Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Qarabağ nizamlanmasında yeni format:

Qarabağ nizamlanmasında yeni format:


8-10-2020, 12:46
Qarabağ nizamlanmasında yeni format:
Ermənistan-Azərbaycan münaqişəsinin həlli ATƏT-in Minsk Qrupunun həmsədrlik institutundan Türkiyə-Rusiya formatına keçməyə başlayıb.

Bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun açıqlamasından da görmək olar. Çavuşoğlu münaqişənin həllində Türkiyənin Rusiya ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirib.

“Türkiyə Qarabağ probleminin həlli ilə bağlı Rusiya ilə çalışmağa hazırdır, münaqişənin fundamental həllə ehtiyacı var”.

Bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu "TRT Haber"ə müsahibəsində deyib. O bu məsələdə Ankara və Moskvanın ortaq çalışmasına ehtiyac olduğunu bildirib. "Hər kəs həqiqətin tərəfində olmalıdır. İşğalçı da var, işğalın qurbanı da var. Ədalət Azərbaycanın tərəfindədir. Ölkələr, o cümlədən Rusiya ədalətin tərəfində olmalıdır. Rusiya Minsk Qrupunun üzvüdür və həm Azərbaycanla, həm də Ermənistanla əlaqələri var. Bu prosesdə Rusiya böyük töhfəsinə ehtiyac var. Rusiyanın bu münaqişənin həllinə bu günə qədər nə qədər sərmayə qoyduğunu hamı bilir. Biz bu məsələyə daha çox töhfə vermək istəyirik və Rusiya ilə işləməyə hazırıq.

Bölgənin təhlükəsizliyi üçün bu məsələnin köklü həlli vacibdir, bu səbəbdən əməkdaşlığımıza ehtiyac var”, - deyə Çavuşoğlu qeyd edib. Nazirin bu açıqlamasında nə ABŞ-a, nə də Fransaya deyil, məhz Rusiyaya müraciət etməsi diqqəti cəlb edir. Çünki Rusiya Ermənistana ən güclü təsir vasitələrinə malik ölkə sayılır. Ona görə də M.Çavuşoğlunun fikirləri Rusiyanın Paşinyan hökumətini sülhə məcbur etmək üçün öz imkanlarını işə salmaq çağırışı kimi başa düşülə bilər.

Üstəlik, Rusiya region ölkəsidir və Cənubi Qafqazda strateji maraqları var. Lakin son zamanlar həm Kreml, həm də Ermənistan rəsmi şəkildə Türkiyənin Cənubi Qafqazda geosiyasi oyunçuya çevrildiyini etiraf etməyə başlayıb. Ona görə də münaqişənin həllində Türkiyənin maraqlarının nəzərə alınması siyasi reallığa çevrilib. Bu baxımdan, problem Türkiyə və Rusiya arasında gedən danışıqlar masasında çözülə bilər. Çavuşoğlunun açıqlaması da buna işarədir.

Politoloq Fikrət Sadıqov hesab edir ki, hazırda Cənubi Qafqazda əsas geosiyasi aktorlar Rusiya və Türkiyədir. Ona görə də Ankara və Moskvanın diplomatik müstəvidə anlaşması mümkündür. “Türkiyə Azərbaycana qardaş, müttəfiq dövlətdir. Rusiyanın da Azərbaycanla strateji tərəfdaşlıq münasibətləri var. Biz bundan imtina etmirik. Türkiyə ilə Rusiya arasında razılaşma məsələlərində təcrübə də var. Onlar Suriyada da bir araya gəliblər. Doğrudur, Azərbaycan Suriya deyil. Amma hər iki dövlət konsensusa gələ bilər. Əslində, Türkiyə və Rusiya nəzərə almalıdır ki, Azərbaycan öz torpaqlarını işğaldan azad edir. Bunu hətta indi Moskvada da başa düşürlər. Rusiya prezidenti Vladimir Putinin müsahibəsində bu açıq şəkildə deyilir. O, qeyd etdi ki, Azərbaycan öz ərazilərində əməliyyat aparır. Yəni Azərbaycan Ermənistan ərazisində müharibə aparmır. Ermənistana raket zərbələri endirmir. Halbuki, Ermənistan Azərbaycan ərazisini raketlə vurur. Ona görə də Türkiyə və Rusiya diplomatik müstəvidə bir araya gələrək razılaşma əldə edə bilər. Əgər Türkiyənin xarici işlər naziri də belə bəyanat səsləndirirsə, bu iki dövlətin diplomatik sazişə nail ola bilsələr bu, Azərbaycanın xeyrinə ola bilər. Lakin bu razılaşma Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinə mane olmamalı, torpaqlarını işğaldan azad etməkdən yayındırmamalıdır”.

Qeyd edək ki, Rusiya prezidenti tərəfləri Azərbaycanı və Ermənistanı dərhal atəşkəs elan etməyə çağırıb. Bir tərəfdən sanki Azərbaycanın apardığı hərbi əməliyyatlara qarışmadığını nümayiş etdirən Putin eyni zamanda, atəşkəs tələb edir. Bu isə Kremlin ikibaşlı mövqeyi kimi də dəyərləndirilə bilər. Fikrət Sadıqov bildirdi ki, V.Putinin bu fikirləri Azərbaycana mane olmur. Çünki dünyanın aparıcı dövlətlərindən və Minsk Qrupunun həmsədr dövlətlərindən biri kimi Rusiya sülhə çağırış etməlidir. Çünki Rusiyanın Ermənistanla müttəfiq, Azərbaycanla strateji tərəfdaş olması belə çağırışlar etməklə tərəfləri sakitləşdirməyə çalışır. “Əlbəttə ki, bu çağırışlar Azərbaycan üçün təlimat deyil. Rusiyanın və başqa dövlətlərin belə bəyanatlarla çıxış etməsi bizi öz mövqeyimizdən yayındırmamalıdır. Əgər Putin belə ifadə işlədirsə və Türkiyə ilə razılığa gəlmək arzusundadırsa və müharibənin Azərbaycan ərazisində getdiyini söyləyirsə, bu ölkəmizin xeyrinədir”.
Ancaq münaqişənin həllinə dair beynəlxalaq vasitəçilik mandatı ATƏT-in Minsk Qrupuna və həmsədr ölkələrə məxsusdur.

Belə olan halda, problemin Türkiyə ilə Rusiya arasında həll edilməsi hüququ ATƏT-in Minsk Qrupu tərəfindən tanınacaqmı?

Siyasi ekspertin fikrincə, vasitəçilik mandatının Minsk Qrupunda olması vasitəçiliyin Türkiyə və Rusiya formatına keçməsinə mane olmur: “Minsk Qrupu artıq öz etibarını itirib. Bunu beynəlxalq təşkilatlar da, aparıcı oyunçular da başa düşür. Fransanın özü Minsk Qrupunun həmsədri olaraq tam qərəzli və qeyri-obyektiv mövqe tutub. Azərbaycana Fransanın həmsədrliyi lazım deyil. Bu heç də o demək deyil, Rusiya və Türkiyə kimisə əvəz etmək istəyir. Bu, ədalətin bərpası və sülh naminə atılan addımlardır. Ona görə də düşünmürəm ki, ATƏT-in Minsk Qrupu buna etiraz etsin. Rusiya özü bu qrupun həmsədridir. Türkiyə isə Minsk konfransının üzvüdür. Minsk Konfransının təsis edilməsində Türkiyənin mühüm rolu olub. Ona görə də beynəlxalq vasitəçilər sabitliyin yaranmasında maraqlıdırsa, bütün vasitələrdən istifadə etməlidir”.

Geri qayıt