Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > BNA Qarabağ əlillərinə QƏNİM KƏSİLİB...
BNA Qarabağ əlillərinə QƏNİM KƏSİLİB...21-01-2021, 08:36 |
DİA.AZ: - "Bakı Nəqliyyat Agentliyinin (BNA) “Yol hərəkəti haqqında” qanunun tələbinə zidd olaraq nəqliyyat vasitələri yiyələrinə cərimə tətbiq etməsi və bu cəriməyə faiz əlavə etmək hədəsi ilə zorla alması praktikası geniş yayılıb. İndi hamı yol polislərinin ölənlərinə “rəhmət” oxuyur . BNA-nın özbaşınalığı o həddə çatıb ki, qazi və şəhid ailələrinə, əlillərə də qənim kəsilib". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir. Məqalədə daha sonra bildirilir: "Özü də “Yol hərəkəti haqqında” qanunun əlillərə verdiyi hüququ bilərəkdən və ya bilməyərəkdən yanlış izah və tətbiq etməklə. Qanun “Durmaq , dayanmaq qadağandır” yol nişanlarının qüvvəsinin əlil tanınma nişanı olan avtomobillərə şamil edilmədiyini təsbit edir, BNA isə bunu “cibinə” uyğun izah edir ki, əlillərə aid deyil. Maraqlıdır, qanunda əlillərin başqa yol iştirakçılarından fərqləndirilməsi nəzərdə tutulursa, onda bu nəzərdə tutulma bəs kimə aiddir və niyə qanuna salınıb? Niyə əlil maşınlarına “durmaq qadağandır” nişanının şamil olunmadığı təsbit olunub? Bəri başdan deyək ki, kiməsə hansısa qadağanın şamil edilməməsi o deməkdir ki, ona həmin qadağa qoyulmur, qadağanın qüvvəsi yoxdur. Məsələn, başqalarına girişi qadağan edən yol nişanı əlillərə münasibətdə bu qadağanı aradan qaldırır və əlillərin girişinə icazə verilir. Bu qadağanı pozduğuna görə, əlil tanınma nişanı olan avtomobillərə cərimə tətbiq edilməsi qanunsuzluqdur. Nə yazıq, BNA qanunsuzluğunu sürdürməkdədir. 21.12.2020-ci ildə 99-FZ-437 dövlət nömrə nişanlı qazi Nurəddin İsmayılova məxsus avtomobilə BNA “durmaq qadağandır” nişanının tələbinə baxmayaraq “durduğuna” görə cərimə yazıb. Halbuki, vurğuladığımız kimi, əlil nəqliyyat vasitələrinə durmaq qadağan deyil. Qarabağ qazisi qanunun tələbini başa salanda isə “qadağan” nişanının qüvvəsinin əlillərə şamil olunmadığı bildirilib və. .. qazinin “qadağan olunan yerdə dayanmasına görə” inzibati xəta törətməsinin foto-görüntülərlə sübut edildiyi vurğulanıb. Bunu necə başa düşmək olar? Əlillərə qadağa nişanının qüvvəsi şamil edilmir, amma həmin qadağa nişanının tələbini pozduğuna görə cərimə tətbiq edilməsi qanuni sayılır? Belə hüquq olar? Onu da vurğulayaq ki, BNA -nın əlillərə qarşı sözügedən “qanun dələduzluğu”na Konstitusiyanın 133-cü maddəsinə əsasən qanunun eyni cür və dürüst icra olunmasına nəzarət edən prokurorluq hüquqi qiymət verilməsini təmin etməyə borcludur. Əlillərin şikayətləri isə qanuna zidd olaraq barəsində şikayət edilən BNA -ya göndərilir və oradan da sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Sehmur Quliyevin şablon cavabı ilə özbaşınalıq dəyişməz olaraq qalır . Dəyişən bircə şikayətçi əlillərin adları və avtomobil nömrələri olur. Belə dəyişməz özbaşınalıqla isə əlillərin hüquqlarına qoyulan qadağanın qüvvəsi sürəcək ! Sürmə qadağandır, BNA yetkililəri, durmaq çağıdır! Durun və “Yol hərəkəti haqqında” qanunun 64-cü maddəsinin V hissəsinin 4-cü bəndinə əsasən 3.28-3.30 “Durmaq qadağandır” nişanının qüvvəsinin əlil tanınma nişanı olan avtomobillərə şamil edilmədiyini qüvvəyə mindirin! QADAĞAN NİŞANININ QÜVVƏSİNİN ŞAMİL EDİLMƏDİYİ ƏLİLLƏR NİŞANIN OLDUĞU YERDƏ DAYANMAQ, DURMAQ HÜQUQUNA MALİKDİRLƏR! BU HÜQUQA HEÇ KİM QADAĞA QOYA BİLMƏZ! P. S . “Əlilliyi olan şəxslərin hüquqları haqqında” 31.05.2018 tarixli 1153-VQ saylı Azərbaycan Respublikası Qanununun 13.4 maddəsinə görə, “YOL HƏRƏKƏTİ HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASI QANUNUNA GÖRƏ TƏŞKİL EDİLƏN PARKLANMA YERLƏRİNİN 5 FAİZİ (BİR PARKLANMA YERİNDƏN AZ OLMAYARAQ ) ƏLİLLİYİ OLAN ŞƏXSLƏR ÜÇÜN AYRILIR. Niyə Bakı Nəqliyyat Agentliyi əlilliyi olan şəxslərin bu hüququnu təmin etmir? Yoxsa, bu maddə də əlil avtomobillərinə şamil edilmir?" İddia olunanlarla bağlı dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Geri qayıt |