqında yaydığı hesabatın necə əldə edilməsi məsələsinə də aydınlıq gətirib. Onun dediyinə görə, İsveçrədə azərbaycanlı mühacirlərdən ibarət olan Beynəlxalq Haqq və Ədalət təşkilatı Global Witness təşkilatına yardım edib.
"Beynəlxalq Haqq və Ədalət təşkilatının xaricdə çox ciddi əlaqələri var. Şübhəsiz ki, Global Witness təşkilatı SOCAR-ın fəaliyyətini araşdırırmış. Öz növbəsində Beynəlxalq Haqq və Ədalət təşkilatı da uzun müddət idi ki, SOCAR-ın fəaliyyəti ilə bağlı hesabatlar yayırdı. Məhz Anar Əliyevlə bağlı bir çox detalları da bu təşkilat Global Witness-ə ötürüb."
Qeyd edək ki, İngiltərənin Global Witness təşkilatı Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) haqqında yaydığı qalmaqallı hesabatda Avropanın başlıca enerji təchizatçısı olan Azərbaycanın neft sənayesində gizli fiqur kimi çıxış edən Anar Əliyev adlı şəxsin adı çəkilib. Hesabatda bildirilir ki, çox az sayda insan tərəfindən tanınan Anar Əliyev Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ilə ən azı 48 yüksək mənfəətli sövdələşmədə iştirak payına malikdir. Bunlardan yalnız birində Azərbaycan neftinin xaricə satışı ilə məşğul olan Socar Trading SA şirkətindən Anar Əliyevin qazancı 100 milyon dollardan artıq olub. Hesabatda Anar Əliyevin biznesi neftlə kifayətlənmədiyi bildirilir. Global Witness Anar Əliyevlə bağlı şirkətlərin çoxmilyardlı Bakı Ağ Şəhər layihəsində də yer adığını göstərir. Onun sahibi olduğu UGE şirkəti Ağ Şəhər layihəsində 99 faiz paya sahibdir.

Geri qayıt