Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Sahibkarlığın qarşısındakı MƏMUR SƏDDİ...

Sahibkarlığın qarşısındakı MƏMUR SƏDDİ...


12-11-2021, 11:04
Sahibkarlığın qarşısındakı MƏMUR SƏDDİ...
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında, gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, pandemiya dövründə 28 minə yaxın fərdi və mikro sahibkara 113 milyon manatdan çox maliyyə dəstəyi göstərilib.

Qeyd edək ki, bu gün bir çox dünya ölkələrində iş adamları, biznesmenlər, şirkətlər ən çox sərmayəni öz ölkələrində istehsal sahələrinə yönəldirlər. Bu isə həm ölkədə işsizlik probleminin həllində mühüm rol oynayır, həm də istehsalı artırmaqla ölkənin daxili və xarici bazarda yerli məhsullarla iştirakını təmin edir. Lakin hazırda bazarda bahalığın olması yerli istehsalın kifayət qədər inkişaf etmədiyini göstərir ki, bunun da səbəbi sahibkarlıq fəaliyyətinin istənilən səviyyədə olmamasıdır. Azərbaycan iş adamları isə əsasən Türkiyədə, Gürcüstanda, Ukraynada biznes fəaliyyəti ilə məşğul olmağa üstünlük verirlər.

Ölkədə sahibkarlığa maraq niyə aşağı səviyyədədir?

İqtisadçı-ekspert Nazim Bəydəmirli Cebhe.info-ya bildirib ki, Azərbaycanda məmur sahibkarlığı artan xətlə davam edir:

“Dövlət vəzifələrini tutan şəxslərin mütləq əksəriyyəti həm də özəl sektora rəhbərlik edir. Onların qohum-əqrəbaları vasitəsilə biznesə müdaxilə olunur. Haqsız rəqabət yaradır və kənar şəxsləri, real sahibkarları bazardan sıxışdırırlar. Azərbaycan bazarı çox kiçik olduğuna görə belə hadisələr demək olar ki, gündəlik baş verir. Əslində Azərbaycan iqtisadiyyatının aparıcı qüvvəsi dövlət investisiyaları olduğu üçün “Satınalmalar haqqında” qanuna uyğun olaraq tenderlər keçirilir. Müxtəlif şəxslər həmin tikinti-quruculuq işlərində, dövlət əsaslı vəsait qoyuluşunda iştirak etməlidirlər. Ancaq Azərbaycanda bütün tenderlər kağız üzərində keçirildiyinə görə nazirlər, komitə sədrləri və kommunal xidmət göstərən dövlət şirkətlərinin rəhbərləri həmin layihələri öz qohum-əqrəbalarına, nəzarət etdikləri şirkətlərə verirlər. Beləliklə, həm də dövlət vəsaitlərini mənimsəyirlər.

Həmin pullar oğurluq olduğuna görə heç bir bazar araşdırması aparmırlar, tələsik olaraq o pulları “yumaq” xatirinə müxtəlif layihələrə cəlb edirlər. Bu biznes də məmur vəzifədən çıxdıqda müflis olur. KİV-in də araşdırmaları göstərir ki, bir nəfər vəzifədən çıxan zaman onun milyardlarla vəsaiti, çoxlu sayda şirkətləri olması üzə çıxır. Belə olan ölkədə real sahibkarlıq, özəl sektor inkişaf edə bilməz. Nə qədər dövlət vəsaiti ayrılsa da, ictimai nəzarət yoxdursa, QHT-lər məmurlar üzərində nəzarəti həyata keçirə bilmirsə, demək, məmur oliqarxiyası yenə də inkişaf edir və heç bir təşəbbüs də ölkədə təşəkkül tapmaz. Ona görə ki, məmur sahibkarlığı mövcuddur və məmur vəzifədə olduğu zaman daha çox oğurlamaq, dövlət vəsaiti mənimsəmək imkanları var”.


Geri qayıt