Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Astara sakini hakimi ədalətsiz hökm verməkdə ittiham edir
Astara sakini hakimi ədalətsiz hökm verməkdə ittiham edir3-03-2020, 13:01 |
“Astara Rayon Məhkəməsinin hakimi Mübariz Məmmədovun qanunsuz qərarlarına məruz qalmışam”. Bu barədə “Hürriyyət”in redaksiyasına gəlib şikayət edən Astara rayonu, Ovala kənd sakini Baxşıyev Bəhruz Qiyas oğlu bildirib. “Qarşı tərəf məbləği şişirdərək faizlə hesablayıb, 19 min manat göstərir” 2012-ci il avqust ayında həbs olunduğunu qeyd edən B. Baxşıyev dedi ki, həbsdən azad olunanda sonra vətəndaş Baxşıyev Xanəli ondan mülki qaydada şikayət edib: “İşə 5 iyun 2018-ci il tarixdə hakim Mübariz Məmmədov baxıb. Hakim birinci instansiyada mənim xeyrimə qərar çıxartdı. Baxşıyev Xanəli və Baxşıyev Mehdi mənə uşaqlarını həbsdən buraxdırmaq üçün pul vermişdilər. O iş alınmadı. O işə görə də məndən şikayət etdilər. Mənə 7800 manat pul vermişdilər. Həmin pul da mən həbs olunmamışdan qabaq atam tərəfindən qaytarıldı. Özü də etiraf edir. Bu, idda aktında da var ki, 7800 manat pulu geri alıb. Amma o 7800 manat yox, məbləği çox göstərir. Həmin qarşı tərəf məbləği şişirdərək faizlə hesablayıb, 19 min manat göstərir”. “Mübariz Məmmədov qanunsuz olaraq mənə 11 min 200 manat pul kəsib” B. Baxşıyevin sözlərinə görə, hakim birinci dəfə bu işi onun xeyrinə ləğv etdikdən sonra qarşı tərəf bundan narazı olaraq Apellyasiya Məhkəməsinə şikayət edib: “Apellyasiya Məhkəməsinin də qərarı var. İşə 6 noyabr 2018-ci il tarixində Şirvan Apellyasiya Məhkəməsinin hakimi Zeynal Zeynalov baxıb, qərarı mənim xeyrimə saxlayıb. Bu qərardan narazı olub, həmin Xanəlinin qardaşı Baxşıyev Mehdi Meyvəli oğlu təkrar eyni məsələyə görə Astara rayon Məhkəməsində iddia qaldırmışdı. Yenə də işə Mübariz Məmmədov baxıb, qanunsuz olaraq mənə 11 min 200 manat pul kəsib”. “Siz nə işin sahibi idiniz ki, sizə kimsə uşağını həbsdən qurtarmaq üçün pul verirdi” dedikdə B. Baxşıyev belə cavab verdi: “Gətirdi mənə pulu verdi ki, sizin adamınız var. Mən də verdim. Bu iş alınmadı, amma ona dəyən 7800 manat ziyanı qaytardım”. “Bu insanlar məndən əl çəkmir” B. Baxşıyev o işlə əlaqədar ona Bakı Ağır Cinayətlər Məhkəməsində 10 il iş verildiyini nəzərə çatdırdı: “Amma Ali Məhkəməyə müraciət etdim, mənim işimi 1 il endirdi. Mən həbs olunandan sonra isə qanunda dəyişiklik oldu. Məhkəmənin 2017-ci ilin 20 oktyabr qərarı ilə cəzam 5 ilə endi. 2017-ci il dekabrın 28-də azadlığa buraxıldım. Ondan sonra, mənə qarşı bu iddialar, təzyiqlər başladı. Qeyri-qanuni olaraq bu insanlar məndən əl çəkmir”. “Hakim atamdan 2 min manat rüşvət istəyib, atam da ona verib” “Siz pulu ödədiyiniz, həbs olunduğunuz halda, indi niyə bu iddialar qaldırılır” sualını isə şikayətçi belə cavablandırdı: “Astara Rayon Məhkəməsinin hakimi Mübariz Məmmədovla birləşiblər, mənə bu oyunu oynayırlar. Onu da deyim ki, hakim atamdan 2 min manat rüşvət istəyib, atam da ona verib. Səs yazısı, yəni fakt da var. Atam gedib, ona deyir ki, 2 min manat məndən pul istədin, mən də sizə verdim. O da deyir ki, mən də qərarı birinci dəfə sənin xeyrinə vermişəm. Hakimin mənimlə ədavəti var. Hətta qarşı tərəf mənə xəbər göndərir ki, səni yaşamağa qoymayacağıq, öldürəcəyik. Mən bununla bağlı keçən il daxili işlər nazirinə müraciət etmişdim. Mənə məktub gəldi ki, onu çağırdıq. Amma bir nəticə də olmadı”. “5 min manatı mənə harada, kimin yanında verib?” Hazırda ona ikinci bir cinayət işi açıldığını qeyd edən B. Baxşıyev vurğuladı ki, guya, Baxşıyev Xanəli Meyvəli oğlu öz oğlunun institutdan diplomunu almağa görə ona 5 min manat pul verib: “İndi də 5 min manatlıq iddia qaldırdı. Yenə işə Hakim Mübariz Məmmədov baxdı. 16 yanvar 2020-ci il tarixində qərar çıxıb. 10 min 200 manatdan başqa, hakim mənə 5 min manat da əlavə pul kəsib. İşin heç bir əsası yoxdur. Mən məsələ qaldırdım, məhkəmədə şikayət də etdim, dedim, bu 5 min manatı mənə harada, kimin yanında verib? Heç bir sübutları yoxdur. Sübut tapa bilmədilər. Yenə Mübariz Məmmədov qarşı tərəfdən rüşvət alaraq, qərarı onların xeyrinə verdi. Əslində qanun mən tərəfədir. Cəzamı çəkib çıxmışam. Sübut da olmaya-olmaya qarşı tərəfin xeyrinə belə qərarlar çıxarılıb”. “Çox xahiş edirəm, hakimin bu ədalətsizliyinə son qoyulsun” Hələ ki, prezidentə, Birinci xanıma müraciət etmədiyini bildirən B. Baxşıyev rəsmi şəkildə ölkə başışına da, Mehriban xanıma da müraciət edəcəyini söylədi: “Elə sizin qəzet vasitəsilə ölkə başçısına da, Birinci xanıma da müraciət edirəm, çox xahiş edirəm ki, mənim təhlükəsizliyim qorunsun, həm də mən çadırda yaşayan ailəyəm, hakimin bu qanunsuz hərəkətlərinə son qoyulsun. Mübariz Məmmədov mənə 10 min 200 manat, 5 min manat da bir pul kəsib, bizdən 2 min manat da rüşvət alıb. Hakim vəziyyətimizi də bilir. Heş nəyə baxmayaraq, bu qərarları çıxartdı. Mənə də dedi ki, kimə istəyirsən de. Mən Ali Məhkəməyə də müraciət etdim. Fevralın 6-da məhkəmə oldu, Ali Məhkəmə də qərarı onların xeyrinə saxladı. Mən belə vəziyyətdə qalmışam. Heç bir yerdə də işləmirəm. Çox xahiş edirəm, hakimin bu ədalətsizliyinə son qoyulsun, bir tədbir görülsün”. “Hökmlə müəyyən olunmuş hallar mülki işə baxan hakim üçün məcburidir” Astara Rayon Məhkəməsinin sədri Zamin İbrahimov isə “Hürriyyət”ə dedi ki, həmişə uduzan tərəf şər-böhtan atır: “İkincisi də burada mülki iddiaya baxılıb. Onun işinə Lənkaran Ağır Cinayətlər Məhkəməsi baxıb. O hökmlə dələduzluqla cəza alıb. Burada da onun mülki iddiası qaldırılıb. Mülki iddiada hökmdə nə yazılıbsa, onlar götürülür, ora yazılır. Bu, riyaziyyatdır. Hökmlə müəyyən olunmuş hallar mülki işə baxan hakim üçün məcburidir. Deyək hökmdə 5, 10, 15 min manat əksini tapıb ki, buna borcludur. Borclu da deyil, dələduzluq edib, etibarından sui-istifadə edərək, camaatın əmlakını alıb. Məhkəmə burada neynəməlidir? Həmin əmlakı qaytarmalıdır da. İkincisi də o işlərlə bağlı apellyasiya instansiyası var. Ondan sonra, Ali Məhkəmə var. Bu instansiya elə son deyil ki, birinci instansiya məhkəməsidir. Hökmdan narazılığı var, Apellyasiya Məhkəməsinə versin. Oradan da narazı qalacaqsa, Ali Məhkəməyə versin”. “Hakim bir dəfə qərar çıxardır” “Bəhruz Baxşıyev dedi ki, “birinci dəfə Mübariz Məmmədov qərarı mənim xeyrimə çıxartdı. Mən səhv idimsə, bəs, mənim xeyrimə niyə qərar çıxardırdı””,- deyə nəzərə çatdırdıqda Z. İbrahimov belə cavab verdi: “O, elə bir şey deyə bilməz. Hakim bir dəfə qərar çıxardır. Hanı? O xeyrinə çıxan qərarı göstər. Onunla bağlı jurnalist araşdırmanızı aparın. Biz də sizə rəsmi şəkildə deyək ki, bu qətnamə çıxıb, tərəfə göndərilib. Əvvəlki iş də Apellyasiya Məhkəməsinə gedib, Ali Məhkəmədə də qərarı qüvvədə qalıb. Bu sonuncu işdir, ziyanına çıxıb. O da apellyasiya şikayəti verib. Apellyasiya şikayəti də Apellyasi Məhkməsinə göndərilib”. “Gedin, onun barəsindəki dələduzluqla bağlı hökmü oxuyun” “Bəhruz Baxşıyev onu da vurğulayır ki, pul faizlə hesablanılıb”,- deyə Z. İbrahimovun diqqətinə çatdırdıqda sədr sual etdi ki, elə bir şeyə inanırsınız: “Necə faizlə hesablanıb? Siz də aydınlaşdırın. Gedin, onun barəsindəki dələduzluqla bağlı hökmü oxuyun, oradakı rəqəmlərə baxın. O qətnamə ilə ki, ondan pul tutulub verilib iddiaçıya, o rəqəmlərə də baxın. Görün orada hansısa faiz məsələsi var? Yalan deyir”. “Rüşvəti də tam yalan, şər-böhtan deyir” B.Baxşıyevin atasından hakim M. Məmmədovun 2 min manat pul alması ilə bağlı iddiasına gəlincə, Z. İbrahimovun münasibəti belə oldu: “Mən məhkəmənin sədriyəm. Rüşvəti də tam yalan, şər-böhtan deyir. İkincisi də müvafiq orqanlar var. Mənə o, elə beşinci gün zəng etmişdi. Mən özüm indi sənədləşdirib, ondan şikayət verəcəm, qoy, araşdırma aparsınlar. İkincisi də qətnamələr çıxıbdır, Apellyasiya və Ali Məhkmənin qərarı da qüvvədə qalıbdır. O adam dələduzluqla məhkum olunub. Özü də necə dələduzluqdur? Guya ki, məhkəmələrdə, başqa orqanlarda kimlərəsə kömək edib. Soruşun, görün o vəkildir, ya hüquq təhsili var, ya da ixtisası nədir? Onun barəsində olan hökmü alın, oxuyun, ondan sonra görün ki, o, kimdir. Onun barəsində sizdə fikir formalaşacaq”. “Onun atasının mənimlə görüşməyi də qətiyyən yalandır” B. Baxşıyevin şikayətçi olduğu hakim Mübariz Məmmədov isə bildirdi ki, o, tamamilə böhtançıdır: “ O, dələduzluğa görə də məhkum olunub. O, 10 il müddətinə məhkum olunub. dələduzluq maddəsinin üçüncü hissəsi ilə məhkum olub. O, türmədən çıxandan sonra da onun zərərçəkmişləri məhkəmədə iddia qaldırıblar. Qanunla belədir və iddia əsasında biz mülki işə baxmışıq. Biz hökmdən kənara çıxa bilmərik ki. Hökmdə yazılır ki, bu, mülki qaydada həll olunsun. Mülki qaydada onlar iddia qaldırıb. Biz də onu kəsməliyik. Bizim başqa yolumuz yoxdur, axı. Onun atasının mənimlə görüşməyi də qətiyyən yalandır. Elə söhbət ola bilməz. Əgər onun elə bir şeyi dərc olunsa, böhtan atdığına görə, mən onun barəsində cinayət işi başladacam”. “Birincidə iddiaçı səhv idi” “Ancaq siz birinci dəfə onun lehinə qətnamə çıxarmısınız” dedikdə isə hakimin cavabı belə oldu: “Bəli, birinci dəfə o iddiaçı iddianı düz qoymamışdı. Mən onun xeyrinə çıxartdım və iddiaçı getdi Apellyasiyaya, Ali Məhkəməyə şikayət etdi, sonra qətnamə qüvvəsində qaldı. İkinci iddiada da 11 min istədi, hətta mən ona 10 min kəsdim. Ondan sonra da o şikayət etdi, Apellyasiya, Ali Məhkəmənin qərarı qüvvədə qaldı. Axırıncı iki iş hökm üzrədir. Yəni biz ondan kənara çıxa bilmirik. Birincidə iddiaçı səhv idi. İddiaçı öz oğlu, bir də qardaşı adından iddia verməliydi, öz adı ilə vermişdi. Ona görə də biz onun iddiasını rədd etdik. Yəni kimsə qardaşına çatası pulu özü tələb edə bilməz ki. Etibarnaməsi, bir şeyi yox. O, dələduzluqla məhkum olunmuş adamdır. O, elə dərk edir ki, “iddia birinci mənim xeyrimə çıxarılıb”. Elə zalda da deyirdi ki, mən belə yazacam, şantaj edəcəm, mənim xeyrimə qərar çıxardın. Bu, belə bir adamdır. O, 178-ci maddə ilə dələduzluğa görə məhkum olunub. Onun hökmünə baxasınız, o, məhkəməyə, başqa yerlərə işə düzəltmək adı ilə bir adama yox, 20 adama “atıb”. Hökm bəlkə də kitab dolub. Belə bir adama necə inanmaq olar ki?!” “Əsassız bir şeyi işıqlandırmaq düzgün deyil” “ O, yalan danışır. Onda nə səs yazısı ola bilər? Bu adam 178.3-lə məkum olunmuş adamdır. Onun şikyəti işıqlansa, mən onun barəsində tədbir görəcəm, cinayət işi başladacam. Mənim şərəf-ləyaqətim yoxdur? Mən məsləhət bilmirəm, onun dediklərini işıqlnadırasınız. Əsassız bir şeyi işıqlanadırmaq düzgün deyil”,- deyə hakim etirazını bildirdi. Hurriyyet.org Geri qayıt |